MİNSK QRUPUNDAN DAHA BİR ERMƏNİPƏRƏST MÖVQE!

Baxış sayı:
11101

Elxan Şahinoğlu: "Gələn il separatçılar "prezident" seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar" Məhəmməd Əsədullazadə: "Azərbaycan yeni formatın yaradılmasına çalışmalıdır və bura Almaniya, Rusiya, Türkiyə daxil olmalıdır" Kamran Sultanlı: "Minsk Qrupunun üzvləri də Qarabağ münaqişəsinin həllində Rusiyanın inhisarını qəbul edib" Rusif Məmmədsoy: "Azərbaycan tərəfi Minsk Qrupuna təzyiq göstərməli və yeri gəldiyində bu qurumdan imtina etməlidir" Kənan Paşayev: "Artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın maraqlarına cavab vermir" Bugünlərdə, daha dəqiq desək, sentyabrın 8-də Dağlıq Qarabağdakı qondarma rejim Azərbaycanın işğal olunmuş ərazilərində "yerli özünüidarəetmə seçkiləri" keçirib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə öz növbəsində, haqlı olaraq bu "seçkiləri" kəskin şəkildə pisləyib. Belə ki, XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva sözügedən "seçkiləri" şərh edərkən "Oyuncaq rejimin Azərbaycanın işğal edilmiş ərazilərində "yerli seçkilər" keçirməsi şoudan başqa bir şey deyil", deyə bəyan edib. Qondarma rejimin "yerli özünüidarəetmə seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır XİN rəsmisi bildirib ki, həmin "seçkinin" nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq: "Hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı "seçki"dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq. Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir. Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim". Leyla Abdullayeva onu da qeyd edib ki, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bunu sanki qondarma rejimin "tanınması" kimi qələmə verməyə çalışıldı: "Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmadığını bəyan etdi. Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu səfirliyimizə bildirmiş və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən "seçkiləri" tanımadığını vurğulayıb. Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapır". Türkiyə və Gürcüstan XİN-ləri Dağlıq Qarabağda keçirilən "yerli özünüidarəetmə seçkiləri" və onların nəticələrini tanımadıqlarını bəyan etdilər Bu arada, qardaş Türkiyənin Xarici İşlər Nazirliyi də qondarma rejimin keçirdiyi "seçkiləri" tanımadığını bəyan edib. Bu barədə Türkiyə XİN-in diplomatik mənbələrindən APA-ya verilən açıqlamada deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda regional sabitliyə və inkişafa ən böyük əngəldir. Həmçinin, o da bildirilir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT müvafiq 4 qətnaməsi çərçivəsində, sülh şərtləri daxilində həll edilməsini arzu edir: "Bu baxımdan, Türkiyə Ermənistanın qanunsuz olaraq zəbt etdiyi işğal altındakı Dağlıq Qarabağ ərazisində keçirilən "yerli seçkiləri" tanımır. Ona görə də Ermənistanın beynəlxalq hüquq normalarına zidd status-kvonu qanuniləşdirmək səylərini keçmişdə olduğu kimi, bu gün də qəbul etmirik və bu qanunazid addımların problemin həllinə heç bir faydası olmadığını bir daha bəyan edirik". Nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı bəyanat yayan Gürcüstan Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilən "yerli özünüidarəetmə seçkiləri" və onların nəticələrini tanımadığını qeyd edib. Belə ki, Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib. O cümlədən, bəyanatda Gürcüstan XİN-in münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb. Məsələnin maraqlı tərəfi ondadır ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin açıqlamasından, onların işğalçı tərəfin maraqlarına uyğun siyasət apardıqları aydın şəkildə hiss olunur. Məsələn, ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən APA-ya daxil olan məlumatda deyilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq Qarabağ nə ATƏT-in Minsk Qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu "seçkilərin" nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır". "İşğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa "idarəetmə" forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır" Qeyd edək ki, sözügedən məsələ ilə bağlı mövqeyini ifadə edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Minsk Qrupu həmsədrləri separatçıların "seçkisində" qəbahət görmürlər: "ATƏT-in Minsk Qrupu həmsədrləri sentyabrın 8-də Dağlıq Qarabağda "yerli seçkilər"in keçirilməsi ilə əlaqədar bəyanat yayıblar. Bəyanatdakı ifadələrdən hansı nəticələri çıxarmaq olar? Birincisi, bəyanatda da vurğulandığı kimi, "həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır". Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, "axı ermənilər özlərini necəsə idarə etməlidirlər və biz buna normal yanaşırıq". İşğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa "idarəetmə" forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır. Axı etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən "seçki" yalnız bir etnosun maraqlarına cavab verir və verəcək. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur". "Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur" Politoloq hesab edir ki, əgər həmsədrlər məsələyə ədalətli yanaşsaydılar, o zaman heç olmazsa bir cümlə yazmalıydılar ki, gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək: "İkincisi, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar: "Ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk Qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu "seçkilərin" nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir". Yaxşı cümlələrdir, ancaq nə faydası. Gələn il separatçılar "prezident" seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq "yerli seçkilər" ifadəsinin "prezident seçkisi" ifadəsiylə əvəzlənməsi olacaq. Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur". "Həmsədrlər separatçılarla sıx əməkdaşlığa malikdirlər və onların istəklərinə uyğun siyasət aparırlar" Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağda qondarma separatçı rejimin keçirdiyi "seçkilər" barədə bəyanatı onu göstərir ki, bu formatla danışıqların aparılması səmərəsizdir: "Minsk Qrupunun həmsədrləri separatçılarla sıx əməkdaşlığa malikdirlər və onların istəklərinə uyğun siyasət aparırlar. Ermənistan rəhbərliyi hazırkı formatdan çox məmnundur və daim qeyd edir ki, biz Minsk Qrupunun formatında danışıqlara maraqlıyıq. Bu, o deməkdir ki, Minsk Qrupu ermənilərin maraqlarına xidmət edir və status-kvonun qorunmasında əsas rol oynayır". Elə buna görə də Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan ümumiyyətlə, yeni formatın yaradılmasına çalışmalıdır: "Bura Almaniya, Rusiya, Türkiyə daxil olmalıdır. Hər iki ölkə Rusiya ilə strateji əlaqələrə malikdir və Moskvanı müəyyən irəlləyişə cəlb edə bilərlər". "Anjey Kaspişik kimi şəxslər artıq neçə ildir bu münaqişədən bəhrələnib maddi imkanlarını artırırlar" Mözvu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı da bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sözügedən bəyanatı açıq və sərt xarakterli deyil: "Burada baş aldatmaq var. Belə ki, Minsk Qrupunun üzvləri qeyd edirlər ki, Dağlıq Qarabağ erməniləri də bir yolla özlərini idarə etməlidirlər. Sonda Qarabağı tanımadıqlarını desələr də bu, ciddi etiraz deyil". ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarına da elə də ciddi etiraz etmədiklərini vurğulayan ekspertin fikrincə, bu məsələyə adekvat mövqe ortaya qoymadılar: "Əslində, bu, Minsk Qrupunun uzun illərki səmərəsizliyindən xəbər verir. Vaşinqtonun isə ümumiyyətlə münaqişənin həllinə maraq göstərməməsi, Fransadan Qarabağa səfər edən deputatlar, bələdiyyə rəhbərləri, Rusiyada XİN strukturlarında erməni lobbisinin aktivliyi, Rusiyanın MDB üzrə kuratorluğuna ermənipərəst Volisnkinin gətirilməsi, əslində ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyini açıq-aşkar ortaya qoyur. Minsk Qrupunun üzvləri də Qarabağ münaqişəsinin həllində Rusiyanın inhisarını qəbul edib. Buna görə zənnimcə, Azərbaycan Minsk Qrupu ilə bağlı artıq ortaya ciddi mövqe qoymalıdır. Çunki Minsk Qrupunun fəaliyyəti demək olar ki, status-kvonu dəyişmir. Bu isə yalnız Ermənistana xeyirdir. Bütün bunlara görə Azərbaycan ayrı-ayrılıqda Minsk Qrupu üzvlərinə və ATƏT-ə öz mövqeyini bildirməli və etirazlarını çatdırmalıdır. Bu formatın dəyişməsinə ehtiyac var. Çünki Anjey Kasprşik kimi şəxslər artıq neçə ildir bu münaqişədən bəhrələnib özlərinin maddi imkanlarını artırırlar". "30 ildir ki, müsbət heç bir şey yoxdursa və hətta yalnız geriləmə varsa, Minsk Qrupunun fəaliyyətinin nə mənası var?" "Hürriyyət"lə mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy da bu qənaətdədir ki, Dağlıq Qarabağdakı qondarma rejimin keçirdiyi "yerli özünüidarəetmə seçkiləri" əslində yalnız ATƏT deyil, heç bir dövlət tanımamalıdır: "İşğalçı ölkə bu seçkiləri bu qədər rahatlıqla keçirə bilməməli idi. Lakin görünən odur ki, Minsk Qrupu həmsədrləri nə qədər "Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımırıq" desələr də, əsas dəstəkçiləri məhz onlardır. Ümumiyyətlə, hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulub yaradılan Minsk Qrupunun fəaliyyəti "0" səviyyəsindədir. Hətta birbaşa bizim əleyhimizə işləyən faktordur. Artıq uzun illərdir ki, Anjey Kasprşik milyonlarla pul qazanıb. Bu səbəbdən də məsələnin həlli onun üçün maraqlı deyil". Rusif Məmmədsoy hesab edir ki, Azərbaycan tərəfi Minsk Qrupuna təzyiq göstərməli və yeri gəldiyində bu qurumdan imtina etməlidir: "Əlbəttə, parlamentdə belə bir fikir səsləndiyi zaman deyilirdi ki, bu, bizim üçün daha pisdir. Daha böyük təzyiqlərlə üzləşə bilərik və s. Amma 30 ildir ki, müsbət heç bir şey yoxdursa və hətta yalnız geriləmə varsa, Minsk Qrupunun fəaliyyətinin nə mənası var?.." "Qondarma seçkiyə Minsk Qrupunun münasibəti çox yumşaq oldu, yəni bəyanat verməsəydilər belə, eyni əhəmiyyəti daşıyacaqdı" "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Kənan Paşayev isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, işğal olunmuş ərazilərdə qondarma "yerli özünü idarə seçkilərinin" keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın bizim tələblərimizin əleyhinə olduğunu göstərir: "Gedişat sülh yolu ilə münaqişənin həllini kölgədə qoyur və müharibə ehtimalı güclənir. Ümumiyyətlə, götürdükdə artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın maraqlarına cavab vermir. Qondarma seçkiyə ATƏT-in Minsk Qrupunun münasibəti çox yumşaq oldu. Yəni bəyanat verməsəydilər belə, eyni əhəmiyyəti daşıyacaqdı". Onun sözlərinə görə, Minsk Qrupunun fəaliyyəti son illər hədsiz aşağı səviyyəyə enib: "Bu fəaliyyət münaqişənin həlli üçün yetərsizdir. Dağlıq Qarabağ probleminin Azərbaycan üçün yeganə həll yolu müharibədir. Bunun üçün də artıq danışıqların formatı dəyişməlidir. Yəni, işğalçı Ermənistan dövləti ilə yox, beynəlxalq ictimaiyyət ilə danışıqlar aparılmalı və onlar müharibəyə razı salınmalıdır". Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org