Minsk qrupu, yoxsa çözümsüzlük formatı

Sülh danışıqları hakimiyyətin fəaliyyətini girova çevirib
 
Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupuna böyük anlamda inamsızlıq və etimadsızlıq mühiti hökmrandır. Bu da səbəbsiz deyil. Artıq yaradılmasının 24-cü ilinə qədəm basan Minsk qrupu bu illər ərzində nəinki sülhə nail ola bilməyib, hətta elementar siyasi, humanitar yöndə heç bir irəliləyişə belə nail ola bilməyib. Və bu da cəmiyyətdə təbii olaraq bir çox suallar yaradır.
Maraqlıdır ki, fəaliyəti illərində sülhə gətirəcək heç bir nəticə əldə edə bilməyən bu qurum özünü belə dəyişdirmir, yenidən təşkilatlanmır və daha çox qısır qalmağa üstünlük verir. Ona görə qısır ki, bu illər ərzində Minsk qrupu doğub, törəyə biləcək ideyalar əvəzinə çözümsüzlük gətirən bağlayacı, qapadıcı, dalana dirəyəcək planlarla çıxış etməklə Qarabağ prosesini gedər-gəlməz kor bir quyuya məhkum ediblər.
ATƏT-in Minsk qrupunun indiyədək təqdim etdiyi çözüm planları əslində prosesdə çözümsüzlük vəziyyəti yaratmaqdan başqa heç bir işə yaramayıb. ATƏT-in Budapeşt və Lissabon sammitindən üzü bəri təqdim etdiyi çözüm planları, qəbul olunan qərarlar ədalətli olması bir yana, heç beynəlxalq hüquq prinsiplərinə də uyğun olmayıb. Çünki beynəlxalq hüququn gərəyincə ortada bir işğal faktı olduğundan ilk görüləcək işğal faktının aradan qaldırılması olmalıydı. Amma bu olmadı . Çünki hüquq müsəlman Azərbaycan dövlətinin tərəfindəydi. Ona görə də hüququ qətl edərək əvəzinə güc amilini və dünya güclərinin geosiyasi maraqlarını önə çəkdilər. Əslində problemi BMT səviyyəsindən çıxarıb ATƏM(1992-ci ildə ATƏT ATƏM adı altında fəaliyyət göstərirdi) səviyyəsinə endirilməsi də müharibənin dayandırılması və bununla da Qarabağ probleminin konservləşdirilməsinə xidmət edirdi. O gün, bu gündür ki, hələ də bu problemi öz mahiyyətinə, öz məhvərinə qaytarmaq mümkün olmayıb. Və cəbhə xəttində ara-sıra lokal atışmaları nəzərə almasaq bu problem dondurulmuş halda qalmaqda davam edir.
Kimsə bunu dondurulmuş savaş ocağı sanmaya bilər. Və hətta donu açılmış bir savaş da hesab edə bilər. Amma Azərbaycan və Ermənistan tərəflərinin davranışlarına və Minsk qrupunun heç bir müsbət enerji törətməyən fəaliyyətinə baxarsaq, bu savaş ocağına dondurulmuş münaqişə adından savayı nəsə vermək mümkün olmur. Çünki tərəflər arasında səngərdən səngərə atəş açmaqdan savayı real bir savaş yoxdur və kimsə böyük müharibəyə cürət etmir. Ona görə ki, Minsk qrupundakı dünya güclərinin regiondakı geosiyasi maraqlarının zəhmindən qorxurlar. Minsk qrupundakı dünya gücləri də çözüm istehsal etmirlər, buna yenə güclərin həm regiondakı, həm də qlobal səviyyədəki uzlaşmayan maraqları imkan vermir. Belə olduğu təqdirdə bu savaş ocağına necə donu açılmış münaqişə adı vermək olar!?
Məsələyə məhz bu kontekstdə yanaşsaq Minsk qrupu üçlüyünü çözüm deyil, çözümsüzlük formatı adlandırmaq olar. Bu, artıq bəlli olan bir gerçəkdir. Azərbaycan ictimaiyyəti bu gerçəyi qəbul etmişdir. Ölkə hakimiyyəti də bu gerçəyi nə qədər tez qəbul etsə, yenə də zərərin yarısından qayıtmış olarıq. Ən azından həm özümüzü, həm də ictimaiyyəti Minsk qrupunun yalanları ilə aldatmış olmarıq. Və daha optimal formatlar, ideyalar üzərində baş sındırmağa başlayarıq. Yoxsa ki, Minsk qrupunun inhisara aldığı sülh danışıqları Azərbaycan hakimiyyətinin bu yöndəki fəaliyyətlərini də girovuna çevirib.
 
AŞPA-dakı siyasi komediya diqqətləri Minsk qrupunu hədəfə gətirdi
 
AŞPA-da Qarabağ savaşının doğurduğu siyasi, humanitar və ekoloji məticələrlə bağlı 2 qətnamə layihəsinin müzakirəyə çıxarılması ərəfəsində Minsk qrupunun Ermənistanın maraqlarına oynayan davranışı Azərbaycanda birmənalı olaraq neqativ qarşılandı. Minsk qrupunun parlamentarilərə bu layihələrin qəbul olunmaması ilə əlaqədar müraciət etməsi bu qurumu Azərbaycan cəmiyyətinin hədəfinə gətirdi. Artıq bu gün hər kəs bu qurumun gərəksizliyindən danışır və bu formatda Qarabağ probleminin çözümünü istisna edir.
Bu, təkcə ictimaiyyətin rəyi deyil, artıq bu gerçəyi hakimiyyət nümayəndələri də dilə gətirirlər.
Məsələn Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov  hesab edir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirə olunan qətnamələrə ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi düzgün deyil. PA rəsmisinin fikrincə, Minsk qrupunun həmsədrləri vasitəçilik missiyasını yerinə yetirə bilmirlər.
Son vaxtlar xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri özlərinin monopoliyasına almaq istədiklərini vurğulayan N.Məmmədov fikirlərini belə davam etdirib: “Münaqişənin həlli ilə bağlı heç bir addım atmayan Minsk qrupu başqa qurumlara, təşkilatlara mane olmamalıdır. Halbuki onların əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməkdir. Başqa işlərlə məşğul olmaq lazım deyil”.
PA rəsmisinin bundan sonrakı fikirləri daha sərt ritorika ilə müşahidə olunur və hiss edilir ki, artıq hakimiyyət də Minsk qrupundan tamamilə əlini üzüb və yeni çıxış yolları haqda düşünməkdədir: “Münaqişənin həlli ilə bağlı bu günədək müxtəlif prinsiplər - Praqa prinsipi, indi Madrid prinsipi, ondan əvvəl digər yanaşmalar olub. Ancaq təəssüflər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərin passivliyi səbəbindən münaqişə həll olunmayıb. Burada əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Minsk qrupunun həmsədrləri vasitəçilik rolunu nəinki yüksək, heç normal səviyyədə də yerinə yetirə bilmirlər. Atdıqları müəyyən addımlar isə müxtəlif yerlərdə müxtəlif fikirlər doğurur.” Bu isə anlama gəlir ki, nornal fəaliyyət göstərə bilməyən bir qurum yararsızdır və heç cür yararlı ideya və planlar ortaya qoya bilməz. Niyəsini isə biz yuxarıdakı sətirlərdə yazdıq.
Bu hələ son deyil. Siz bir də Azərbaycan parlamenti səviyyəsində spikerin birinci müavini Ziyafət Əsgərovun fikirlərinə də diqqət edin.
Z.Əsgərovun sözlərinə görə, birinci qətnamənin qəbul olunmaması bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu başda olmaqla, Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Bu açıqlamada maraqlı məqam orasıdır ki, spiker müavini Ermənistan və havadarlarını Minsk qrupu həmsədr dövlətləri ilə eyniləşdirir və hamısını erməni dövlətinin maraqları kontekstində birləşdirir. Əslində bu fikirlər Minsk qrupu və onu tənqid edən hakimiyyət nümayəndəsi adına çox ciddi ittihamdır. Amma etiraf olunmalıdır ki, gerçəyi özündə əks etdirən ittihamdır və Minsk qrupu bunu çoxdan haqq edib.
Z.Əsgərov sonrakı fikirlərində bir az da irəli gedərək Minsk qrupunun fəaliyətinə qiymət verib: "Biz hesab edirik ki, Minsk Qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib. Məlum qətnamənin qəbul olunmaması da Minsk Qrupunun bir müddət əvvəl apardığı təbliğatın nəticəsi oldu."
Bu arada hakimiyyətin Minsk qrupunun son davranışlarına adekvat addımlar atacağı da gözlənilir. Bunu ATƏT PA - dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev də təsdiq edir: “ATƏT PA - da Minsk qrupu həmsədrlərini çox ciddi şəkildə tənqid etməyi düşünürük və cənab prezidentin açıq şəkildə dediyi kimi, Minsk konfransının çağırılması məsələsini qaldıracağıq.”
 
Minsk konfransı haqda bir neçə kəlmə
 
ATƏT PA-nın sessiyasında ATƏT- in yeni sədri Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin iştirakı gözlənilir və Azərbaycan nümayəndələri öz çıxışlarında bəzi gerçəkləri onun diqqətinə çatdırmaq fikrindədirlər. Onu da xatırlatmaq istərdik ki, Almaniya o az ölkələrdəndir ki, Qarabağ probleminə öz prinsipial və beynəlxalq hüquqa uyğun davranışları ilə fərqlənir. Bu yöndə Almaniya Bundestaqı Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiq edən qətnamə də qəbul edib. Məhz bu baxımdan hakimiyyətin ATƏT çərçivəsində aktivləşməsini anlamaq mümkündür.
Ayaz Quliyevin bu yöndə açıqlaması da dediklərimizi müəyyən mənada təsdiq edir: “Artıq vaxtıdır ki, Avropada söz sahibi olan Almaniya nəhayət ki, Minsk qrupunun həm özünə, həm də həmsədrlərin fəaliyyətinə açıq və qəti fikrini bildirsin. Əgər Minsk qrupu həqiqətən də ancaq status - kvonu saxlamaqla və ermənilərin maraqlarını açıq çəkildə müdafiə etməklə, lobbiçiliklə məşğuldursa, o zaman bu qurum heç bir halda bu münaqişənin həllində vasitəçi ola bilməz. Bu məsələdə bizim fikrimiz sərt olacaq və Almaniyadan qəti mövqe bildirilməsi istəniləcək”. 
Göründüyü kimi Minsk qrupunun son davranışları sözün əsil mənasında hakimiyyəti çilədən çıxarıb və bu qrupun fəaliyyətinə dinamika gətirmək üçün Minsk konfransının çağırılmasına cəhd edəcək.
Xatırladaq ki, Minsk konfransının çağırılmasına artıq bir dəfə də cəhd edilib.
ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Daha sonra may ayında Minsk Konfransının reallaşması üçün yaradılan eyni adlı qrup münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərməli, münaqişə həll ediləndən sonra isə məsələnin həllində neytral, regionda maraqlı dövlət olmadığını nəzərə alaraq Belarusun paytaxtı Minsk şəhərində konfransa üzv olan dövlətlər toplanmalı və yekun sənədi qəbul etməli idilər. Lakin həmin vaxt Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı nəinki münaqişənin hərbi tərəfini, eyni zamanda onun mahiyyətini də dəyişərək, yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün ATƏM-in Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822, 853 və 874 saylı qətnamələrinin yerinə yetirilməsinə dair “Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş cədvəli” yenidən münaqişə tərəflərinin müzakirəsinə verildi. ATƏM-in Minsk Qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yeritmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi. Bu dövrdə ATƏM-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə mexanizminin olmaması idi. Minsk Qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri daşıyırdı. ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verirdi.
Artıq bu tarixdən 24 illik bir zaman keçib və Azərbaycan yenidən Minsk konfransının çağrılmasına çalışır. Əslində bu fikir heç də perspektivsiz addım kimi dəyərləndirilməməlidir. Çünki Minsk konfransının çağrılması bir çox iştirakçı ölkələrin fəaliyyətini və məsuliyyətini artıracaq ki, bu da gələcəkdə Minsk qrupunun fəaliyyətinə dinamika gətirə bilər.
Başqa tərəfdən, Minsk konfransının çağrılması həm də Minsk qrupunun 24 illik fəaliyyətinə qiymət vermək imkanı daşıyacaq. Və bu kontekstdə Minsk qrupu həmsədr dövlətlərinin fəaliyyətini, yanaşma tərzində olan qüsurlarını və prosesi inhisara alması kimi anormal halları tənqid etmək və bunun kökündən dəyişdirilməsini tələb etmək mümkün olacaq. Və Qarabağ probleminin həllinə yardımçı ola biləcək bütün beynəlxalq qurumlarla Minsk qrupunun əməkdaşlıq etməsi ciddi mənada tövsiyə olunacaq. Çünki bu problem Minsk qrupu da daxil heç bir təşkilatın inhisarında deyil. Ona görə də bu problemin həllinə yardım edəcək bütün köməkçi vasitələrə proses həmişə açıq olmalıdır.
Ayrıca Almaniya Minsk konfransının üzvü olduğu üçün bu ölkənin həmsədliyə gətirilməsi məsələsi də qaldırıla bilər. Yaxud formatın üçlükdən beşliyə çevrilməsini də təşəbbüs olaraq qaldırmaq olar. Və bu beşliyə daha iki ölkənin-Almaniya və Türkiyənin namizədliyi irəli sürülə bilər. Doğrudur, bu, o qədər də asan məsələ deyil. Çünki bunun üçün ən azından münaqişə tərəfi olan Ermənistanın və həmsədr dövlətlərin razılığı olmalıdır. Ancaq bu maneələrə rəğmən bu təşəbbüsə cəhd etmək lazımdır ki, Azərbaycanın indiki formatın üzvlərinə etimad göstərmədiyi ortaya qoyulsun. Çünki Minsk qrupu üçlüyü bu etimad kapitalını çoxdan tükətmiş durumdadırlar. Bu isə təbii ki, etimadı tükətmiş bir üçlüyün bundan sonrakı fəaliyət və nəticələrinə kölgə salmış olacaq. Beləliklə də konfrans ortalığa bir çox suallar çıxardacaq ki, buna da toplantı boyunca cavab axtarmağa ciddi mənada çalışmaq lazım gələcək. Çünki başqa cür 24 illik fəaliyətin nəticəsinin sıfır olması anlaşılan olmaz və bunun üçün Minsk qrupu həmsədrlərindən konkret və inandırıcı cavablar tələb olunmalıdır. Ona görə də Minsk konfrasına bütün bu deyilənlər kontekstində baxsaq onun nə qədər bir əhəmiyyətli siyasi hadisə olacağı anlaşılar.
Ayrıca bu konfrans həm də gələcək fəaliyyətin yol xəritəsinin təxmini konturlarını da cıza bilər. Qalır bircə bu konfransın çağırılmasına nail olmaq.
Natiq Miri