On minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev böyük problemin həlli üçün TAPŞIRIQ VERDİ

Baxış sayı:
24543

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən daha bir mühüm problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova göstəriş verib.

Prezident uzun illərdir tıxac problemi ilə üzləşən Bakı-Sumqayıt magistral yolundan danışıb: “Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq".

Bəs ölkənin ən işlək yollarından biri olan, gündə on minlərlə vətəndaşın istifadə etdiyi Bakı-Sumqayıt magistralındakı problemi aradan qaldırmaq üçün hansı tədbirləri görmək olar?

Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- Sözügedən ərazidə problem haradan qaynaqlanır?

- Bakı-Sumqayıt yolunun Şamaxinka dairəsindən Xırdalan dairəsinə qədər olan hissəsi problemli nöqtədir. Əhali uzun illərdir ki, bu yoldan istifadə etməkdə əziyyət çəkir. Həmin yoldan istifadə edən sürücü və sərnişinlər vaxtlarının çox hissəsini yolda itirirlər, tıxacda qalırlar. Bunun da başlıca səbəbi odur ki, keçmiş Nəqliyyat Nazirliyi ərazidə kortəbii iş aparıb. Xronometraj, müşahidə aparmadan, ofisdə əyləşməklə qərar qəbul ediblər. Bunun ağırlığını isə indi əhali çəkir. Cənab prezidentə çox doğru məlumat verilib. O da öz fikrini ifadə etdi və problemi olduğu kimi dedi. Məlum oldu ki, aidiyyəti qurumun rəhbərinin də bundan xəbəri var. Məndə olan məlumata görə, əslində, 1 il bundan əvvəl həmin ərazi ilə bağlı layihə olub. Sadəcə bir problem çıxıb ortalığa: bu yolun genişləndirilməsi və vəziyyətin yaxşılaşdırılması məqsədilə aparılan işlər üçün 6 ay vaxt tələb olunur. Bu zaman ərzində yolun bağlı qalması Bakının şimal girişinin iflic vəziyyətə düşməsi deməkdir. Lakin mənə elə gəlir, cənab prezidentin tapşırığından sonra normal bir layihə yaradıb işləri mərhələli şəkildə, əhalini minimum şəkildə narahat etmədən həyata keçirmək mümkündür.

- Yolun genişləndirilməsi ilə yanaşı, hərəkəti təmin etmək üçün hansı işlər görülməlidir?

- İlk növbədə, layihəyə yay aylarında başlamaq lazımdır. Çünki 3 ay ərzində həmin yoldan istifadə edənlərin sayı nisbətən azalır. Nəqliyyat sıxlığı müşahidə olunmur. İlkin mərhələni yay aylarına salıb, əsas ağır işlər görmək və növbəti mərhələdə yüngül işləri yolun müəyyən hissəsində hərəkəti bərpa etməklə həyata keçirmək mümkün olar. Əsas problem orada Xırdalan dairəsi, eyni zamanda, Şamaxinka adlanan ərazinin sökülüb dağıdılmasıdır. Çünki səhər saatlarında Bakı istiqamətində, axşam saatlarında isə Sumqayıt istiqamətində tıxac yaranır. Sumqayıt, Abşeron, Sulutəpə, Masazır ərazilərindən şəhərə gün ərzində minlərlə insan gəlir. Onların da əksəriyyəti şəxsi avtomobildən istifadə edir. Bu da sıxlığa səbəb olur.

- Magistral yolların yükünü azaltmaq üçün alternativ olaraq hansı layihələr üzərində düşünmək olar?

- Əlavə olaraq, elektrik qatarları, metro stansiyaları yaratmaq olar. Prezidentin də tapşırığında bu, öz əksini tapıb. Yəni məqsəd ümumi sıxlığı aradan qaldırmaqdır. Ümid edirəm ki, təkcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yox, eyni zamanda, digər qurumlar da birgə layihə işləyib bu vəziyyətdın uzunmüddətli çıxış yolunu tapa bilərlər. Mən çox istərdim ki, hazırlanacaq lahiyə bir neçə il üçün yox, gələcək üçün nəzərdə tutulsun. 10, 20 və ya 50 il sonra yaranacaq vəziyyəti indidən nəzərə almaq lazımdır. Sanballı layihə hazırlamaq lazımdır ki, davamlı olsun. Keçmiş Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt-Quba yolunu 30 il üçün nəzərdə tutmuşdu. Yol 3 ildən sonra dağılmağa başladı. Buna bənzər bir layihəni görmək istəmirik. Keyfiyyətli və geniş şəbəkə yaratmaq üçün gözəl yol infrastrukturu qurmaq olar.

- Yeni yolun hansı tərzdə olmasını tövsiyə edə bilərsiniz?

- Mən belə təsəvvür edirəm ki, Xırdalan dairəsindən Şamaxinka adlanan ərazidə yerləşən dairəyə qədər Koroğlu metrosunun ətrafında gördüyünüz asma körpülər tipində şəbəkə yaratmaq mümkündür. Ən optimal variant budur. Amma təbii ki, digər variantları da nəzərdən keçirmək lazımdır.

- Həmin ərazidə söküntü işləri aparmaq labüddür?

- Əlbəttə. Orada vaxtilə Yol hərəkəti haqqında Qanunu, Tikinti-Şəhərsalma Məcəlləsini tapdayıb keçən məsuliyyətsiz məmurların ucbatından yolun, az qala, hərəkət hissəsində də ticarət obyektləri, yaşayış yerləri tikilib. Böyük vəsait lazımdır ki, indi onlara kompensasiya ayrılsın və köçürülsün. Hansısa məsuliyyətsiz məmur milyonlarla vəsait əldə etmək üçün torpaqları qarış-qarış satıb, kimsə də gəlib orada obyekt tikib. Onun da ağrısını indi dövlət çəkəcək. Mən çox istərdim ki, həmin məmurların yaxasından yapışıb törətdikləri cinayət əməlinə görə cavab tələb edilsin. Çünki yol təsərrüfatının, yol çiyinlərinin satılması cinayət əməlidir. Bu gün bu proses davam etməkdədir. Yolların yaxınlığında yenə də obyektlər, binalar tikilir və buna göz yumanlar var. Əlbəttə, yol genişləndiriləcəksə, söküntü qaçılmazdır. Burada ən ciddi problem Xırdalan dairəsi yaxınlığındadır. Orada “Eurohome” adlı ticarət şəbəkəsi var. Yəqin ki, onun müəyyən hissəsini “tərpətməli” olacaqlar. Şamaxinka dairəsi yaxınlığında da “Dobromed” adlı tibbi müəssisə var. Bunlar hamısı sökülüb ləğv edilməlidir. Əks təqdirdə, görülən işlər bığdan götürüb saqqala qoymaq olacaq.

- Yarana biləcək problemləri minimuma endirmək üçün nə kimi tədbirlər görmək olar?

- Əvvəlcə alternativ yollar haqqında düşünmək lazımdır. Təəssüflər olsun ki, Biləcəri qəsəbəsinin içərisindən keçən alternativ yollardan birinin ətrafları Binəqədi rayonunun sabiq icra başçısı tərəfindən satılıb. Birzolaqlı yolun sağı-solu yaşayış məntəqələri ilə bağlanıb. O da çox darısqal yoldur. 6 zolaqlı Bakı-Sumqayıt yolunun 1 zolaqdan ibarət yol necə çəkə bilər? Əlbəttə, çəkə bilməyəcək. Ona görə digər yollara üstünlük vermək lazımdır. Əhali arasında maarifləndirmə işləri görmək lazımdır ki, heç olmasa, təmir müddətində elektrik qatarlarından istifadə etsinlər. Elektrik qatarlarının və stansiyaların sayını artırmaq lazımdır. Sarayda, Sulutəpədə, Masazırda yaşayanlar birbaşa gedib Sumqayıtda düşə bilməz axı. Bunları nəzərə almaq lazımdır. Burada təkcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yox, Azərbaycan Dövlət Dəmir Yolları QSC, Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu layihədə yaxından iştirak etməlidir. Təbii ki, Dövlət Yol Polisinin də burada münasibəti əhəmiyyətlidir.