Minlərlə işçi ixtisara düşəcək - Bank sektorundakı xaosdan necə sağ çıxmaq olar?

Baxış sayı:
652

2019-cu ildə dünyada 73 400 bank işçisi ixtisara düşüb. İxtisarların 86%-i Avropa banklarını əhatə edib. 

Son illər Azərbaycanda da bir neçə bank bağlanıb. Bəs karyerasını bank sahəsində planşlaşdıranlar gələcəkdə işsiz qalmamaq üçün nə etməlidirlər?

Bununla bağlı “Yeni Sabah”a danışan iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bu qədər çox ixtisarın səbəbi əsasən yüksək inkişaf etmiş informasiya texnologiyalarıdır: 

“Maliyyə sektoru da öz növbəsində əməyə tələbat yaradan sahələrdən biridir və burda ixtisarların olması müəyyən mənada işsizliyin həddinə təsir göstərir. Ümumiyyətlə, orta və uzun müddətli dövrdə maliyyə sektorunda işçilərin daha çox ixtisar olunacağı gözlənilir. Burda təbii ki,sektorun böyümə tempi və s. kimi məsələlər əməyə olan tələbata təsir göstərir. Amma eyni zamanda əsas məsələ məhz bu texnologiyaların tətbiqi və digər informasiya texnologiyalarının imkanlarından istifadə etməklə mobil bankçılığın inkişaf etdirilməsi və son nəticədə burda fiziki əməyə ehtiyacın azalması əsas götürülür. Çünki dünyanın bir çox ölkələrində süni intellektin müəyyən elementlərini tətbiq etməyə başlayırlar. Bu da öz növbəsində əməyə olan tələbatı azaldan faktorlardan biridir. Bunu təkcə bank sektoruna aid etmək düzgün deyil. Güman edilir ki, təqribən 50 il sonra insanların işlədikləri sahələrin 60-70%-i ixtisara düşəcək. Təbi ki, 2019-ci ildə atılan addımların bir qismi əgər bank sektorunda müəyyən qədər geriləmə ilə izah olunursa, buna səbəb də informasiya texnologiyalarını sürətlə inkişaf etməsidir”. 

Ekspert həmçinin maliyyə sahəsində uğurlu karyera qurmaq istəyən gənclərə müəyyən tövsiyyələr verib:

“Azərbaycanda da 2015-ci ildən sonra ixtisarlar olur və nəticədə nə qədər insan işindən çıxarıldı. Amma indiki halda pozitiv dinamika müşahidə olunur. Amma uzun müddətli dövrdə gəlirli karyera qurmaq istəyən şəxslər sektorda informasiya texnologiyalarının yaratdığı effektlər nəzərə almalıdır. Onlar öz bilik və bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmalıdırlar. Çünki tələbə cavab verməyən işçilər ixtisara düşəcək. Lakin mühasibatlıqla bağlı məsələ fərqlidir. Bilirsiz ki, Azərbaycan iqtisadiyyatının 80-90%-i gizli iqtisadiyyatın predmetidir. Kölgə iqtisadiyyatın qarşısını müəyyən qədər almağa çalışırlar. Bu da mühasibatlıq ixtisasına tələbi yüksəldir. 2018-ci ildə mühasibatlıqla bağlı qərarlar qüvvəyə minib. Burda müəyyən standartlar var. Karyeralarında uğur qazanmaq istəyənlər, bu standarlara cavab verməlidirlər”.