“Minlərlə Azərbaycan əsgəri artilleriya atəşləri altında Şuşaya doğru gedirdi...” - ZORİ BALAYANIN OĞLU VƏ NƏVƏSİ DƏ AZƏRBAYCANA QARŞI DÖYÜŞÜB

Baxış sayı:
595

Bədnam erməni yazıçısı, Qarabağda erməni separatizminin banilərindən biri və əli dinc azərbaycanlıların qanına batmış Zori Balayanın oğlu və nəvəsi də ikinci Qarabağ müharibəsində könüllü dəstələrin tərkibində Azərbaycana qarşı döyüşüb. Virtualaz.org xəbər verir ki, Yerevanda tanınmış cərrah olan Hayk Balayan və onun oğlu Zori (alçaq babasının şərəfinə onu belə adlandırıblar) Ağdərə istiqamətində ermənilərin kəşfiyyat-diversiya dəstəsinin tərkibində döyüşlərdə iştirak edib. Belə ki, Zori Balayanın nəvəsi Qarabağda işğalçı qüvvələrin sırasında xidmət edirdi, müharibə başlayanda onun atası oğlunu axtarmağa gedib və orada qalaraq Ermənistanın təslim olmasına qədər döyüşlərdə iştirak edib. “Moskovskiy komsomolets” qəzetinin müxbiri Yerevanda Hayk Balayanla görüşüb və ondan müharibədə gördükləri barədə müsahibə alıb.

Hayk Balayan deyir: “1991-1993-cü illərdə mənim 15-16 yaşım olarkən atamla dəfələrlə ön xətdə olmuşam. Ermənistan milli qəhrəmanı Monte Melkonyanı (ASALA terror təşkilatının rəhbəri. 1993-cü ildə Ağdamın Mərzili kəndində məhv edilib,-red.) görmüşəm. Ancaq bu dəfə tamam başqa müharibə idi. Bu, nə 90-cı illərin əvvəlində, nə də 2016-cı ildəkinə bənzəyirdi. Yəqin ki, öz intensivliyi və rəqibin üstünlüyü ilə fərqlənirdi. Onların artilleriyası saatlarla bizim mövqeləri vura bilirdi. Şimalda elə idi ki, bizim post dayanmadan səkkiz-doqquz saat artilleriya atəşinə tutulurdu. Silahlar müxtəlif çaplı idi. 60 millimetrlik minaatan vurarkən tanrıya şükür edirdik. “Qrad”lar yaxınlığı vururdu. Hələ təyyarə və pilotsuz uçan aparatları demirəm. Bəzi hallarda düşmən postumuza hücum edirdi, yaxın döyüş yaşanırdı... Bəzən elə olurdu ki, eyni postu bütün növ artilleriyadan 9 saat ard-arda atəşə tuturdular”.

Hayk Balayan müharibə zamanı mülki obyektlərin hərbi hissə kimi istifadə olunduğunu da etiraf edib: “Qırmızı Bazarda azərbaycanlılar məktəbi xeyli bombalayırdı. Əlbəttə, bizim orada hərbi hissəmiz var idi, o vaxt bütün məktəbləri hərbi hissəyə çevirmişdik”.

Bədnam erməni yazıçısının oğlu danışır ki, Azərbaycan ordusu pilotsuz aparatlardan müxtəlif məqsədlər üçün istifadə edirdi. Onlar üç-dörd növ olurdu. Biriləri artilleriya atəşlərini yönləndirirdi, PUA-lar gəlirdi və 4 dəqiqə sonra artileriya ermənilərin mövqelərinə dəqiq zərbələr endirirdi.

“Cəbrayılda belə oldu, artilleriya pilotsuz aparatın uçuşundan düz 4 dəqiqə sonra bizi vurdu. Onda mən elə bildim ölmüşəm. Heç nə hiss etmirdim. Heç nə görmürdüm. Hər yer qara tüstü idi, üstümə daşlar, hansısa qəlpələr tökülürdü. “Zorik, Zorik” deyə qışqırdım, adını bildiyim başqa əsgərləri çağırdım. Onlar səs verdilər ki, sağdılar. Sonra tüstü çəkildi. Bizim yanımızda üç tankımız dayanmışdı. Gördük ki, onlardan birinə mərmi düşüb. Bu bizim lap yaxınımızda idi. Yəni həmin pilotsuz aparat tankın koordinatlarını verib, biz isə onun yanında idik. Elə pilotsuz aparatlar da vardı ki, ancaq kəşfiyyat informasiyaları toplayırdı. Və kamikadze-dronlar vardı, özləri hədəfin üstünə düşüb partlayırdı. Müharibənin birinci günlərində pilotsuz aparatlar xüsusilə intensiv tətbiq edilirdi”,-Zori Balayanın oğlu danışır.

Hayk Balayan Azərbaycan ordusunun Şuşaya hücumundan da heyrətə düşdüyünü gizlətmir. “Biz Qırmızı Bazarın yaxınlığındakı Saruşen kəndində idik. Bizim qarşımızda “cəhənnəm dərəsi” deyilən yer vardı. Orada 7-8 kənd var. Üzbəüzdə isə uzun dağ silsiləsi dayanıb və oradan Şuşaya getmək olurdu. Azərbaycanlıların vəzifəsi Şuşanı almaq idi. Onlar bizə elə də fikir vermirdilər, hərçənd bizim dayandığımız yerə də hərdən atırdılar. Biz orada birinci postu qoruyurduq. Birdən minomyot atəşi başladı. Mina qonşu binanın damına düşdü. Qaçıb yaxınlıqdakı səngərdə gizləndik. Üçüncü, dördüncü mərmi və partlayış dalğası bizi vurdu. Yenə də tüstü, heç nə görünmürdü. Oğlum və yoldaşları irəlidə idi, dalğa onları kənara atdı, mən qışqırdım. Bir neçə dəqiqəliyə huşumu itirdim. Ayılanda oğlumun nəbzini yoxladım. Şükür ki, zədəsi yüngül idi. Orta dərəcəli beyin silkələnməsi, çiyin əzələsinin zədələnməsi”,- o nəql edir.

Zori Balayanın oğlu deyir ki, hərdən Azərbaycan ordusu onların postuna da hücum edirdi, yaxın döyüş başlayırdı...Elə hal da olurdu ki, onlar 9 saat ərzində bir posta bütün növ artilleriyadan atəş açırdılar.

“Mən sizə düzünü deyəcəm. Mən özüm Hadrut yüksəkliklərində idim və özüm hamısını gördüm. Və mənə aydın deyil ki, azərbaycanlılar o yüksəklikləri necə aldı. Lakin mən hərbi mütəxəssis deyiləm. Yəqin həmin azərbaycanlılar bu cür dağ əməliyyatlarına çox yaxşı hazırlaşıblar. Ona görə ki, onlar Şuşaya hücum edəndə  bizim artilleriya durmadan vururdu. Amma yüzlərlə itki versələr də minlərlə yeni döyüşçü gəlirdi və ardı-arası kəsilmirdi. Çox ağrılıdır ki, bütün bu 40 günü artilleriya atəşləri altında keçirəsən, müharibə bitəndə isə məlum ola ki, bütün torpaqlar itirilib...”,-Hayk Balayan deyir.