​“Minimum əmək haqqının 180 manat olması yoxsulluq səviyyəsini aşağı salacaq” - DEPUTAT

Baxış sayı:
3559

Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır.
Bu barədə Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Millət vəkili qeyd edib ki, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub:
“Dünya dövlətlərinin çoxunda da bu fərq var. Lakin bu fərqin aradan qaldırılması ilə dövlət sektorunda çalışan çox sayda işçilərin maaşı qalxacaq, eyni zamanda, özəl sektorda çalışanların əməkhaqlarında buna uyğun artımlar olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində çox böyük addım olacaq”.
M.Quliyev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı əhalinin bütün qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda minimum əməkhaqqının məbləği 130 manat təşkil edib. 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. (Trend)