Milyonlar bankdan hansı yollarla çıxarılıb?- "ATRABANK" SƏDRİNİN MƏHKƏMƏSİ

Baxış sayı:
6664

 “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, E.Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin rəhbəri Asif Bədəlov ifadə verib.
O bildirib ki, 2015-ci ildə “AtraBank”dan adına 390 min dollardan çox kredit götürülüb.
"Tanışım Əkbər Məmmədovun bank rəhbərliyi ilə münasibətləri yaxşı idi. Onun xahişi ilə bankdan adıma 390 min dollardan çox kredit götürdüm. Sonra krediti zavodun adına sənədləşdirdik"- deyən A.Bədəlov söyləyib ki, pulu bankın kassasından götürüb və Əkbər Məmmədova verib
Şahidin dediyinə görə, ödənişləri Əkbər Məmmmədov özü edirmiş: "Ödənişlərin tam olaraq ödənildiyi barədə dəqiq məlumatım yoxdur".
Daha sonra tikinti materiallarının alqı-satqısı firmasının sahibi Ağamirzə Arazov şahid qismində dindirilib.
A.Arazov deyib ki, 2016-cı ildə iş yoldaşı Rəşad Gərayzadənin xahişi ilə “AtraBank”dan adına 1 milyon dollar kredit götürüb: "Həmin pulu götürüb, elə kassaya da verdim. Yalnız sənədlərə qol çəkmişəm, 1 milyon dolları isə görməmişəm. Mən həmin zaman Elmixan müəllimlə müqavilə bağladım ki, ödəniş Rəşadın bankda adına olan depozit hesabından çıxılsın. Bildirildi ki, götürülmüş kredit də bankın kapital nizamnaməsinə sərf olunacaq".
Məhkəmədə şahid qismində İnşallah Camalov da ifadə verib.
O, təqsirləndirilən şəxsi tanımadığını deyib. İ.Camalov da digər şahidlərin adını çəkdiyi Əkbər Məmmədovun dostu olduğunu vurğulayıb: "2016-cı ildə iki dəfəyə adıma 600 min dollara yaxın kredit götürülüb. Pulu da Əkbər müəllimə verdim. Sonra maraqlandım. Dedi ki, hissə-hissə ödəyirəm".
 
İş adamı, "Polad" MTK-nın rəhbəri
 
Faiq Bədəlov isə şahid qismində dindirilən zaman bildirib ki, bankdan öz adına Əkbər Məmmədov üçün 255 min dollar kredit götürüb: "Şirkətin adına bankda 1 milyon dollarlıq xətt açılmışdı. Həmin xəttlə də bankdan 255 min dollar kredit verildi. Krediti də Əkbər müəllimin özü ödəyirdi".
Hakim isə xatırladıb ki, ötən məhkəmə iclasında Əkbər Məmmədov özü ifadə verib. O, dindirilən zaman hələ kreditlərlə bağlı ödəniş etmədiyini deyib.
Hakim ifadə verən şəxslərə xəbərdarlıq edib. Söyləyib ki, adlarına götürdükləri kreditləri özləri ödəməlidir, məhkəmə bununla bağlı qərar çıxaracaq.
Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.
E.Nəbiyev özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadə verən zaman bildirib ki, “AtraBank” Açıq Səhmdar Cəmiyyəti 23 il fəaliyyət göstərib, heç bir qanun pozuntu etməyib: "Bank bağlanılandan sonra barəmdə ittiham irəli sürüldü ki, guya yeyinti etmişəm. Bankın 99.3 faiz səhimdarı mənəm. Mən burada necə pul mənimsəyə bilərəm axı? Guya mən 802 min manat pul mənimsəmişəm. Bu gün bankdan alacağım 92 milyondur, verəcəyim isə 16 milyondur. Bəs bu necə olur? Kimin pulunu yemişəmsə gəlsin desin. Bankda 23 il ərzində qazandıqlarımdan kasıba əl tutmuşam, heç mənim şəxsi maşınım belə yoxdur".
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İstintaq zamanı E. Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.
E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “Atrabank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmçinin məlumatda qeyd edikir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “AtraBank” ASC ilə yanaşı “Bank Standard” QSC, “ZaminBank” ASC, “Bank of Azerbaijan” ASC, “GəncəBank” ASC-nin, həmçinin ləğvetmə prosesində olan digər bankların vəzifəli şəxsləri barəsində, habelə qeyd edilən banklardan külli miqdarda kredit götürərək müxtəlif üsullarla, o cümlədən mənimsəmə və ya digər formada talamaqla həmin kreditləri ödəməyən fiziki və hüquqi şəxslər barəsində istintaqı aparılan cinayət işləri üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə birgə zəruri tədbirlər davam etdirilir.