​“Milyarder Fərhad Əhmədov belə düşünür ki, camaat susuzluqdan ölsə də olar, onun balıqları ölməsin” – GÖYÇAY SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
3685

Göyçay rayon, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Milyarder Fərhad Əhmədovdan şikayətçi olan S.Quliyev saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edir:
“Hörmətli Prezident!

İş adamı, milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu, Qaraməryam kəndinin həyətyanı sahələrinin su mənbəyini – “yekəxana gölü” kimi tanınan su hövzəsini qanunsuz olaraq zəbt edib. Belə ki, o, çayın suyunu kəsib, kənd əhalisinin əkin sahələrinin suvarılmasına mane yaradıb.
Beləliklə, Fərhad Əhmədovun balıq gölünə görə, ailəmizin yeganə dolanışıq yeri olan torpaq sahələrimizin suvarılmasında əziyyət çəkirik. Artıq kifayət qədər meyvə ağaclarımızın quruması nəticəsində külli miqdarda maddi ziyana düşmüşük.
Milyarder Fərhad Əhmədov belə düşünür ki, Qaraməryam kəndindəki göldə saxladığı farel, osetrin və digər balıqlar ölməsin, biz camaat susuzluqdan ölsək də, meyvə ağaclarımız qurusa da olar.
Fərhad Əhmədov həmin ərazidə silahlı mühafizəçilər saxladığından, biz ora yaxın düşüb, sözümüzü deyə bilmirik, qorxuruq. Çünki Fərhad Əhmədov özünü xeyirxah insan kimi cəmiyyətə sıramaq istəsə də, o, zalım, əzazil bir insandır.
Hörmətli Prezident !
Xahiş edirəm, problemin həll olunmasında köməklik göstərəsiniz və Fərhad Əhmədovun qanunsuz zəbt etdiyi su mənbəyinin açılmasına tapşırıq verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.