Milyarddan yuxarı yoxsulun yaşadığı ölkə koronavirusu necə dayandıra bildi... - DƏYƏNƏK, SƏRT KARANTİN VƏ DAHA NƏLƏR

Baxış sayı:
2462

Əhalisi 1,35 milyard olan və bunun da az qala 1 milyardı yoxsul, kasıb hesab edilən Hindistanda bir ay öncə koronavirus epidemiyasının ölkədə yayılması ilə bağlı proqnozlar qorxunc təəssüratlar yaradırdı. Hesab edilirdi ki, virusa yoluxanların sayı  milyonları ötəcək, epidemiya uçquna bənzər xarakter alacaq.

Xüsusilə kasıb komalarda, xarabalıqlarda, bir-birlərinin içərisində antisanitar şəraitdə, tibbi yardıma girişi belə məhdud olanların yoluxma riski böyük idi. Amma görünən odur ki, əhalisinin sayına görə dünyada ikinci yeri tutan Hindistan onları gözləyəcək bu qorxunc ssenaridən qaça bildi: aprelin 30-na qədər cəmi 39,5 min nəfər virusa yoluxdu, 1,3 min nəfər isə epidemiyanın qurbanı oldu.

Müqayisə üçün qeyd edək ki, bu əhalisinin sayı Hindistandan az qala 12-14 dəfə az olan Rusiya ilə müqayisədə çox mötədil rəqəmlərdir. Son məlumatlara görə Rusiyada virusa yoluxanların sayı 120 mini keçir, hər gün orta hesabla 10 min nəfərdən çox yeni yoluxma qeydə alınır, ölənlərin sayı isə indidən Hindistanda ölənlərin sayını keçib.

Virtualaz.org Rusiyanın "Lenta.ru" nəşrinə istinadən xəbər verir ki, Hindistan onları gözləyəcək qorxunc ssenaridən qaçmağa müvəffəq olub və virusun ölkə ərazisində geni miqyasda yayılmasının qarşısını ala bilib. Çünki 40 min yoluxma Hindistan üçün dənizdə damla kimidir.

COVİD-19-a yoluxma faktı ilk dəfə Hindistanda yanvarın sonlarında – təxminən Çində sərt karantin tətbiqindən təxminən bir həftə sonra qeydə alınıb. Çinin Uxan şəhərində təhsil alan və virusa yoluxan  tələbə öz ölkəsinə gəlib. Həmin ərəfədə virusa ilk yoluxanlarla bağlı artıq İtaliya, Fransa və Böyük Britaniyada da həyəcan təbili çalınmaqda idi. Lakin Avropada vəziyyət daha pis nəticələr verdi. Sözügedən ölkələrin hər birində yoluxma sayı 150 mini ötdü.

Virusun ölkələr arasında yayılmasının fərqli göstəriciləri ekspertlərin mübahisəsinə səbəb olurdu. Bir qismi bunu koronavirusun soyuq ölkələrdə daha geniş “əl-qol açması” ilə əlaqələndirir, Hindistanın günəş şüaları ilə zəngin ölkə olduğundan yoluxma effektinin az olması qənaətinə gəlirdi. Lakin belə bir nəzəriyyə bu günə qədər rəsmən təsdiq edilməyib. Ümumidünya Səhiyyə Təşkilatı virusun ötürülmə riskinin həm isti, həm də rütubətli iqlimdə eyni səviyyədə yayılması qənaətinə gəlib.

BSJ vaksini virusdan qoruyurmu?

Hindistan ictimai səhiyyəsinin qeyri-kommersiya fondunun prezidenti, professor Srinath Reddiy bildirib ki, buna BSJ vaksininin əhali arasında məcburi vaksinasiyası da səbəb ola bilər. Hal-hazırda bütün dünyada alimlər koronovirusla mübarizədə sözügedən vaksinin effektivliyinin tədqiqatını aparırlar. Həmçinin, Ümumidünya Səhiyyə Təşkilatı bu haqda nəzəriyyənin sübutunun olmadığını və BSJ vaksinin koronavirusdan qorumadığını, önləyici hədəf kimi bu vaksindən istifadə etməyin lazım olmadığı bildirib.

Göstərilən amillərin köməkliyinin fayda verməyəcəyini görüncə  dərhal bütün ölkə üzrə məhdudlaşdırıcı ölçülər götürülməyə başlanılıb.

Manqust reaksiyası

Hindistanda infeksiyaya yoluxanların artma sayı əvvəlcə o qədər də kəskin deyildi. Lakin ilk ölüm faktı qeyd edildikdən sonra hakimiyyət qadağaları sərtləşdirdi. Artıq martın 11-də turist vizalarının verilməsi dayandırıldı, epidemiyanın geniş yayıldığı ölkələrdən gələnlər təcili olaraq məcburi qaydada iki həftəlik karantinə alındı, bütün təyyarələrin uçuşu saxlanıldı, dəmiryol xəttləri bağlanıldı, sərhədlərin giriş-çıxışına məhdudiyyət qoyuldu.

Martın 24-də Hindistanın baş naziri Narendra Modi üç həftəlik lokdaun (epidemiyayla əlaqədar müəssisələrin məcburi qaydada bağlanması və kütləvi tədbirlərin ləğvi-red.) elan etdi. Həmin ərəfədə ölkədə 519 nəfər epidemiyaya yoluxmuşdu, 10 nəfər isə bu qorxunc virusdan həyatını itirmişdi. Müqayisə üçün qeyd edək ki,  İtaliya yoluxanların sayının 9,2 min, Böyük Britaniya isə 6,7 min nəfərə çatdıqda karantin rejiminə keçmişdi.

Hətta Çin hökuməti bu qədər sərt tədbirlərə əl atmamışdı. Yalnız müxtəlif şəhərlər və əyalətlər qapalı rejimə keçmişdi. Hindlilərə isə evlərini tərk etmək, kütləvi toplaşmaq qadağaları qoyuldu, bütün mağazalar, obyektlər qapadıldı.

Karantin rejimini pozanlarla polis son dərəcə sərt mübarizə aparır, onlara qarşı güc tətbiq edirdi: küçənin ortasında insanları kötəkləyir, gözyaşardıcı qazdan istifadə olunurdu. Nəticədə, insanlar koronavirusdan çox polisin qəzəbinə tuş gəlməkdən və həbsxanaya düşməkdən qorxurdular.

Epidemiyayla bağlı xəbərlərdə virusun başqa ölkələrdən gəlməsi əhali arasında əcnəbilərin təqibinə də səbəb olurdu. Onlarla işbirliyi qurmaqdan imtina edilir, hətta mehmanxanalardan belə qovurdular.

Doğrudur, lokdaunla bağlı qərar riskli idi: əhalinin əksəriyyəti gəlirdən məhrum olmuşdu, işsiz qalmışdılar, mağazaların bağlanması, tikintilərin dayandırılması böyük şəhərlərdə günəmuzd işləyən hindlilərin kütləvi şəkildə evlərinə qayıtmağa məcbur edirdi. Bu isə virusun ölkədaxilində geniş şəkildə yayılmasına şərait yarada bilərdi.

Kütləvi karantinə keçid

Kütləvi karantin rejiminə keçid Hindistan üçün ən doğru qərar və düzgün addım idi. Məhz buna görə səhiyyə sistemi də bir o qədər yüklənmədi. Məmurlardan birinin dediyinə görə, əgər vaxtında ölçü götürülməsəydi, sərt qadağalar tətbiq olunmasaydı yoluxanların sayı 100 mini ötərdi.

Bütün ölkədə sərt qadağalar tətbiq edilirdi. Məsələn, Mumbayda karantin tətbiqindən bir həftə sonra bütöv rayon tamamilə təcrid olundu. Buna səbəb isə xarabalıqlarda sıx məskunlaşmış iki nəfərin epidemiyadan ölməsi idi.

Koronavirusla mübarizə aparmaq üçün hökumətə həmçinin dövlət şirkətləri də kömək edirdi. "Hind dəmir yolları" şirkəti  qoruyucu kostyumların istehsalına başladı, həmçinin xəstələri daşına bilən palatalara - minlərlə vaqona yerləşdirdilər.

Lakin epidemiyayla mübarizəyə üç həftəlik lokdaunla qələbə qazanmaq mümkün olmadı. Ona görə də karantin rejimini martın 3-dək uzatmaga məcburiyyətində qaldılar.

"Hindistan ölkədə vəziyyətin gərginləşməsini gözləmədi. Problem yarandığı zaman biz onu dərhal həll etməyə çalışdıq. Əgər vaxtında operativ qərarlar qəbul etməsəydik vəziyyətin necə olacağını təsəvvür etmirəm” – baş nazir xalqa müraciətində belə deyib.

Professor Srinath Reddiy epidemiyanın ölkəyə ciddi ziyan vura bilmədiyini hesab edir: “Düşünürəm ki, biz bu mövzunu demək olar tamamilə bağladıq”.

Amma göründüyü kimi, məhdudiyyətlər hələ iki həftəyə kimi də uzadılıb.

Maraqlı statistika

Statistikaya əsasən, milyonlarla insanın yaşadığı bu ölkədə epidemiyadan ölüm faktı 0,76 faizdir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da 61 min nəfər vurusun qurbanı oldu. Bu göstərici 175 –i ötür. Lakin hələlik bu sevindirici məlumatlara baxmayaraq hindlilərin epidemiya üzərində qələbəsini bayram etməsi tezdir.

Ölkədə koronavirusla mübarizənin müvəffəqiyyətini qiymətləndirmək üçün testlər üzrə aşkarlanan göstəricilərə də baxmaq lazımdır. Hindistanın Səhiyyə Nazirliyinin məlumatına görə, aprelin 25-ə kimi ölkədə 625 mindən çox insan testdən keçirilib. O da məlum olub ki, Çindən Hindistana gətirilən testlər qeyri-dəqiq nəticələr göstərir.

Qiymətləndirmədə yalnız testlərin miqdarı deyil, onların cavablarının müsbət olub-olmaması əhəmiyyətlidir. Koronavirus testlərinindən insanlar yalnız ən ciddi hadisə zamanı keçirilir. Yəni, analizlər təkcə xəstəxanaya düşənlərdən götürülür.

Hindistanda təxminən 4 faiz əhali tesdən keçirilib. ABŞ-da bu hal isə 17 faiz təşkil edir. Böyük Britaniyada isə hər beş nəfərdən biri tesdən keçirilib.

Həmçinin, epidemiyadan həyatını itirənlərə diqqət yetirsək görərik ki, Hindistanda təxminən 3 faiz, Avropa ölkələrində isə 13 faizə qədər insan epidemiyadan dünyasını dəyişib. Bu isə onu göstərir ki, Hindistan hökuməti ciddi simptomlar aşkar edilənləri yoxlamır.

Nisbi yoxlamanın səviyyəsi isə inanılmazdır. Məlum olur ki, hər 100 min hindlidən 48 –i tesdən keçirilib. Cənubi Koreyada bu göstərici 1175, ABŞ-da isə 1740-dır.

Onu da qeyd edək ki, test keçirilmədən belə həkimlər epidemiyaya yoluxanların böyük əksəriyyətini aşkarlaya bilirlər.  Əks təqdirdə xəstəxanalar sadəcə "respiratorlu xəstələrlə" dolardı.

Mumbay xəstəxanasının həkimlərindən birinin dediyinə görə, epidemiya zamanı onlara gətirilən xəstələrin vəziyyəti COVID-19-a oxşasa da, həmin xəstələr testdən keçirilməyib: “Biz onlarla koronavirusa yoluxmuş xəstə kimi rəftar edirdik”.

“Bir halda ki meyitxanalarda cəsədlərin yığılması müşahidə olunmur, deməli, çətin ki, ölkədə həqiqətən dəhşətli nəsə baş verir” - müstəqil analitik mərkəzinin prezidenti Saran Samir belə hesab edir.

İMEMO RAN əməkdaşı, böyük elmi işçi Aleksey Kupriyanov hakimiyyətin epidemiyaya yoluxanların sayını gizlətməsinə heç bir ehtiyac olmadığını bildirib: “ Kasıb bölgələrdə, kəndlərdə yoluxanların statistikasını tam şəkildə verilmir. Çünki hindlilərdə bütün əhalinin yoxlamasını testdən keçirmək fiziki baxımdan mümkün deyil. Yoxsulların məskunlaşdıqları xarabalıqlardan isə söhbət belə gedə bilməz. Kəndlərdə karantin rejiminin pozulması ilə bağlı çoxsaylı hadisələrə də rast gəlinir. Ümumiyyətlə, statistika lazımı dərəcədə öz imkanlarının adekvat şəkilini verir, amma bu imkanlar açıq-aydın kifayət etmir”.

Əgər tələsərsən, koronavirusu güldürərsən

Hindistan 40 gündən sonar epidemiyanın təmkinliyi nöqteyi-nəzərindən karantin dövrünü uğurla başa vurdu. Hökumətin bundan sonrakı hərəkətlərini müəyyən etməyə məcburdur. Hələ bilmək olmaz, Hindistan koronavirusu cəhənnəmə göndərəcək, yoxsa onun inkişaf üçün cənnət şəraiti yaradacaq.

Eyni zamanda, Kupriyanov qeyd edib ki, karantin rejimi artıq iqtisadiyyata da öz ciddi təsirlərini göstərib: "Bu şəhərlərdə kiçik biznes praktiki olaraq öldürülüb, bütün ölkə üzrə iqtisadiyyatn zəifləyib. Lokdaun bir müddət daha uzunarsa iqtisadiyyatı bərpa etmək çətin olacaq”.

Qiymətləndirmələrə əsasən, lokdaun dövrünün bir günü Hindistana 350 milyon rupiyə ( 4,5 milyon dollar) başa gəlir. Bu hal uzadılacağı təqdirdə 1,8 trilyon rupiyə (24 milyard dollar) keçə bilər.

Kupriyanovun fikrincə, hər şey karantin müddətinin nə qədər çəkəcəyindən asılıdır.

Hələlik isə hakimiyyət məhdudiyyətlərdən tədricən çıxmağı qərarlaşdırır. Əvvəl bölgələrdən başlamaq niyyətindədirlər. Çünki həmin ərazilərdə yoluxma halları aşkar edilməmişdi. Bundan ötrü ölkəni üç yerə - qırmızı, sarı və yaşıl zonalara böləcəklər. Böyük şəhərlər hamısı "qırmızı" zona hesab edilir və sərt məhdudiyyətlər altında qalacaqlar. Əyalətlər isə "yaşıl" zona olacaq.

Hazırladı: İnarə Rafiqqızı