“Milləti vətənsizliyə vərdiş etdirirlər” - İLHAM İSMAYIL

Baxış sayı:
2542

2020-ci ilə də işğalla girdik. Keçən əsrdən qalmış problemimizi, faciəmizi iyirmi ildir XXI əsrə daşımaqda davam edir və onsuz da ictimai-siyasi şüurun ümummilli səviyyəsinin aşağı olduğu vətənimizdə insanlarımız hər il daha da ümidsizləşirlər. Ümidi kim verməlidir? Qarabağı azad edəcəyimizə inamı kim ürəkdən bağırmalıdır?

Məsuliyyət ilk növbədə xalqın üzərindədir, həm də tutduğu vəzifəyə görə bu məsələyə cavabdeh olanlarda. Kütlə adətən kiminsə ağzına, hərəkətinə baxır. Tarixən millətlərin ağır vəziyyətində ziyalılar önə çıxar, siyasi liderlər də ruhlanıb hərəkət edərlər.  Ölkədə ziyalı adını daşıyan, amma ziyalı xarakterinə malik olmayan şəxslər illərdir ki, səbəbi məlum olan sükut içərisindədirlər və bu susqunluq durumu bir az da öləzidir, cəmiyyətin başını bir az da aşağı əyir. Mövcud siyasi partiyaların gündəmində Qarabağ problemi bəlkə də sonuncu yerdədir və siyasi bataqlığın illərlə yaratdığı  çamurları bir-birinə atmaqla kütləni də, tərəfdarları da, kiçik eloktaratı da  inamsızlaşdırırlar və seçki ərəfəsində bu proses artan xətt üzrə davam edir.  Deyilənləri rəsmi siyasətin nəticəsi olaraq dəyərləndirsək də, il dəyişəndə xalq yeni ümidlə yaşamaq istəyir, hətta şablon olan “gələn ili Cıdır düzündə qeyd edək” sağlığına inanmasa da, şərabın təsiri ilə özünü aldatmağa çalışır və nəhayət, rəsmilərin dilindən qətiyyətli bəyanatlar gözləyirlər. Rəsmi yeni il bəyanatlarında isə Qarabağla əlaqədar ümidsizliyi, qeyri müəyyən zaman vədlərindəki inamsızlığı, dərdimizə məlhəm olmayan müqayisələri bütün cəmiyyət, ilk növbədə Qarabağ köçkünləri daha yaxşı duydular və elə o zaman kəsimində də bir daha ümidsizlik başımızdan tökülüb çərləmiş ürəklərimizdə yenidən məskunlaşdı.

Ermənilər də Qarabağda məskunlaşırlar və 20% torpağı işğal altında olan ölkə nədən sabitlik nümunəsi sayılmalıdır? Yəni, postsovet məkanı olaraq  münaqişəmiz, cəbhə xəttində öldürülən əsgərimiz, talan edilən sərvətlərimiz, xaraba qalan şəhərlərimiz, kəndlərimiz, məhv olan keçmişimiz, bu günümüz, gələcəyimiz olduğu halda, biz az qala dünyanın yarısına necə nümunə göstərilə bilərik? Hətta, beynəlxalq təşkilatlar Azərbaycanı təcili tədbirlər görməyə çağırır ( Beynəlxalq Böhran Qrupunun son hesabatı), Azərbaycanın Qarabağı “unutduğunu” deyirlər.  Vətən, torpaq düşmən əlində ola-ola biz hansı sabitlikdə yaşayırıq? Belə çıxır ki, artıq bu torpaqlar Azərbaycan sayılmır?

Həyatımız məhv olmuş, sevinən günümüz yox...26 ildir hər gün,hər sabah, hər il  evimizə, torpağımıza,çayımıza, dağımıza ,bostanımıza getmək üçün xəbər gözlədyimiz halda bu cür ürəkləri yaxan, son ümid toxumlarını çürüdən sözləri eşitmək nə deməkdir? O deməkdir ki, əlvida vətən, əlvida kəndimiz, əlvida evimiz, nəhayət əlvida həyatımız.., sonumuz  bumu?

Xarici İşlər Nazirliyinin ilin yekun hesabatındakı “ uğurlu 2019-cu il diplomatiyası” barədə yazılanları oxuyanda elə təsəvvür etmək olar ki, bu-gün sabah dünya ayağa qalxıb Qarabağı bizə qaytaracaq. Nədi uğur? Artıq Dağlıq Qarabağı deyil, ətrafındakı işğal olunan 7 rayonu da özlərinə “təhlükəsizlik zolağı” hesab etdiyini və bu ərazilərin də qaytarılmayacağını rəsmən elan edən Ermənistan XİN rəhbəri Mnatsakanyana layiqincə cavab verilməməsidirmi uğur? Ya, “müharibəyə hazırıq, heç bir torpaq qaytarılmasından söhbət gedə bilməz” deyən Tonoyanın Azərbaycandakı kolleqaları Yeni il qabağı düşmənə cəbhə xəttində “isti qış” yaşada bildilər?

Dəhşət odur ki, millət də buna vərdiş edib. Milləti vətənsizliyə vərdiş eiətdirirlər. Millət o günə düşüb ki, öz dərdini unudub hansısa Qasımın öldürülməsini müzakirə edir, adını da müsəlman təəssübkeşliyi qoyur. Bu təəssübkeşliyin müzakirəsi bir daha göstərir ki,  millətin  içində nə qədər “beşinci kalon” gizlənib. Təkcə sosial şəbəkələrdə müzakirələri izləməklə potensial vətən xainlərini, türk düşmənlərini aşkar etmək mümkündür.

Keçən illərin uğursuz Qarabağ siyasətinə son verib, maraqlarımza uyğun konkret nəticələr əldə etmək üçün bu il start ili ola bilər. Bu il gərgin olacaq.

İlham İsmayıl