​Millət vəkilindən akademikə: XAOS YARATMAYIN!

Baxış sayı:
475

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoya açıq məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, Hikmət Babaoğlu məktubunda bu günlərdə ictimaiyyətə təqdim olunan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinə münasibət bildirib. O qeyd edib ki, bəzi məsələlərə müdaxilə xaos yarada bilər:
 “Dil elə bir vasitədir ki, ondan təkcə alimlər deyil, bütün xalq istifadə edir. Elə dilin qaydalarını da, orfoqrafiyasını da xalq yaradır. Alimlərsə sadəcə bu qaydalara elmi qəlib verirlər. Ancaq bu heç də həmişə uğurlu olmur. Nəzərə almaq lazımdır ki, dili yaradan xalq olduğu kimi, elə onu mühafizə edən, qoruyan, inkişaf etdirən də xalqdır. Əlbəttə, dilin inkişafında ədəbiyyatın, publisistikanın, yazılı və şifahi nitq daşıyıcılarının rolunu danmaq mümkün deyil. Ancaq bütün bunlarla yanaşı, yenə də dilin zənginləşməsi, cilalanması, xarici təsirlərdən qorunması, yaxud başqa dillərlə mübadilə yaratması xalqla bağlıdır. Yəni istənilən halda dil məsələsində imperativ mövqe məhz xalqa məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı çox zəngin bir dil formalaşdırmağı bacarıb və bizə elə gözəl bir dil miras qoyub ki, bir azca bu dili, onun xüsusiyyətlərini dərindən mənimsəyə bilsək, tam şəkildə bu dilin imkanları ilə həm özümüzü, hisslərimizi, düşüncələrimizi ifadə edə bilərik, həm də ən zəngin hesab edilən dillərdə yazılan həm nəsr, həm də nəzm nümunələrini dilimizə asanlıqla tərcümə edə bilərik. Yəni dilimiz bu qədər geniş imkanlara və potensila sahibdir”.
Millət vəkili qeyd edib ki, dilimizin inkişafında yazıçı və şairlərimizdən sonra ən çox rolu olan zümrələrdən biri, bəlkə də birincisi jurnalistlərdir:
“Xüsusilə hazırkı informasiya cəmiyyətində qlobal dil mübadiləsi prosesində dilimizi qoruyan və onun imkanlarını hətta bəzən zorlayaraq müasir inkişaf etmiş dillərin siyasi, analitik, diplomatik, elmi, bədii, texnoloji və s. üslublarının Azərbacan dilində qarşılığını tapmaqla ona pasport qazandıran peşə sahiblərindən biri yenə də jurnalistlərdir. Ona görə də mən bir alim, bir millət vəkili kimi deyil, bir jurnalist kimi sizə müraciət edərək doğru hesab etdiyim bəzi fikirlərimi sizinlə və rəhbərlik etdiyiniz Dilçilik İnstitutunun çox dəyərli alimlərilə bölüşmək istəyirəm. Düşünürəm ki, bu, dilimizin yeni orfoqrafiya qaydaları yaradılarkən ümumi işimizin xeyrinə ola bilər.
Dil haqqında hamı akademik düşünə bilmir. Uzun illərin yazı və ifadə vərdişi və bu vaxta qədərki orfoqrafiya forması həm idraki yaddaşda, həm də qələm və əzələ yaddaşımızda sözün yazılış formasını qəlibləşdirib. Məsələn, biz “alqı-satqı” sözünü yeni təklif olunan “alğı-satqı” formasında uzun müddət yaza və ifadə edə bilməyəcəyik. Yeni formanın elmi əsasları nə qədər obyektiv olsa belə, ən yaxşı halda bir müddət sonra “alğı-satqı” yox, “alğı-satğı” deyəcəyik. Çünki birinci “al” sözün əlavə edilmiş “ğı” forması imperativdir və diktə edir ki, ondan sonrakı “sat” felindəki “qı” əlavəsi də “ğı” kimi tələffüz edilsin. Yəni hər iki şəkilçi ya boğazda “ğ” kimi səslənməlidir, ya da ağızda “q” kimi . Ona görə də elə “alqı-satqı” forması əvvəlki qaydada saxlanıla bilər”.
Millət vəkili məktubunda orfoqrafik formanın dəyişilməsinin çox zəruri olduğu bəzi sözləri də diqqətə çatdırıb:
“Məsələn, torpaq, yarpaq, kirpik, körpü və s. “Torpaq” sözünün kökü “tor” deyil, “top”dur. Topa-toprak mənşəyilə bağlıdır. Ona görə də “torpaq” yox, “topraq” kimi yazılmalıdır. “Yarpaq” sözünün kökü “yar” deyil, “yap”dır. Yəni, yastı, yap-yastı. Göründüyü kimi, ilkin variantda “yastı” sözünün önündə ədat kimi işlənilir. Sonra isə müstəqil sözə, yaxud müstəqil leksik vahidə çevrilir.
“Körpü” sözünün kökü “kör” deyil, “köp” dür. “Köp” şişmiş, qabarmış mənasındadır. Körpü də daşların xüsusi ağırlıqpaylayan qabartma üsulu ilə tikildiyi üçün “köprü” kimi yazılmalıdır. “Kirpik” sözünün də kökü “kir” deyil, “kip”dir. Yəni gözün qıyısına düzülmüş sıx, kip qoruyucu mənasındadır. Ona görə də “kiprik” kimi yazılmalıdır və s.”
H.Babaoğlu sonda Möhsün Nağısoyun timsalında, dilimizin elmi əsaslarda öyrənilməsində, onun inkişafında böyük rolu olan Dilçilik İnstitutuna, onun əməkdaşlarına elm-ictimai fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, bundan əvvəl AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.