Millimiz FİFA reytinqində irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda bir sıra dəyişikliklər olub.
 
Buna səbəb KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələridi. Azərbaycan millisi bu cədvəldə 79-cu sırada qərarlaşıb. Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var.
 Millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib. Buna qonşu pillələrdəki yığmaların mövqe dəyişiklikləri səbəb olub. Komandamız iki ölkəni – Kuraçao ilə Trinidad və Tobaqonu keçib. Lakin yığmamız iki deyil, bir pillə irəliləyib. Çünki Syerra-Leone də bizi arxada qoyub.
 Millimiz və “qonşular”ı
75 (72). Honduras – 465
76 (83). Syerra-Leone - 448
77 (77). Çin - 447
78 (79). Qətər – 433
79 (80). Azərbaycan – 427
80 (82). Suriya – 423
81 (86). Konqo – 413
82 (84). Keniya – 412
83 (87). Liviya - 399
83 (78). Trinidad və Tobaqo – 399
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Braziliya yenidən zirvəni ələ keçirib. Bundestimin liderliyi cəmi bir ay sürüb. İsveçrə və Polşa Portuqaliyanı arxada qoymağı bacarıb. Fransa isə mövqeyini Belçikaya verib.
 
İlk “onluq”
1 (2). Braziliya – 1604
2 (1). Almaniya – 1549
3 (3). Argentina – 1399
4 (5). İsveçrə - 1329
5 (6). Polşa - 1319
6 (4). Portuqaliya – 1267
7 (7). Çili – 1250
8 (8). Kolumbiya – 1208
9 (10). Belçika – 1194
10 (9). Fransa – 1157
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişib. Almaniya və Şimali İrlandiya 1 pillə geriləyib. Norveç isə 3 addım irəliləyib.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
2 (1). Almaniya – 1549
23 (22). Şimali İrlandiya - 897
40 (40). Çexiya - 714
85 (88). Norveç - 391
204 (204). San-Marino – 12
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 33-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 779 xal var.