Milli tələbdən dağıdıcılığa qədər məsafədə baş verən TƏXRİBAT...

Baxış sayı:
1438

Dünənki yürüşü canlı-canlı müşahidə edənlərdənəm. Səslənən şüarlar, insanların iç yanğısı idi. Mən dünən gecə, o insanları gördüm. Şükr edib, kövrəldim, ağladım da  hönkür-hönkür. Biz hələ ölməmişik, biz xalqıq.
 
Gecənin üçü, dördünəcən, o müdhiş hadisəyə, Parlament binaeına basqınacan, belə düşündüm. Baxmayaraq insan artdıqca ciddi təxribat elementləri də hiss olunurdu. Iki-üç qadın, idman geyimində müəmmalı gənclər və ordan MM-də girin deyib xısınlaşanlar...
 
Ancaq dövlətin ali rəhbərliyinə dəstək, Qarabağ, səfərbərlik şüarları hələ adamı ümidləndirirdi. Deyirdin yox, QARABAĞ mitinqində təxribata yol verilə bilməz.
 
Amma ən arzulamadığımız, görmək istəmədiyimiz oldu. Yqxşı bəs niyə?
 
İnsan seli rəhbərsiz idi!
 
Xalqın qarşısına hökumətdən kimsə çıxmadı!
 
Insanları yönəldən olmadı!
 
Dünənkimutanc verici mənzərə kimə lazım idi?..
 
Əsəbi, ağır karantin rejimi görmüş insanlarla niyə  ünsiyyət qurulmurdu!
 
Cəmi bir dəfə buna cəhd edildi, onda da lazımi effekt vermədi. Çünki XALQ axtardığı adamları görmək istəyirdi, on beşinci sərəcəli hərbçini yox!
 
Bu dövlətin xalqdan səs yığan bir parlament yetkilisi meydana çıxmadı!
 
Bir alimi görünmədi!
 
Bir ictimai xadim boylanmadı adamlara sarı!
 
Bu birmənalıdır, sən götürmədiyin gücü, başqası mütləq götürəcək və mütləq sənə qarşı istifadə edəcək. Dünən gecə saatları nda qədər çox yaxşı gedən bir prosesdə məhz bu baş verdi. Insanlardan istifadə edildi.
 
Bir topa adam önə çıxıb,  xalqı sosial media üzərindən dünyaya biabırçı şəkildə təqdim etdi. Parlament binasına soxuldu.
 
Halbuki xalqın içindən çıxan meydan hərəkatı simaları, mediadan düşməyən adamlar məsələn Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Fazil Mustafa, başda olmaqla, yazıçı Anar, Fikrət Qocası, onlarla alimi, akademik, hətta döyüş görmüş ictimai xadimlər, lap elə Şəmistan Əlizamanlı kimi adamlar o aksiyaya çıxmalı idi, çıxarılmalı idi. Özü də mütləq!  Lazım gəlsə hökumətlə birgəlik göstərən müxalifləri də prosesə cəlb etmək olardı. Baş kənddə nəhəng Qarabağ mitinqi olmalı idi. Olmadı. Nəhəng bir təxribat oldu.
 
Bizi dünya dünən gecə, milli maraqlarını müdafiə edən yox, dağıdıcı güc kimi gördü. Içimizdəki ermənilər buna nail oldu.
 
Yeri gəlmişkən, bu "uğursuz təqdimatda" ciddi rolu olan KIV-lərin də cəzalandırılacağına ümidvaram. Bəlli kütlənin önündə o KIV nümayəndələri  Milli Məclisin binasına soxulmuşdular.
 
***
 
Bu xalq yazıqdır, bu dövlət heyifdir bəylər!
 
Dünən gecə, Azneft Meydanından , Təzə Bazar qarşısından, Nizami metrosu, Gənclikdən, Prezident Aparatı qarşısından keçib, Şəhidlər Xiyabanınacan uzanan aksiyanın məqsədi Milli Məclis binasını dağıtmaq yox, Dağlıq Qarabağ iddiasını qaldırmaq idi. Insanlar Qarabağı dünyadan tələb etməli idi. Etdilər, amma adımıza layiq effekt olmadı bu.
 
Aksiyanı çox səliqə ilə işləyən polisə minnətdarlıq üçün, dünən  "polis də mənimdir, əsgər də mənim" şüarı səsləndirən  XALQla, polis arasına keçib, Milli Məclisə soxulan dəstə, yenə bu ikisinin münasibətində küskünlük yaşatdı. Baxmayaraq, polis də, XALQ-la yan-yana addımlayırdı.
 
Ən qorxulusu, bu münasibəti yaradan dəstə müxalifət, iqtirad demədən, hamını dağıdıcı  olmağa sürükləyirdi.  Hətta KIV nümayəndələrinə də basqı edirdi, polisi, söyməklə  provakasiyaya çəkirdi.
 
Və əslində dünən, dünyada olanlardan fərqli heç nə olmadı Bakıda . Dağıdıcılığa yönəldilən bir aksiyanın özünü məcburən dağıtmalı oldu dövlət. Halbuki belə olmamlıydı cənab deputatlar, hökumət üzvləri, ictimai xadimlər, alimlər, qazilər, xalq artistlər, belə  olmamalıydı...
 
Jalə MÜTƏLLİMOVA