​MİLLİ ŞURANIN “GÖY QURŞAĞI”

Baxış sayı:
1844

Milli Şuranın sıraları sürətlə seyrəlir. Kinossenarist Eldəniz Quliyevin, tanınmış vəkil Namizəd Səfərovun ardınca NİDA Vətəndaş Hərəkatının üzvləri də qurumun sıralarından gedib. Yəqin hələ niyyətini açıqlaya bilməyən daha neçə getmək istəyən var.
Azərbaycanda özünü müxalifətin aparıcı qüvvəsi elan edən bir qurumun siyasi proseslərin sürətləndiyi dönəmdə sıradan çıxmasının səbəbləri əslində o qədər də dərin deyil. İstənilən siyasi birliyin məqsədi vətəndaşı, bütünlükdə tolumu öncədən açıqladığı ideyalara söykənən prinsiplər əsasında riyazı dillə desək, A nöqtəsindən B nöqtəsinə, yəni hədəfə aparmaqdır. Milli Şura çıxmağına A nöqtəsindən çıxıb, amma B nöqtəsinə doğru gedə bilibmi, gedibsə, yolun harasındadır?
Bəziləri Milli Şuranın sıralarının seyrəlməsində iqtidarı ittiahm edirlər. Əslində isə, bunun başlıca səbəbi qurumun vəd etdiyi prosesi unutması, merkantil maraqlara qulluq etməsi, sonucda böyük mənada mübarizə qabiliyyətini tamamilə itirməsidir.
Azərbaycanda bir sıra tanınmış simaların təmsil olunduğu Ziyalılar Forumunun bazasında yardılan Milli Şuradan ilk vaxtlar gözləntilər böyük idi. İllərdir həsrətini çəkdiyimiz dialoq mühitinin yaradılması, iqtidarla müxalifət arasında yanmış körpülərin bərpası missiyasını mərhum prezident Heydər Əliyev və ailəsilə yaxın münasibətləri olan Rüstəm İbrahimbəyovdan yaxşı kim bacara bilərdi? Bəlkə də hakimiyyətin o zamanlar siyasi proseslərə və cəmiyyətlə münasibətlərə məsul şəxsləri daha konstruktiv mövqe tutsaydılar, bu gün biz tamamilə fərqli münasibətlər sistemində yaşayırdıq. Amma tarixdə “bəlkə”lərə yer olmur…
Milli Şura formalaşan illərdə hakimiyyətin içərisində tərəflərin yaxınlaşma təhlükəsindən əndişələnənlər o qədər güclü oldular ki, sonucda iqtidaryönlü medi bir zamanların dostu, qardaşı Rüstəm İbrahimbəyovu hədəf seçdi, Milli Şuranın da adekvat addımlar atmaqdan başqa yolu qalmadı. Sonuc – o insanlar hakimiyyətdə yoxdur, yaratdıqları problemlər isə cəmiyyətə elə işləyib ki, 0 nöqtəsinə gəlmək xəyal kimi görünür.
Ancaq bütün baş verənlərə baxmayaraq Milli Şuranın günün birində cəmiyyətin oturuşan dəyərlərini tapdalayaraq LGBT müdafiəçisi olacağı kimin ağlına gələrdi? Kim inanardı ki, Azərbaycanda azad və demokratik cəmiyyət uğrunda savaşdığını elan edən qurum “mavi ənginliklər“in daha dərinlərinə baş vurmaq üçün ABŞ-a köçən biri ilə üzr tonunda danışacaq?
Sözsüz, məsələ xarici faktora söykənir. Qərblə fiziki və mənəvi bağları gücləndirmək belə bir zərurəti meydana çıxarıb. Bir zamanlar insan haqlarını, dalınca azad sözü trendə çevirən Birləşmiş Ştatlar indi cinsi azlıqları gündəmə gətirir – daha dəqiqi, onların təbliğatına ciddi pul ayırır. 2020-ci və daha sonrakı illərdə ABŞ-ın əcnəbi tərəfdaşları içərisində yalnız bu məsələni öz cəmiyyətlərində gündəmə gətirənlər Ağ Evin maliyyə dəstəyini ala biləcək. Obrazlı desək, dünyanın “demokratiya uğrunda mübarizə”sinin yaxın illərdəki “qanı” göy qurşağının rəngində olacaq. Hansı qurum azlıqlar üçün daha çox yaxa cırsa, həm hakimiyyət, həm də cəmiyyətin milli, dini dəyərlərə sahib çıxaraq LGBT-ni qəbullanmaqdan imtina edən kəsimləri ilə süni toqquşmalar fonunda azlıqları əzilən tərəf kimi göstərib onlara dəstəyi genişləndirsə, bu yolla onların təbliğatını artıra, həyat tərzlərini populyarlaşdıra bilsə, ABŞ-dan yüklü maliyyə alacağına zəmanət verilib.
Görünür, iqtidarla uşaq pulu məsələsində anlaşa bilməyən Milli Şura problemə yeni yanaşma tapıb - eynicinsli nigahların təbliği ilə uşaqların dünyaya gəlməsinin qarşısını almaq, beləliklə də uşaqpuluna möhtac ailələrin sayını mümkün qədər azaltmaq.
Anadolulu qardaşlarımız demiş, eyvahlar olsun. Ya da nərədən nərəyə...
 
KƏNAN