Milli Şura parlament seçkilərinə qatılacaq? – BƏYANAT

Baxış sayı:
5635

Azərbaycanda gözlənilən erkən parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası (MŞ) növbədənkənar toplantı keçirib və müzakirələrin sonunda bəyanat qəbul edib. Muxalifet.az az Politika.info-a istinadən xəbər verir ki, qəbul olunan bəyanatda deyilir ki, gözlənilən yeni seçkilər ölkədə çox ciddi sosial, siyasi gərginlik dövrünə təsadüf edib. MŞ ehtimal edir ki, məqsəd demokratikləşmə yox, müxalifəti qəfil yaxalayıb seçkiləri daha asan qalib gəlməkdir. “Milli Şura bu ehtimalların həqiqət payının yüksək olduğunu düşünür və bunu nəzərə alır. Lakin bununla yanaşı hesab edir ki, nəzərdə tutulan erkən seçkini cəmiyyət üçün müsbət hadisəyə çevirmək şansı da var”-deyə bəyanatda vurğulanır. Milli Şura hesab edir ki, təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır: “Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun”. Bəyanatda daha sonra qeyd olunur ki, Milli Şura Azərbaycan cəmiyyətində dinc, demokratik inkişafa inam və ümid yarada bilən seçkilərdə iştiraka hazırdır və qalib gəlmək iddiasındadır. Bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri sayır: - Seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşmalıdır; - Namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı); - Bərabər təbliğat imkanları, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır; - Sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməlidir; - Seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir; - Seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır; - Siyasi məhbuslar azad edilməlidir. Milli Şura bəyan edib ki, bu tədbirlərin həyata keçirilməsi üçün vaxt da var və bunlar edilmədən yeni seçki keçirməyin heç bir mənası olmayacaq. Ona görə də hakimiyyət təcili qaydada bu minimum islahatları həyata keçirməlidir. Bu tədbirlər həyata keçiriləcəyi təqdirdə Milli Şura seçkilərdə iştirak edəcək. Əks halda isə Milli Şuranın prosesdə iştirak etməyəcəyi və seçkiləri boykot edəcəyi vurgulanır.