"Milli Şura həbsxanaya getməyə hazır olan 100 min adamı yetişdirməyə imkan vermir"

Baxış sayı:
17002

"Demokratik dəyişikliklərə nail olmaq üçün mütləq xalqın böyük əksəriyyəti küçələrə çıxmalıdır"
"Əgər xalqın iştirakı yoxdursa, o zaman xalqın maraqları uğrunda aparılan istənilən mübarizə demoqogiyadır"

Müsavat Partiyasının başqanı Arif Hacılı bugünlərdə özünün "facebook" səhifəsində müxalifətin birliyi məsələsinə toxunub və bununla bağlı yeni təklif irəli sürüb. Belə ki, o, mövzunun yenidən aktuallaşdığını qeyd etməklə yanaşı, partiya rəhbərlərindən siyasi qüvvələrin əməkdaşlığının tələb olunduğunu bildirib: "Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm".
Məsələnin maraqlı tərəfi ondadır ki, bu gün müxalifətin birliyinə həsr olunmuş dəyirmi masada sözügedən düşərgədə təmsil olunan bir çox siyasi təşkilatın iştirakı nəzərdə tutulmayıb. Yəni Arif Hacılı tərəfindən onlara dəvət göndərilməyib. Həmin siyasi təşkilatlardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Məhz elə bu səbəbdən də ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə həm bu barədə, həm də müxalifətin birlik imkanları, bunun reallaşma yolları və digər mühüm mövzularla bağlı söhbətləşdik.
(Əvvəli bu linkdə: "AXCP ilə Müsavat arasındakı düşmənçilik Elçibəy iqtidarını süquta uğratdı" - ADP SƏDRİ"
- Sərdar bəy, bildiyiniz kimi, Milli Şura noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış mitinqi ləğv edib. Bunun ardınca isə AXCP sədri Əli Kərimli "Meydanlara daha böyük qüvvə ilə qayıtmalıyıq", deyə bəyanat verib. Sizcə, AXCP sədri buna nail ola biləcəkmi?
- Nəzərinizə çatdırım ki, mən bu fikri mitinqdən əvvəl demişdim. Bildirmişdim ki, ilk öncə demokratik güc yaratmalı və bundan sonra küçəyə çıxmalıyıq. Onlar isə əvvəlcə addım atır, daha sonra fikirləşirlər. Məgər, birinci mitinqlə bağlı qərar verərkən bilmirdilər ki, küçəyə çıxmaq, ardıcıl mübarizə aparmaq üçün daha böyük qüvvə yoxdur?! Bu halda niyə mitinq qərarı verildi? Nədən bəzi adamları döydürdülər, xəyal qırıqlığına məruz qoydular? Axı, bütün bunlara nə zərurət vardı?! Mən neçə dəfə demişəm ki, bu gün mitinqə sosial tələbat yoxdur. Bəli, aktiv narazı adamlar var. Lakin hələlik onların sayı yetərli deyil. Bu məqamda, demokratik gücün nə olduğuna dair bir misal çəkim. İngilislər 5 milyon hindistanlını aparıb Cənubi Afrika mədənlərində işlədirdilər. Və belə bir qərar veriblər ki, hindlilər Hindistana qayıda bilməzlər. Hindistan milli-azadlıq hərəkatının lideri, Londonda hüquq təhsili almış Mahatma Qandi isə həmin vaxt Cənubi Afrikada hüquqşünas işləyirdi. Hindlilər onun yanına gedir və onların Hindistana qayıtmasını qadağan edən qanundan şikayət edirlər. Bildirirlər ki, bu barədə nə qədər müraciət etsələr də ingilislər onları vətənlərinə buraxmır. Onda Mahatma Qandi deyir ki, bunun bir yolu var, gedək qanunu pozaq. Onu da deyir ki, bu, 5-10 nəfərlə olmaz. Məhz bundan sonra Cənubi Afrikada yaşayan hindlilərin böyük əksəriyyəti Hindistan sərhədinə gedirlər. Qanunu pozduqlarına görə, ingilislər onları tutur. Məlum olur ki, hadisə zamanı 100 min hindli həbs edilib. Sonradan görüblər ki, bu qədər adamı həbsxanada saxlamaq mümkün deyil. Ona görə də qanunu dəyişiblər və hindlilərə Hindistana getməyə icazə veriblər. Baxın, bu, çoxluğun gücü, demokratik güc deməkdir. Təbii ki, bu gün Azərbaycanda yetərincə fədakar, aktiv gənclər var. Elələri bizim partiyada da var. Əgər onlara desəm ki, get ölümə gedəcək. Amma bunların üzərindən siyasət qurmaq olmaz. Demokratik güc çoxluğun gücüdür. Axı, hazırda belə bir güc yoxdur. Məgər, biz demədik ki, sosial sifariş yoxdur, niyə mitinq keçirirsən?! Odur ki, Əli Kərimlinin daha böyük qüvvə ilə bağlı dediyi bizim onların mitinqlərinə verdiyimiz qiymətdən fərqlənmir. Milli Şura mitinqləri təyin edərkən demişik ki, hələ daha böyük güc yaranmayıb. Bildirmişik ki, imkan verin iş getsin, təbliğat aparılsın. Budur, indi nə oldu? Yenə də xəyal qırıqlığı. İndi sən nə qədər işləməlisən ki, meydana keçən mitinqə gələn qədər adam yığa biləsən. Çünki o adamlar artıq pəjmürdə oldular. Onlar ümid edirdilər ki, Milli Şura bizi qələbəyə qədər aparacaq. Milli Şura Mahatma Qandinin dediyi həmin izdihamı, yəni həbsxanaya getməyə hazır olan 100 min adamı yetişdirməyə imkan vermir. Demokratiya məhz onda olacaq. O zaman "istefa" deməyə belə, ehtiyac olmayacaq. Bu halda hökumət deyəcək ki, hansı qərarı istəyirsinizsə, həmin qərarı da verməyə hazıram. Bütün dünya demokratiyaya məhz bu yolla keçib. Yəni demokratik dəyişikliklərə xalqın böyük çoxluğunun dəstəyi ilə nail olmaq mümkündür.
"Yaranmış narazılıqdan sui-istifadə etdilər, yəni, onlar eqoistik maraqlardan çıxış etdilər ki, Milli Şuranın adı çıxsın"
- Fikirlərinizdən belə qənaətə gəlmək olar ki, Milli Şura, konkret olaraq AXCP sədri əhali arasında yaranmış narazılıqdan divident qazanmaq üçün istifadə etdi. Sizi düzmü başa düşdüm?
- Bəli, yaranmış narazılıqdan sui-istifadə etdilər. Yəni, onlar eqoistik maraqlardan çıxış etdilər ki, Milli Şuranın adı çıxsın. Desinlər ki, Azərbaycanda yeganə siyasi qüvvə Milli Şuradır və mitinqləri yalnız o, keçirir. Bundan sonra Müsavat Partiyası da geridə qalmamaq üçün tez AXCP-nin yoluna baş vurmağa çalışır. Eqoistik maraq məhz budur. Bir daha qeyd edirəm, əgər Əli Kərimli meydanlara daha böyük qüvvə ilə çıxmağa çalışırsa, o zaman bunu öncədən fikirləşməli idi. Milli Şura bilməliydi ki, böyük güc formalaşmadan, fədakar insanları küçəyə çıxarıb döydürmək olmaz. Axı, bununla heç nə dəyişmədi. Yəni ac yenə də ac, işsiz də içsiz qalacaq. Hər mitinq heç olmasa bir vətəndaşın probleminin həllinə kömək etməlidir. Atdığımız hər bir addım cəmiyyətdə kiçicik də olsa, dəyişikliyə səbəb olmalıdır. Baxın, Milli Şuranın mitinqindən sonra nəsə dəyişdimi? Xeyr. Bütün bunlar ona görə edilir ki, xalqın artıq filankəsi dəstəklədiyini, Milli Şuranın aparıcı qüvvə olduğunu desinlər. Axı, belə şeylər üçün xalqı küçəyə çıxararlar?! Eqoistik maraqlar üçün camaatı aldatmaq olmaz!
"Bunları açıq şəkildə dedikdə xain, satqın damğası vururlar, hökumətə işləməkdə ittiham edirlər"
- Bu cür çıxışlarınıza görə sizi ittiham edən olurmu? Çünki fikirləriniz müxalifət düşərgəsində təmsil olunan bir çoxlarının maraqlarına ziddir. Belə demək mümkündürsə, hətta onların ifşasına səbəb olur.
- Doğrudur, biz bunları açıq şəkildə dedikdə xain, satqın damğası vururlar, hökumətə işləməkdə ittiham edirlər. Neçə dəfə bəyan etmişəm ki, sosial sifariş yoxdur, mitinq keçirmə. Hansısa partiyanın tərəfdarlarının tələbi sosial sifariş deyil. Neytral insanların mitinq istəməsi sosial sifarişdir. İnsanlar kor-təbii şəkildə küçəyə çıxdıqda, bu, sosial sifariş olur. Əgər insanlar sosial sifarişlə küçəyə çıxmırsa, yalnız partiya üzvləri, tərəfdarlar və ya 5-10 nəfər neytral, vicdanlı adam mitinqə qoşulursa, bu, hansısa partiyanın demokratik güc olduğu anlamına gəlmir. Demokratik dəyişikliklərə nail olmaq üçün mütləq xalqın böyük əksəriyyəti küçələrə çıxmalıdır. Yəni meydana yalnız yüz minlər çıxdıqda irəli sürülən tələbləri həyata keçirmək mümkün olur. Baxın, demoqogiya ilə demokratiya arasında çox kiçik fərq var. Belə ki, demoqogiyada sən xalqın maraqlarını təmin edəcəyini iddia edirsən, onun təmsilçisi kimi çıxış edirsən, lakin özünün eqoistik maraqlarına xidmət edirsən. Demokratiyada isə 3 prinsip var: Xalqın maraqları, xalqın iştirakı və xalqın mandatı. Əgər xalqın iştirakı yoxdursa, o zaman xalqın maraqları uğrunda aparılan istənilən mübarizə demoqogiyadır. Çünki demokratiyanın qızıl prinsipi iştirakçılıqdır. Yəni hər bir şəxs əldə etmək istədiyi azadlıq üçün mütləq özü fəaliyyət göstərməlidir. Azadlığın mahiyyəti bundan ibarətdir. Azadlığı insan özü əldə etməlidir. Əks halda, o, azad ola bilməz.
"Hamı deyir ki, qoy, görək müxalifət nə edəcək, çünki insanlar demokratiyanın məhz onların özü ilə bağlı olduğunu başa düşmür"
- Görünən odur ki, vətəndaşların siyasi proseslərdə iştirak səviyyəsi sizi qane etmir...
- Baxın, əgər bu gün Azərbaycanda ABŞ konstitusiyasını tətbiq etsək belə, əhalinin bir çox hissəsi yenə də passiv, qeyri-azad olaraq qalacaq. Niyə? Çünki azadlığın əldə edilməsində onun şəxsi heç bir xidməti yoxdur. Məsələn, bu gün Azərbaycan Konstitusiyasında çoxlu hüquqlar var ki, onlardan biri də birləşmə hüququdur. Azərbaycan xalqının neçə faizi birləşmə hüququndan istifadə edir? Bəlkə də 0,1 faizi. Azadlıq demirsən, birləşmək hüququn var da, gəl partiyalarda, həmkarlar təşkilatında, qeyri-hökumət təşkilatında birləş. Niyə birləşmirsən? Axı, sənə belə bir hüquq verilib. Deməli, sən azad olmaq istəmirsən. Hüquq ondan istifadə edildikdə hüquq olur. Əks təqdirdə, boş söz yığınından başqa bir şey deyil. Bir sözlə, azadlıq insanın rasional qəbul etdiyi qərarın həyata keçirilməsində maneələrin olmaması deməkdir. Məsələn, mən rasional şəkildə fikirləşirəm ki, Azərbaycanda tamamilə yeni parlament olmalıdır və orada təmsil olunan insanlar xalqa xidmət etməlidir. Özümü də bu cür siyasətçi rolunda görürüm və parlamentə düşmək üçün fəaliyyət göstərirəm. Ancaq hədsiz saxtalaşdırma olduğunu görürəm. Deməli, azadlığım məhdudlaşıb. Odur ki, mən yalnız özüm həmin maneələri aradan qaldırdıqdan sonra azad ola bilərəm. Təəssüf ki, məhz bu məsələdə Azərbaycanda "özüm" sözü yoxdur. Yəni hamı deyir ki, qoy, görək müxalifət nə edəcək. Çünki insanlar demokratiyanın məhz onların özü ilə bağlı olduğunu başa düşmürlər. Buna görə də biz liderlər deməliyik ki, ay mənim xalqım, səni küçəyə mən çıxartmamalıyam. Sən özün küçəyə çıxmalısan, mən də gəlib bildirməliyəm ki, gəlin, yolu belə gedək. Çünki mən aparıcıyam, avanqardam, hərəkətverici güc deyiləm. Bu gün Azərbaycanda aparıcı qüvvə - partiyalar hərəkətverici güc kimi çıxış edirlər. Bu səbəbdən də mitinqlərin əsasını partiyaların üzvləri təşkil edir. Demək olar ki, dünyanın heç bir ölkəsində belə şey yoxdur. Odur ki, siyasi savadsızlıqla, eqoistik maraqlar birləşdikdə heç bir halda hakimiyyəti dəyişmək mümkün olmur. Yəni yekə-yekə "mən liderəm" deməklə iş düzəlmir. Gedin, oxuyun. Onda görəcəksiniz ki, rejimləri demokratiya ilə hansı şərtlərdə dəyişmək mümkündür. Demokratiyanı nə Əli Kərimli, nə Arif Hacılı, nə də Sərdar Cəlaloğlu kəşf edib. Demokratiyanın uzun illik dünya təcrübəsi var. Və bu gün demokratik dövlətlərdə orada yaşayan insanların nəzəriyyəçiləri var. Bir baxın, görün onlar demokratiya haqda nə düşünürlər, nə deyirlər. Əfsus ki, Azərbaycan siyasətində özünə lider deyənlərin bir çoxu bu barədə heç nə bilmədiyi halda demokratiya uğrunda mübarizədən danışır. Yəni bizim müxalifət bu gündədir. Bir sözlə, liderlərin çoxunun nəzəri hazırlığının aşağı olması, eqoistik maraqlarının olduqca qabarıq olması ölkədə demokratik müxalifətin əmələ gəlməsinə, birləşməsinə imkan vermir. Kim ordan-burdan 3-5 manat tapıb 500-600 adamı ətrafına yığırsa, deyir ki, ən güclü partiya mənəm. Əgər bu gün həmin adamın əlindən pulu alınsa, onda ətrafında heç kim qalmayacaq, partiyasında ancaq özü olacaq. Halbuki demokratiya pul əsasında deyil, ideyalar ətrafında kütlələrin təşkilatlanmasıdır. Azərbaycanda siyasi ideologiyanın əhəmiyyəti o qədər kiçildilib ki, insanlar elə bilir ki, ideologiyasız, ideyasız nəsə etmək mümkündür. Bu, tamamilə yanlışdır. Psixoanaliz elminin banisi Ziqmund Freydin yaxşı sözü var. O deyir ki, insan 60 kiloqramlıq ət parçasıdır, siz ona ideya verərsiniz, o, canlanar insan olar. Və ona hansı böyüklükdə ideya verərsinizsə, o da bir o qədər böyük insan olar. Ona görə də dahi fizik Albert Eynşteyn Mahatma Qandi haqda deyib ki, bəlkə, gələcək nəsilləri inandırmaq olmayacaq ki, bu günah dolu dünyada canı canımızdan, qanı qanımızdan olan belə bir adam gəzib. Çünki Mahatma Qandi o boyda İngiltərə imperiyasına dinc, əli yalın, yalnız ideya ilə qalib gəldi, Hindistanı azad etdi. Eləcə də Lenin sosialist inqilabında, Xomeyni isə İran inqilabında məhz ideya ilə qalib gəldi. Odur ki, insanları ideya aparmalıdır, onlara vəd vermək olmaz. Çünki vəzifəyə gətirəcək, uşaq pulu verəcəm və s. bu kimi vədlərlə insanları məhv edirsən. Yəni bir insan öz azadlığı uğrunda mübarizə aparmaq əvəzinə maraqları uğrunda mübarizə aparırsa sonda məhv olacaq. Təəssüf ki, bu gün Azərbaycanda sadə vətəndaşların böyük əksəriyyəti, o cümlədən liderlərin çoxu azadlığın nə demək olduğunu düzgün başa düşmür. Fransız filosofu Jan Jak Russo deyir ki, diktaturaya qarşı ən yaxşı mübarizə diktaturanın nə olmasını bilməkdir. Yəni insan biliksiz şəkildə fəaliyyət göstərə, nailiyyət əldə edə bilməz. Bu zaman ortaya sual çıxır: Azadlığın, demokratiyanın anlamını bilməyənlər, qabağa düşüb "Sizi qələbəyə, demokratiyaya aparacam" deyənlər camaatı bilmədiyi yerə necə aparacaq? Bir daha qeyd edirəm, nə qədər ki, bu qüvvələr müxalifətə avanqardlıq etməyə çalışacaq, biz xilas ola bilməyəcəyik, ölkədə heç bir demokratikləşmə olmayacaq!
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, 
Hurriyyet.org