​Milli Şura Bakıda mitinq keçirib - BŞİH-dən RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.
“Report”un xəbərinə görə, məlumatda deyilir: “Oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1 200 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

***
16:04

Mitinqin təşkilatçıları iddia edir ki, internetin sürəti məqsədli şəkildə zəiflədildiyi üçün aksiyanı canlı yayımlamaq mümkün olmur.

***
15:14
Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.
Muxalifet.az-ın xəbərinə görə, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da bir çox fəalların pois iadarəsinə çağırılması ilə bağlı məlumatlar var. Polisdə dindirildiyini söyləyən fəalların bildirməsinə görə, onlardan mitinqə gedib-getməyəcəkləri və ailə üzvləri ilə bağlı məlumatlar soruşulub.
Bu məlumatları Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.