Milli Qəhrəman anası ağır şəraitdə yaşayır (VİDEO)

"Mən utanıram camaata deyəm ki, Milli Qəhraman anasıyam"

73 yaşlı Şəfiqə Rüstəmova əslən Ağdamın işğal altındakı Xıdırlı kəndindəndir. Ürək çatışmazlığından əziyyət çəkən ağbirçək Milli Qəhrəman anasıdır. Ağdam Rayon Daxili İşlər Şöbəsinin post-patrul alayında xidmət edən oğlu Hidayət Rüstəmovu 1991-ci ildə, Xocalı rayonunun Meşəli kəndi uğrunda gedən döyüşlərdə itirib. Ağdamın işğalından sonra isə Bərdənin pambıqçılıq texnikumunun yataqxanasında məskunlaşan Şəfiqə ananın itkiləri bununla bitməyib.

2006-cı ildə daha bir oğlu avtomobil qəzasının qurbanı olub. Bir qədər sonra isə həyat yoldaşı dünyasını dəyişib. O vaxtdan da ailənin bütün yükü onun çıyınlərinə düşüb. Qızı, gəlini və iki nəvəsilə bir otaqda məskunlaşan ağbirçək ömrünün ahıl çağında da olsa, bir az rahatlıq tapmaq istəyir.

“Nə kanalizasiyası var, nə də suyu. Kəndirlə su çəkirlər, ürəyim də ağrıyır. Sanitar qovşaq isə evdən düz 200 metir aralıda yerləşir, gedib-gələ bilmirəm. Özüm də şikəstəm”, – deyə şikayətçi Şəfiqə Rüstəmova bildirib.

Bu günə qədər problemlərinin həlli üçün döymədiyi qapı qalmayıb. Hər dəfə də mənzil əvəzinə ümid verib deyiblər ki, gözləyin. Şəfiqə ana isə növbəti dəfə çatana qədər xəstə ürəyinin vəfa etməyəcəyindən qorxur.

“Yağan yağış hamısı tavanda evin içinə tökülür. Bəs bizə nə vaxt ev veriləcəkdir? 22 ildir ki, o anı gözləyirəm. Mən utanıram camaata deyəm ki, Milli Qəhraman anasıyam. Deyirlər sən necə Milli Qəhraman anasısan ki, səni itirib-axtaran yoxdur”, – deyə Şəfiqə Rüstəmova qeyd edib.

Məsləyələ bağı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəsi Sərdar Zeynalov bildirdi ki, hazırda Bərdə rayonunda 4 Milli Qəhraman ailəsi mənzil növbəsindədir:

“Hazırda Rüstəmovlar ailəsi Bərdənin pambıqçılıq texnikumunun yataqxanasında müvəqqəti olaraq məskunlaşıblar. Çox güman ki, təhsil müəssisəsi olduğuna görə dövlət komissiyası tərəfindən tək o yox bütün yataqxana sakinlərilə bərabər köçürüləcək.

Milli Qəhrəman anası ilə birgə biz də ümid edirik ki, bu dəfə verilən vəd yerinə yetirilər. Yeni salınan qəsəbədəki evlərdən biri də bu ailəyə qismət olar.