“Milli ordu üzərində ictimai nəzarət bərpa olunmalıdır” – BAŞ REDAKTOR MİLLİ MƏCLİS RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
1732

Vüqar Məmmədov: “Sizcə, bu qanunun hələ də qüvvədə olması ölkə başçısının iradəsinə qarşı çıxmaq deyilmi?!”
 
“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmədov Milli Məclisin spikeri Sahibə xanım Qafarovaya, eləcə də parlament rəhbərliyinə və bütün deputatlara müraciət ünvanlayıb. Baş redaktor müraciətində bir neçə il əvvəl Milli Məclisin qəbul etdiyi Milli ordu üzərində ictimai nəzarətin qaldırılması haqda qərarın ləğv olunmasının vacibliyinə diqqət çəkib:
“Hörmətli Sahibə xanım!
Hörmətli deputatlar!

Azərbaycan Milli Məclisinin keçmiş rəhbərliyinin və üzvlərinin Milli ordu üzərində ictimai nəzarətin qaldırılmasına hansı niyyətlə səs verməsi ilk gündən bizim üçün anlaşılmaz idi. Son illərdə baş verən proseslər isə göstərdi ki, həmin qanunun qəbulu Müdafiə Nazirliyi rəhbərliyində və hərbi hissələrdə kök salan antimilli, Rusiyapərəst qüvvələrin maraqlarını təmin etmək məqsədi güdüb. Çünki bu qanundan əvvəl onlar istədikləri kimi “at oynada” bilmirdi, ordu üzərində ictimai nəzarət vardı. Baş verən neqativ hadisələr məlumatlı şəxslər tərəfindən ictimailəşdirilir, nəticədə isə bir çox qanunsuzluqların, özbaşınalıqların qarşısı vaxtında alınırdı.

Vüqar Məmmədov
Amma orduya ictimi nəzarətin aradan qaldırılmasını qanun çərçivəsinı salmaqla, həmin adamların əl-qollarını daha da geniş açmasına və onların daha da azğınlaşmasına şərait yaradıldı. Ona görə də hesab edirik ki, bu mürtəce qanun ləğv edilməli, ordu üzərində ictimai nəzarətin bərpası təmin olunmalıdır. Düzdür, hərbi hissələrdə baş verən neqativ hadisələrin ictimailəşməsi dövlətimizin imicinə kifayət qədər zərbə vurur. Amma belə bir qanunu o halda qəbul etmək olardı ki, orduda baş verən qanunsuzluqlarla bağlı bütün şikayətlərə yerindəcə cavab verilsin. Təəssüf ki, bu günə qədər Müdafiə Nazirliyinə ünvanlanan bütün məktublar, şikayətlər cavabsız qalıb. Bununla da orduda baş verən neqativ olaylar ört-basdır edilməklə yanaşı, qanunsuzluq, özbaşınalıq edən şəxlərə daha böyük meydan verilib. Nəticədə isə Milli orduda korrupsiya, rüşvətxorluq, ozbaşınalıq halları daha da kəskin vüsət alıb.

Sahibə Qafarova
Bu səbəbdən, özünü gerçək millət vəkili hesab edən deputatlardan xahiş edirik ki, bu məsələ parlamentdə qaldırılsın, həmin qanun ləğv olunsun və ordu üzərində ictimai nəzarətin bərpası məsələsi yenidən gündəmə gəlsin. Bir halda ki, Prezident İlham Əliyev əksər çıxışlarında dövlət strukturları və məmurlar üzərində ictimai nəzarətin vacibliyindən danışır, mətbuatı və vətəndaşları buna səsləyir, o zaman Milli ordu üzərində ictimai nəzarətin qanunla qadağan edilməsi nə dərəcədə doğrudur?! Sizcə, bu qanunun hələ də qüvvədə olması ölkə başçısının iradəsinə qarşı çıxmaq deyilmi?! Biz bunu Prezidentin iradəsinə qarşı çıxmaq, antimilli qüvvələrin maraqlarına xidmət etmək kimi qəbul edirik. Bəs, siz bu qanunun mövcudluğu haqda nə düşünürsünüz?!”

Hurriyyet.org