“Milli mentalitetimiz, adət-ənənəmiz məhv olub gedir..." - TANINMIŞ YAZIÇI "HƏYƏCAN TƏBİLİ" ÇALIR

Baxış sayı:
1550

Seyran Səxavət: “Sosial şəbəkələrdə söyən və söyülən tərəfin ikisinə də nifrət edirəm” "Əksər telekanalları bağlamaq lazımdır” Son vaxtlar əksər televiziyaların, mətbu orqanların fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi iradlar var. Hətta televiziyalara rəhbərlik edən şəxslərin özləridə etiraf edirlər ki, bir sıra verilişlər, seriallar əxlaqsızlığı təbliğ edir. Maraqlıdır ki, cəmiyyətimizdə milli-mənəvi dəyərlərin aşınmaya məruz qalması nə ilə bağlıdır? “Hurriyyət”in bu və digər suallarını tanınmış yazıçı Seyran Səxavət cavablandırıb: - Mənim bu fikrim camaata, oxuculara bir az qəribə gələcək. Bizim milli şüur səviyyəsini nəzərə alanda, bu 10 milyonluq əhaliyə 1 ya 2 televiziya bəsdir. Yəni televiziyalarımız bərbad gündədir. Lap başda oturandan aşağızısına, sürürgəçisinə qədər əksəriyyəti savadsızdır, dünyadan xəbəri yoxdur. Yoldan keçənləri tutub aparırlar ki, gəl, veriliş apar, aparıcılıq elə. Mən bunun haqqında dəfələrlə demişəm. Elə bir saat bundan qabaq verilişdə idim, bir də dedim. 15 gün bundan qabaq da bu barədə demişəm. Bunun hamısı milli şüurla bağlıdır. Milli şüuru da tənzimləyən, onun dərəcəsini, intellektini, ayıqlığını qaldıran təhsildir. Bizdə təhsil yoxdur. Ona görə də televiziyada, toyda, yasda, hər yerdə ağızmıza gələni danışırıq. Hər yerdə bizik də. Televiziya da bizik. Televiziya başqa yerdən gəlmir ki. Yəni biabırçılıq baş alıb gedir. Buna görə mən bütün televiziyaları bağlayardım, 1 ya 2 televiziya saxlardım. Çünki 1 televiziyaya qarşı mübarizə aparmaq daha asandır. Mən bir məqalə yazmışdım, ki, “cümlə qurmaq dövlət qurmaq qədər çətindir”. Televiziya məkanları Azərbaycan dilinin anasını ağladır. İstənilən ən reytinqli verilişi gətirsinlər, ekspertlərlə oturaq, mən deyim ki, bu, Azərbaycan dilində deyil, sübut edim, biabırçılıqdır. Azərbaycan dili reanimasiyadadır, xəstəxanadadır. Azərbaycan dilini “təcili yardım” aparıb, vəziyyəti də ağır stabil olaraq qalır. - Bəzən belə fikirlər də səslənir ki, televiziyalar özlərinin mövcudluğunu qorumaq üçün şou xarakterli verilişlərin sayını artırmağa məcburdu. Çünki cəmiyyətdə şouya maraq göstərilir. Sizcə, Azərbaycan cəmiyyətində bu cür səviyyəsiz verilişlərə maraq göstərilməsi haqqında deyilənlər həqiqətdirmi və əgər belədirsə, bu, nə ilə bağlıdır? - Yenə də bizim bisavadlığımız, təhsillə bağlıdır. O deyilənlər də hamısı həqiqətdir. Aparıcıların ağzından horra tökülür. Bəzən lap əxlaqsızlığı təbliğ edirlər, Azərbaycanca danışmırlar, efirdə biabırçılıqlar olur. Hamımız görmüşük. Mən bu barədə o qədər iyrənirəm ki. Bu iyrənclikər barədə artıq danışmağın vaxtı keçib. Bizim televiziya məkanının Azərbaycan dilini korlamağı ilə bağlı məndə 30 minə qədər fakt var. Onların bir xeylisini o yazımda yazmışdım. Onu mətbuatda müzakirə də elədilər. Mən orada bu naqislikləri göstərməklə bağlı çıxış yolu da göstərmişdim. Bir ay bir televiziya üzrə növbətçilik təşkil edək, bir ay da başqa bir televiziya ilə bağlı bunu edək, onların nöqsanlarını nəzərinə çatdıraq, sonra onlara töhmət verək, ondan sonra şiddətli töhmət verək. Lap sonra da onların lisenziya məsələsini qoyaq ki, lizsensiyası alınsın, ya alınmasın. Onda gör, necə quzu kimi mələyə-mələyə normal veriliş hazırlayacaqlar. Aşağı səviyyəli bir qrup adam üçün şou verirlər. Mən Avropada da, Afrika da, hər yerdə şoular görmüşəm, bizim televiziyalardakı şou deyil, ideotizimdir. Buna dövlət səviyyəsində müdaxilə olmalıdır, özü də çox ciddi, sərrast və çox bağışlanılmaz. - Təəssüf ki, təkcə televiziya və mətbuatda deyil, sosial şəbəkələrdə də çox biabırçı bir vəziyyət yaranıb. İnsanlar sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq ölkə rəhbərliyini, siyasiləri, ayrı-ayrı ziyalıları təhqir edir, hətta bəzi hallarda onların ailədaxili sirrlərini cəmiyyətə açıqlayır. Bütün bunlar nə ilə bağlıdır və həlli yollarını görürsünzümü? - Sosial şəbəkədə özləri bilər. Xalq ən çox televiziyaya baxır. Sosial şəbəkədə də erməni, gürcü, rus deyil, özümüzünkülərdir də. Yenə hərlənir, fırlanır, mən deyənə çıxır. Təhsil sisteminin sıfır olmağı və onun da əsasında milli şuüurun sıfırdan aşağı olmağıdır. Burada uzun uzadı müzakirəyə ehtiyac yoxdur. O televiziyalar cəzalandırmalıdırlar. - Belə bir fikir də var ki, ölkədə aparılan söyüş kompaniyası hansısa maraqlı qüvvələr tərəfindən idarə olunur. Bu haqda siz nə düşünürsünüz? - Mən bilmirəm, söyüşü kim başlayır, kim eləyir. Mən elə axmaq-axmaq işlərə qarışmıram. Mən nə söyən, nə söyülən tərəfəm. İkisinə də nifrət edirəm. - Adətən bir toplumda milli mənəvi dəyərlər aşınmaya məruz qalanda sizin kimi nüfuzlu ziyalıların sözünə daha çox ehtiyac duyulur. Ancaq bu gün Azərbaycanda bir çox ziyalı bu kimi həqiqətlərlə qarşılaşanda susqunluq nümayiş elətdirir. Bunun səbəbləri nədir? - Bizim kimi ziyalıların sözünə heç bir ehtiyac yoxdur, o yalandır. Bizdə elə bir həssas bir cəmiyyət yoxdur. Elə bir həssas ictimai qınaq olan yerdə, həssas, səviyyəli, milli şüuru normal olan ölkələrdə ziyalı sözünə ehtiyac var. O cəmiyyət onları eşidir və çarə qılmağa başlayır. Bizdə it yiyəsini tanımır, yiyiəsi də itini. Ona görə də mümkün deyil. Həqiqətin gözünün içinə dik baxıb, real şeyləri demək lazımdır və heç nəyi sığallamaq lazım deyil. Milli mentalitetimiz də, adət-ənənəmiz, başda dilimiz olmaqla, məhv olur gedir, heç kimin də vecinə deyil. - Seyran müəllim, ümumiyyətlə, Azərbaycan cəmiyyətində mövcud olan problemlərdən çıxış yolunu nədə görürsünüz? Bu problemlərin həlli üçün dövlət səviyyəsində hər hansı islahatlar paketinə ehtiyac varmı? - Mən dedim, axı. Dedim, ciddi dövlət müdaxiləsi olmasa, bu, fəlakətdir, qəzadır. Sonra gec olacaq. Şamo EMİN, Hurriyyet.org