Milli Məclisin işlər müdiri haqqında ŞOK İDDİA – “...Firudin Hacıyev böyük oliqarxa çevrilmişdir”

Baxış sayı:
9304

Bəlli olduğu kimi, ötən ilin ortalarında deputatların əmək haqqı artırıldı. Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilib. Bu artıma əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alırlar. Eyni zamanda deputatlarla yanaşı Milli Məclisin aparatı da öz işçilərinin maaşını artırmışdır. Lakin bu cür yüksək artım deputat köməkçilərinə şamil olunmamışdır. Bu ayrı-seçkilikdən, biganəlikdən və sosial ədalətsizlikdən narazı qalan bəzi deputat köməkçiləri Muxalifet.az-a bildiriblər ki, Milli Məclis aparatında maaşı artan işçilərin əksəriyyəti yüksək çinli məmurların övladlarıdırlar. Hansı ki, onlar demək olar ki, heç bir işlə məşğul olmurlar. Bu şəxslər Milli Məclisə yalnız və yalnız karyera tramplini kimi baxırlar. Ancaq onlardan fərqli olaraq deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, onların problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Məlumatda o da qeyd olunur ki, dövlət büdcəsindən 2019-cu il üçün nəzərdə tutulmuş Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna əlavə olaraq 11 100 000 manat həcmində vəsait ayrılmışdır: “Məhz bu vəsait Milli Məclisin bütün işçiləri, o cümlədən deputat köməkçiləri üçün də nəzərdə tutulmuşdur. Lakin, Milli Məclisin Maliyyə idarəsi, başda Firudin Hacıyev bütün işçilər üçün nəzərdə tutulmuş bu vəsaiti öz istədiyi kimi bölüşdürmüşdür. Nəticədə, deputat köməkçiləri bu artımdan kənarda qalmışlar”. O da bildirilir ki, Firudin Hacıyevin 72 yaşı (1947-ci il təvəllüdlü) olmağına baxmayaraq, o hələ də dövlət qulluğu sistemində işləyir və təqaüdə göndərilmir: “Necə ola bilər ki, dövlət qulluğu sistemində 65 yaşa çatan hər bir şəxs təqaüdə göndərildiyi bir halda 40 ildən artıqdır eyni postu tutan və yaşı yetmişi ötmüş bir şəxsə ayrıcalıq tanınsın. Həmçinin, bu müddət ərzində Firudin Hacıyev öz yaxın qohum-əqrəbasını və yerlilərini də rəhbərlik etdiyi İşlər İdarəsində və Milli Məclisin ayrı-ayrı şöbələrində yerləşdirmişdir. Onu da qeyd edək ki, “çalışdığı” müddət ərzində Firudin Hacıyev böyük bir oliqarxa çevrilmişdir. Belə ki, o, Bakı şəhərində, rayonlarda, hətta xarici ölkələrdə bir çox obyektlərə sahibdir”. Muxalifet.az Redaksiyadan: Yazıda adı qeyd olunan Firudin Hacıyevin mövqeyini dərc etməyə hazırıq.