Milli Məclisin İntizam Komissiyası toplanır - RAFAEL CƏBRAYILOVUN MƏSƏLƏSİNƏ BAXILACAQ

Baxış sayı:
810

“Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”.

Muxalifet.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib.

“Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”-deyə katib əlavə edib.

Məlahət İbrahimqızı bildirib ki, İntizam Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması mütləq müzakirə olunacaq:

“Milli Məclisdə deputatlarla bağlı hansısa məsələ gündəmə gələndə İntizam Komissiyası buna münasibət bildirir və ona uyğun qərar da qəbul edir. Ötən illərdə də bunun şahidi olmusuz. Son günlər mətbuatda yayılan məsələ deputat həmkarımız Rəfael Cəbrayılovla bağlıdır. Ola bilsin ki, Milli Məclisin Aparatına məsələ barədə məlumat daxil olub.

İstənilən halda, baş verən məsələ qanqaraldıcı haldır. Millət vəkili adına yaraşmayan hadisədir. Milli Məclisin İntizam Komissiyası bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin, həmkarımız olan deputat Rəfael Cəbrayılov mətbuat vasitəsilə ictimaiyyətə ətraflı məlumat verməli və baş verənlərə aydınlıq gətirməlidir”

 

Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

Hazırda mətbuatda və sosial şəbəkələrdə deputatın baş verənlərdən sonra mandatının geri alınıb-alınmayacağı müzakirə olunur.