Milli Məclisin biznesmen deputatlarının – Qısa siyahısı

Baxış sayı:
943

“Relaks” İstirahət Mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədov biznes fəaliyyətilə məşğul olan yeganə deputat deyil. Milli Məclis üzvü olan başqa biznesmen deputatlar da var. “Yeni Sabah” onlardan bəzilərini oxucularına təqdim edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini,  97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən deputat seçilən Ağalar Vəliyev – “Azəraqrartikinti” ASC-nin sədridir. Azəraqrartikinti” ASC özəlləşərkən tabeliyində bir çox rayon filialı da olub. Bəziləri isə özəlləşmə həyata keçirildikdən sonra yaradılıb və anında tam gücüylə fəaliyyətə başlayıb. 

"Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93  ünvanda daha iki şirkət də qeydiyyatdadır. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis” MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital İnşaat” MMC.

Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var. Bunlar:

"Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də "Muğan LTD” MMC-nin təsisçisidir.

"Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri İmanqulu Əliyev eyni zamanda "Bərpaçı Dizayner” MMC nin rəhbəridir.

"Azəraqrartikinti”nin Bakı 3 sayı filalının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; "Qaragözova” MMC və "Tərəqqi-2008″MMC.

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materiallari istehsali filialinın rəhbəri Nəsib Növbərov həm də "Şəki şirkəti” adlı başqa bir müəssisənin də təsisçisidir.

Bütün bunlara faktiki nəzarəti isə Ağalar Vəliyev həyata keçirir.

Bundan başqa, hündürmərtəbəli binalar tikən “Kristal Abşeron” şirkəti də Ağalar Vəliyevə məxsusdur. 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilən Hadı Rəcəbli - Lənkəranda dəniz kənarında yerləşən “Palıdlı Sahil” İstirahət Mərkəzi ona məxsusdur. 

Milli Məslicin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilən Cavid Qurbanov – “Azercon” Açıq Səhmdar Cəmiyyəti. O, 27 avqust 2002-ci il tarixdə 0102-A1-801 nömrəsi ilə dövlət qeydiyyatına alınan “Qlobal Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunması və adının dəyişdirilməsi nəticəsində formalaşıb. Əvvəlcə “ACC” ASC adını daşıyan şirkət, sonradan (iyun, 2013-cü il) ikinci dəfə rebrendinq edib və hazırda “Azercon” ASC adlanır. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.

Bundan başqa, Cavid Qurbanov “TOPAZ”ın səhm paketlərini də alıb. “TOPAZ”ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkətinin “Azerinteltek”dəki payını satışa çıxartması barədə ötən il məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Medianın apardığı araşdırma nəticəsində məlum oldu ki, “Baltech Investment LLC” şirkəti də Cavid Qurbanova məxsusdur. 

C. Qurbanov Pirşağıda “Həyat”, Qubada “Dəvədabanı” istirahət mərkəzlərinin də sahibidir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Rüfət Quliyev - “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. ASC Azərbaycanda tütün məmulatları istehsal edir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilən Hacı Salayev -  “TRUST” mühafizə şirkətinin ona məxsus olduğu bildirilir. Mediada gedən məlumatlara görə, Yasamalda fəaliyyət göstərən “Lake Palace Hotel”in də sahibinin Hacı Salayev olduğu iddia olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 79 saylı İmişli seçki dairəsindən deputat seçilən Əsabil Qasımov -  Deputat seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub. 2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Holdinqdə idarəçiliyi oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanova tapşırsa da, faktiki rəhbərliyi və nəzarəti yenə də Əsabil Qasımov həyata keçirir.

Bundan başqa, Əsabil Qasımov Rusiyanın kurort şəhəri olan Yesentükidə fəaliyyət göstərən İstoçnik adlı sanatoriyaya da sahibdir. Sanatoriyanın inşasına 1.5 milyard rubl xərclənib. 

“Karmen” un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən “Karat” dəyirmanı, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunun da Əsabil Qasımova məxsus olduğu bildirilir.

Milli Məclisin Aqrar siyasət və Mədniyyət komitələrinin üzvü, 33 saylı Xətai birinci seçki dairəsindən deputat seçilən Hüseynbala Mirələmov – Şıx çimərliyində yerləşən “1001 gecə” restoranının sahibidir.

Milli Məclisin  Aqrar siyasət komitəsinin üzvü, 96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputat seçilən Mahir Aslanov -  “Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” hotel, “Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olduğu bildirilir.

Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Salyandan deputat seçilən Əliağa Hüseynov -  Bakının Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranın sahibidir. Deputatın Salyanda fermer təsərrüfatının olduğu barədə də məlumatlar var.

Milli Məclisin Mədəniyyət və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvü, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilən Cavanşir Feyziyev – “Avromed” şirkətinin təsisçisidir. Bu şirkət Azərbaycanda dərman satışını təşkil edən ən şirkətlərdən biridir. 

Milli Məclisin Regional məsələlər və Gənclər və idman komitələrinin üzvü, 51 saylı Qusar seçki dairəsi deputat seçilən Azər Badamov – Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli məlumat yaymışdı ki, deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m ikimərtəbəli ticarət mərkəzi tikdirib. Obyekt bu ilin yanvarında istifadəyə verilib.

Təbii ki, adlarını qeyd etdiyimiz millət vəkilləri bizneslə məşğul olan deputatların məhdud bir siyahısıdır. Qeyd etdiklərimizdən bir neçə dəfə çox deputat böyük biznes idarəçisidir.