Milli Məclis Əli Əsədovun baş nazir təyin edilməsinə razılığını verdi - YENİLƏNİB

Baxış sayı:
253

Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov deputatları məlumatlandırıb ki, Novruz Məmmədov baş nazir vəzifəsindən azad edilməsi üçün prezidentə müraciət edib.  O, baş nazir postuna yeni namizəddən danışaraq bildirib ki, Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən bir insandır, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: “Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov baş nazir vəzifəsini layiqincə yerinə yetirəcək”.

İclasda Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirə edilib. Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

*** 12:11

Bir neçə dəqiqə əvvəl Milli Məclisin plenar iclası başlayıb.

İclasda deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edir.

Məlumata görə, qanunverici orqanın mütləq əksəriyyətini təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları yekdilliklə prezidentin təqdim etdiyi namizədə səs verməyə hazırlaşırlar.

*** 10:22

Prezident İlham Əliyev yeni baş nazirin namizədliyini Milli Məclisə göndərib. Həmin namizəd prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur.

Bu məsələ rəsmi olaraq Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.Xatırladaq ki,  baş nazir Novruz Məmmədov bu gün istefa verib.

***

Bu  gün Azərbaycanda baş nazir dəyişəcək.

Virtualaz.org xəbər verir ki, Milli Məclisin az əvvəl başlamış plenar iclasının gündəliyinə baş nazir Novruz Məmmədovun istefası və onun yerinə irəli sürülmüş yeni namizədin təsdiqlənməsi məsələsi daxil edilib. N.Məmmədov 2018-ci ilin yazında baş nazir təyin edilmişdi.