Milli Məclis Kamran Əliyevi Baş prokuror vəzifəsinə təsdiq etdi - YENİLƏNİB

Baxış sayı:
2587

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.

Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Kamran Əliyev Prezidentə və Milli Məclisə təşəkkür etdi

“İlk olaraq bu vəzifəyə təyin olunmağımla bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və Milli Məclisə bu təqdimatı dəstəklədiyi üçün təşəkkür edirəm”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib: “Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada qabaqcılı mövqelərdən birini tutub”.
O əlavə edib ki, Prezident İlham Əliyevin qəti siyasəti nəticəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər də öz nəticəsini verib, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunub.
K. Əliyev qeyd edib ki, Prezident İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə sabitlik təmin edilib: “Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir.
Bu yüksək kürsüdən müraciət edərək, Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”./apa