"Milli" Elçibəyçilik haqqında bir neçə söz

Bu yazı uzun olduğu üçün onu müəyyən ixtisarla oxucularımıza təqdim edirik. Əsas məqsədimiz heç də kiminsə şəxsiyyətini alçaltmaq və ya ona qarşı çamurlar atmaq deyil. Azərbaycanın bir dövlət olaraq hansı psixoloji savaş düzəninin işində olduğunu, eləcə də diaspor anlayışında yaranan siyasi labirintlərdə yer almış peşəkar avantüranın gerçək simasını göstərmək “Xudaferin.eu”nin hədəflərindən biridir. Biz iqtidar-müxalifət bilmədən gerçəkləri üzə çıxarmağı hədəf sayırıq. Bu, həm də Azərbaycan və diaspor düzənində qarşımıza çıxan sorunlarına çözümünə aydınlıq gətirilməsi deməkdir. Yazı 2013-cü il 1 mart tarixində yazılıb. Məqalə “Kultura.Az” portalında yerləşdirilmişdi. Sonradan digər saytlarda tirajlanmışdı. Nədənsə bu yazı qəfildən “yox”a çıxıb. Saytımızın “Avropa Bürosu”nun arxivindəki bu yazını bir daha xatırlatmağı vacib bildik.
Emin Millini ilk tanıyanlardanam. Sözün həqiqi mənasında. Sözümü də o zamanlar demişəm onun haqqında. Savadsız, səbatsız, saxtakar və s. eslər. Yahoo qruplarda tənqidi onun üzünə deyən tək insan idim deyəsən. Buna görə də mənə demədiyi şər qalmırdı. "Yaxşı maaş alırsan", "sən nə bilirsən axı, çəkil kənara", "USAİD-də işləyirsən, səni işdə saxlayanlar hara baxır", "qanlı revalusiya istəyirsən, mənsə evalusiya gətirəcəyəm" və s. Amma bir dəfə də olsun mövzuya dair ciddi cavab vermədi. Ciddiyətsizliyini o zaman anlamışdım...
O həbs olunanda bilmirəm niyə müdafiə etdim onu. İşimi itirmək, özümü təhlükə altına atmaq və hədələr almaq, tanıdğım adamlarla düşmən olmaq qarşıllğında. Emin Milli bunlara dəyərdimi? Hökumətin qulu, onun puluna Avropada "forumlar" keçirib, axşamı Bakıdan gələn qadın müğənnilərlə diskoteka, kiminsə oğlanları və başqa yuxarı ranqlı hökumət işçiləri ilə klabbing edən, fikri-zikri qız tutmaq, elə bu barədə də statuslarına yazan (800 toy, açıq hava və s.) adamı necə müdafiə etmək olardı?
Axı mən onun AZAL tərəfindən pulsuz ayrılan biletlərin elə həmin "foruma gələn", amma heç müzakirələr zalında görmədiyim "qızlara" necə payladığını görmüşdüm. Hökumətin "Qarabağ bizim bir nömrəli problemimizdir, qaçqınıarımız qalıb çöldə, niyə ermənilərə bir şey demirsiniz, elə demokratiyadan yapışmısınız" fikirlərini yüksək rütbəli Avropa məmuru İzler Beqana ilə görüş zamanı əli əsə-əsə kağızdan oxuyanda düz yanında oturmuşdum.
Nə bilim. Yəqin ki, yaradıcı dostumuz Orhan Aipin doğru olaraq ələ saldığı "Sənin fikrin ilə razı deyiləm, amma onu səsləndirə bilmən üçün canımdan da keçərəm" çeynəntisinin əsiri idim. Əlbətdə, bir də bizi yaxşıca aldatdılar. Sonuncu FASE forumundakı çıxışla və guya Eminin oradan ayrılması ilə. Heç soruşdunuzmu ki, nə üçün ayrıldı oradan. Heç FASE-yə Prezident tərəfindən ayrılan 250 000 manatın taleyilə maraqlanmısınızmı? Yoxsa sualları ancaq o verir? Əgər bəxtiniz gətiribsə o vəsaitin hara getməsini o zaman Emin Millinin və ətrafının dilindən eşitməliydiniz. İndi isə çox gecdir.
Heç zaman Azərbaycan müxalifətinə yaxın olmamışam. Ona görə də məni tərəfkeş olmaqda qınaya bilməzsiniz. Bu mövzuda tərəfsizdən də tərəfsizəm. Əgər yaxın olsaydım çoxdan gedib onların sıralarına yazılardım. Biz gözümüzü yeni liderlərə dikmişdik. Zəmanəmiz isə bizə Erkin Qədirlini, Natiq Cəfərlini, Emin Millini və digər liderləri verdi. Yəni REALizmi. Biz isə az qala idealizmə gedib çıxmışdıq. Vaxtında oyandıq...
Mən yalnız indiki müxalifət adlanan qüvvəyə hakimiyyətdə olduğu 1 ilə görə qiymət vermişəm. Onlar mənim keçmişimin qəhrəmanları olublar və keçmişdə də qalıblar. Elçibəy də həmçinin. Bütün düzləri və səhvləri ilə. Onlar olmasaydı məsələn bu gün (yəni məs. 1995-də) Emin Millinin valideyinləri 10,000 rubl verib onu ali məktəbə daxil etmişdilər, o da hansısa Bakı rayonlarının birində Azərbaycan SSR komsomolunun katibi idi. Özü üçün "qaqulik" həyatı yaşayırdı. "Məcik"lə "zavtrak" edirdi, Mika ilə "ujin". Hər şeydən də xoşbəxt idi. Amma Elçibəy hökumətinin gətirdiyi rüşvətsiz ali təhsil sistemi bir çox gənclər kimi Emini də adam etdi. Adam etdi ki, o da Elçibəyə satqın desin.
Elçibəy 1974-cü ildə dəmir pərdənin bu tərəfində, dünyanın bixəbər bir ucqarında 1-2 nəfər istisna olmaqla heç kəsin demədiklərini dedi və həbs olundu. Emin Millinin azad olmasında Elçibəyin də rolu olduğu və dünyanın bütün qüvvələrinin nəzarətində olan və 2009-cu ilin Azərbaycanında hamının dediklərini dedi və həbsə getdi (ən azı özünün dediyi və ya bizə çatdırılan komediyaya əsasən). Bütün dünyanın onun müdafiəsinə qalxdığını çox gözəl də bilirdi. İşini də zatən pis qurmamışdı. Elçibəyi isə bəlkə heç qohumları da müdafiə etmirdi. Tələbələrini gətirib üzünə qoyurdular. Amerika ancaq Soljenitsini, Rudolf Nuriyevi, Brodskini, Neizvestnını görə bilərdi və tanıyardı.
Emin Milli isə İngiltərədə təhsilinin sonlarına yaxın Londonda hökumətimizə yaxın gənc bir şəxslə görüşüb Bakıya gəlsə onu qorxulu bir şey gözləmirmi sualını vermişdi. Bu söhbəti mənə çatdıran şəxs həmin adamın kim olduğunu da söyləmişdi. Mən bu sualı Emindən soruşdum. O da öz tərbiyəsinə uyğun "var-yox söyüşü" ilə bunu inkar etdi. Amma etiraf etdi ki, onunla həqiqətən də görüşüb. İndi Bakıya qayıtmağa qorxan və bəlkə də hansısa şərtlər qarşısında qəbul edən Emin 1974-ün Elçibəyini qorxaqlıqda ittiham edir...
Elçibəyin ömrünün sonlarına qədər mənzili olmadı. Kirayədə, qohumlarının evində qaldı həp. Şəhərin mərkəzində hələ mənə bəlli olan iki geniş mənzili olan Emin Milli "ona inanmayın" deyir. AZAL biletləri paylayan Emin Milli!
Elçibəyi heç zaman özümə ideal saymamışam. Hətta 12 yaşımdan, 1988-ci illdən başlayaraq meydanlarda olanda da onun kim və nəçi olduğunu, niyə çıxış etdiyini və bu qədər rəğbət qazandığını anlamırdım. Çünki, mənim öz ideallarım var idi. Bünyadov, Vahabzadə, Xəlil Rza və digər elm və mədəniyyət adamları. Bu ərizə Elçibəyə məxsusdursa, oradakı fikirlərə - Rusiya tarixi, maarifçiliyin Qədim Şərqə qarşı qoyulması - bunları cəfəng fikirlər hesab edirəm. Lakin əgər bu sətirlər ona məxsusdursa, hansına ki, getdikcə daha çox inanıram, bunlar ancaq Elmir bəy də dediyi kimi Elçibəyə başucalığı gətirən fikirlərdir. Çünki demək Elçibəy 1988-də və ondan sonra dediklərini vəzifə və karyera üçün uydurmamışdı. O həqiqətən bu ideyalara inanırdı. Lap 70-lərdən, lap 60-lardan. Elçibəy səmimi və el-çi idi.
Və bu ərizə sanki bir kompromis variant olubmuş. Orada Elçibəyin israr etdiyi fikirlər tam olaraq salınıb, həm də KGB-nin "uğurunun" nəticəsi. Bu variant hər iki tərəfə, müxtəlif ideologiya sahiblərinə sərf edirdi. KGB üçün həqiqi kommunist və rus şovinistlərinə onun nə qədər təhlükəli bir adam olmasını, Elçibəyə ərizənin ictimailəşdiriləcəyi halda daha çox beyinləri oyatması. Məktubun 90%-i inandıqları və əsaslandırdıqları ciddi məsələlər, 10%-i isə təsadüfi və yersiz, yamaq kimi görsənən kimidir. Hətta bugünkü oxucuya bu qədər ciddi sözlərdən və ideyalardan sonra 3-4 cümləlik üzrlər saxta və yerində olmayan görsənir.
Elçibəyin hakimiyyətdə qalması üçün israrlı olmamasını bu günə kimi anlamıram. Bəlkə doğrudan da düşünüb ki, dövləti, ölkəni savadsız və marionet Surət Hüseynov və Rəhim Qazıyevə təhvil verməkdənsə 20 il Azərbaycanı pis-yaxşı idarə edənə təhvil vermək daha yaxşıdır. Çünki, aramızda heç kimə bəlli deyil ki, Surətin qoşunları hakimiyyəti zəbt etsəydi biz indi harada olardıq. 1-2 günün ərzində iki pisdən ən az pisini seçmək lazım idi. Bilmədiyimiz nüanslar var və sivil cəmiyyətimizin ən qüsurlu tərəflərindən biri də budur ki, çox şeylər "lazım deyil" və ya "vaxtı deyil" adı ilə gizlədilir, çayçı və ara söhbətlərindən o tərəfə çıxmır...
Elçibəyi mənim kimi bəyənməyə bilərsiniz və ağız büzərsiniz. İdeyalarını paylaşmaya bilərsiniz. 1993-cü ilin iyun ayındakı hərəkətini indiyə kimi anlamaya bilərsiniz. Lakin bu insanın möhtəşəm bir xarizması və sevən yüz minlərlə insan olmuşdur. Avtoritarizm və zordan uzaq bir lider. Hətta bü gün - stevejobs-ların və barakobama-ların zəmanəsindən baxanda bu adamın o zaman 35 yaşında Milli Məclisi çox professionalcasına və təmkinlə idarə etmiş spiker İsa Qəmbəri, bu günün özündə də Azərbaycanda ən yaxşı natiqi sayılan Əli Kərimlisi var. Yenə də, mənim kimi skeptik yanaşa bilərsiniz. O zaman Eminin Millinin fikirlərini bəyənən və yayan ardıcıllarına baxın. Onlar nəyə nail oldular 35 və ya 50 yaşlarında?
Bu baxımdan Emin Millidən daha çox, onu özünə dost bilən və hər nə "yesə" israrla müdafiə edən insanlara həqiqi yazığım gəlir. Onlar nə qədər sadəlöhv və həqiqətləri "kraskalayandırlar". Emin Milli müasir Azərbaycan gəncləri arasında gördüyüm ən layəqətsizidir.
Deyirlər ad insanı tapır. Bu baxımdan Eminin məhz (özünün yazdığı kimi "məs") Milli təxəllüsünü seçməsi bir işarədir. Bizim hamımıza. Emin hələ də öz sahiblərinə sadiqidir. Hər gün televizordan bizim qulaqlarımıza soxuşdurulan "Milli-mənəvi dəyərlərimizin" keşikçilərinə. Emin öz keşikçi rolunu çox gözəl oynayır. Onun İlham Əliyevə "hörmətli cənab prezident" şounaməsindən sonra bilirdim ki, bunun axırınca "zırpı" bir "şey" gəlir. Ehtimalım 100% deyildi. Yenə də "sonuncuya" ümid etmişdim.
Ölkədə qızğın və canlı hakimiyyətdaxili mübarizə və ya sistemin laxlaması getdiyi halda Eminin buna ingiliscə susub (bir cümlə belə xarici dostları üçün yazmayıb), "mürgülü xatirələrdən" və "ölülərdən" yapışması onu göstərdi ki, mən də nə qədər tez unudan və qəlbi-yumşaq imişəm...
Peşmanam. Bu dəfə özümə söz verirəm ki, Emin Milli bir daha həbs olunsa onu müdafiə etməyəcəm. O da aydındır ki, Emin bir daha həbs olunmayacaq. O da Eynulla Fətullayev kimi bizim dəfələrlə "aldadıldıqlarımızdandır". Emin elə köhnə Eynulladır, Eynulla köhnə Emin. "Köhnələrimiz" çoxdur, yeniliyə həsrət qaldıq. İcazəli tənqidlər, "parçala və hökm sür”lərimiz gələcək onilliklərdə də davam edəcək.

Ülvi İsmayıl

Kultura.Az