Milli dəyələrimizə balta çalanlar – TELEVİZİYALAR CƏMİYYƏTİMİZİ HARA APARIR?!

Azərbaycanda milli-mənəvi dəyərlərimizin aşınmaya məruz qaldığı sirr deyil. Təbii ki, vəziyyətin bu həddə çatmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər kimi elm və texnologiyanın inkişafını, informasiyanın heç bir sədd tanımamasını və Qərb dəyərlərinin tədricən cəmiyyətimizdə təzahür etməsini göstərə bilərik.
Əslində, bütün bunlara müəyyən mənada normal yanaşmaq da olar. Ən azı ona görə ki, Azərbaycan dövləti Qərbə inteqrasiya xəttinə üstünlük verdiyindən, vətəndaşlarımız müasir texnologiyanın dilindən anlamalı, informasiyanın verdiyi üstünlüklərdən faydalanmalı, o cümlədən Avropa ölkələrini inkişafa aparan metodalara sahib olmalıdır. Təbii ki, bu zaman paralel olaraq mili-mənəvi dəyərlərimizi də qorumalıyıq. Çünki bir millətin və dövlətin keçmişi, özünəməxsus dəyərləri olmasa, onun inkişafı davamlı və uzunmüddətli ola bilməz.
Subyektiv səbəblərə gəldikdə, təəssüflə qeyd etməliyik ki, bəzən vətəndaşlarımız milli mentalitetimizi arxa plana ataraq, belə desək, “müasirləşməyə”, əslində heç bir dəyər daşımayan “Qərb dəyərlərini” tez bir zamanda mənimsəməyə cəhd edir. Hansı ki, bunu “Roma Papasından artıq katolik olmaq istəyi” kimi də şərh edə bilərik. Bütün bunlar isə, təbii ki, texnologiyanın bizə verdiyi imkanlardan yanlış istifadə etməyimizlə bağlıdır.
Əlbəttə, söhbət fərdlərdən getmir. Bütün cəmiyyətlərdə fərqli dəyərləri mənimsəyən, fərqli dünya görüşünə sahib olan insanlar mövcuddur. Lakin, nə yazıq ki, Azərbaycan cəmiyyəti toplum olaraq milli dəyərlərdən imtina etməkdə, bizi keçmişimizdən və kimliyimizdən ayıran zərərli ideologiyaların girdabına yuvarlanmaqdadır. Bəs, bunun kökünü harada axtarmalıyıq?
Bütün zamanlarda dövlət və vətəndaş münasibətlərinə birmənalı baxış olub: dövlət - tərbiyə edən, vətəndaş - tərbiyə olunandır. Hansı dövlət vətəndaşını düzgün “tərbiyə” etmirsə, gec-tez bunun ciddi fəsadları ortaya çıxır. Hətta bu zaman dövlətin özü də sarsıla və parçalanmalara məruz qala bilər.
Vətəndaşın “tərbiyəolunma” metod və vasitələri də çoxsaylıdır. Ən vacib metod dövlət idarəçilərinin özlərinin əməlləri, yəni idarəçilik mexanizminin dəyərlər üzərində qurulmasıdır. Bu metod nə dərəcədə effektli olarsa, cəmiyyətdə də həmin dəyərlərə münasibət anoloji qaydada dəyişər…
“Tərbiyə vasitələri”ndən ən vacibi isə, bəzi hallarda günümüzün çox hissəsini qarşısında keçirdiyimiz televiziyalar, müxtəlif profilli internet saytları, sosial şəbəkələr və digər KİV orqanlarıdır. Zənnimizcə, bu sahədə də ən başlıca prinsip dəyərlərə önəm verilməsidir. KİV-lərin “mental düşüncəsi” necə formalaşacaqsa, cəmiyyətdə də oxşar durum hakim kəsiləcək.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda televiziyaların, eləcə də KİV vasitələrinin yanlış siyasəti nəticəsində son illər cəmiyyətimizdə mənəvi dəyərlər aşınıb, deqredasiya vəziyyəti yaşanır. Bu sahədə xüsusən də televiziyaların “rolu” daha qabarıqdır. İstinasız olaraq deyə bilərik ki, ölkə telekanallarının hər biri milli-mənəvi dəyərlərimizə balta çalmaqla məşğuldur. Öz efirlərinin önəmli hissəsini əxlaqdan uzaq “şou-biznes ulduzları”na, səviyyəsiz seriallara ayıran telekanllar bəzi hallarda açıq-aşkar fahişəliyi təbliğ edirlər. “Şou-biznes” nümayəndələri haqda çox yazılıb, odur ki, biz bu yazımızda ölkə telekanallarının birində yayımlanan serialda “ərə getmək istəyən qız”ın aşağıdakı sözlərini diqqətinizə çatdırmaqla, bu sahədəki vəziyyəti göz önünə sərməyə çalışacağıq:
- Mən də ərə getmək istəyirəm. Başa düşürsən? Mən də istəyirəm ki, ərim “leviy” telefon işlətsin. Mən də istəyirəm ki, ərim qızların adını telefona motorist adı kimi yazsın. Mən də istəyirəm ki, ərim evə gələndə Watsapı silsin, evdən çıxanda təzədən yazsın. Mən də istəyirəm ki, ərim komandirovka adı ilə evdən Ukraynaya getsin...
Azərbaycan telekanllarında yayımlanan serialların izləyicisi olmadığımdan, əxlaqsızlığı təbliğ edən bu kimi ifadələrin digər seriallarda və telkanllarda da yer aldığına şübhə etmirəm. Bu səbəbdən, qeyd etməyi özümə borc bilirəm ki, bu cür səviyyəsiz verilişlər, seriallar televiziyamızda “at oynatdığı” müddətdə özünə hörmət edən heç bir vətəndaş onların tamaşaçısı olmayacaq.
Maraqlıdır, Rusiyada qəbul olunan hər bir qanununu kopyalaraq Azərbaycanda tətbiq ediriksə, heç olmasa bu ölkənin telekanallarını da örnək götürə bilmərik? Və yaxud, nə üçün bizim telekanallar qardaş Türkiyədə olduğu kimi gənclərin bilik və zəkasını inkişaf etdirən intellectual verilişlər hazırlamır, hərbi-vətənpərvərlik mövzusunda seriallar çəkmir?! Azərbaycan telekanalları nə vaxta qədər qız-gəlinlərimizə xəyanət etməyin “normal” olduğunu, açıq-saçıq geyimin “dəb” olduğunu təbliğ edərək, yeni qurulacaq ailələrin təməlinin sarsıdılmasına və çoxsaylı boşanmalara rəvac verəcək?! Məncə, cəmiyyətimizi gözləyən daha böyük fəlakətlərin fərqində olmağın zamandır…

Muxalifet.az