Milli diaspor strategiyası

Praktiki fəaliyyət müxanizmləri işlək durumda olmayınca, bizlər diaspor adına milli konsepsiyanın inkişafına nail ola bilməyəcəyik

Milli diaspor təşkilatlarının arasında “Dünya Azərbaycanlıları Milli Konqersi”nin yaradılması ideyası qısa bir zamanda həllini tapmış olarsa...
Dünyanın etnosiyasi mənzərəsində hər bir toplumun artıq milli özümlülük dəyələrini önə çəkməsi müşahidə olunmaqdadır. Diasporla dövlətin uzlaşması prosesi etnososial xarakter daşımaqla yanaşı, həm də fəlsəfi, mədəni, ictimai yöndən dəyərləndirilir. Bütün bunlar isə qarşılıqlı münasibətlər çərçivəsini aşaraq, hətta inteqrasiya düzənində inkişafın yeni perspektivlərinə yol açır. Bu, mədəni birlikdən və iqtisadi baxımdan bir ortamda inkişaf səviyyəsinə qədər irəliyə doğru addımlamağın yeni düşüncə tərzi ilə bütünləşmək kimi institutsional xarakter daşımaqdadır. Avstraliya, Kanada, Yeni Zenlandiya, Cənubi Afrika, ABŞ və başqa ölkələrdə belə durum çoxdan mövcuddur. Həmin ölkələrdəki ingilis, ispan, irland, yapon, çinli, yəhudi, alman, fransız milli diaspor təşkilatları mənsub olduqları dövlətlə tam uzlaşmış biçimdə mədəni düzəni formalaşdırmaqla etnososial şəbəkə olmaqdan savayı, qarşılıqlı iqtisadi və strateji məsələlərin inkişafında birgə hərəkət planlarını gerçəkləşdirirlər.

Mədəni birlikdən başlanan strategiya

Qonşu Gürcüstana məxsus diaspor təşkilatlarının nəzdində mədəniyyət mərkəzlərinin yaradılması ilə yanaşı, ana dilinin tədrisi məsələsinə çox həssaslıqla yanaşılır. ABŞ-da 100 minlik, İngiltərədə 15, Yunanıstanda 400, İtaliyada 7, İspaniyada 30, Rusiyada 800, Türkiyədə 60, İsraildə 7-9, Ukraynada 50, Avstriyada 10, İranda 60 minlik (fereydon – gürcülər) və başqa ölkələrdəki toplam 200 gürcü diaspor təşkilatlarının nəzdində ana dilinin öyrənilməsi, milli mədəniyyətin tədrisi yönündə bir sıra infrastukturlar yaradılıb. 81 milli rəqs mərkəzi və vokal ansambl, 56 bazar günü məktəbi, 12 gürcü dili məktəbi, 4 gürcü milli mədəniyyətinin tədrisi məktəbi, bir neçə gürcü teatr truppasının fəaliyyəti artıq institutsional struktura çevrilmişdir. Bu prosesin irəli getməsi üçün Gürcüstan dövlət diaspor nazirliyi və diaspor təşkilatları demək olar ki, bir sıra ortaq projelər çərçivəsində fəaliyyət göstərirlər. Bütün maliyyə resursları isə birbaşa diaspor təşkilatlarının himayəsi ilə gerçəkləşdirilir. Diaspor nazirliyi diaspor təşkilatları üçün gərəkən mütəcxəssislərin cəlb edilməsi məsələlərinin həllində onlara yardımçı rolunda çıxış edir.
Bizim müşahidələrimizə görə, Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində də milli diasporumuzla birlikdə belə bir infrastruktur yaradılmışdır. Bir yandan səfirliyimiz və onun nəzdində yaradılmış “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”, o biri yandan milli diasporumuz ortaq düzəndə çalışmaqla həm də Özbəkistan və Azərbaycan mədəni, iqtisadi və digər əlaqələrin inkişafında müstəsna rol oynayırlar. Belə bir örnəyi təəssüflər olsun ki, digər diaspor təşkilatları və səfirliklərimizin fəaliyyətində müşahidə etmək mümkün deyil. Özbəkistanda Azərbaycan səfirliyi və “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi” bu ölkənin mədəni proseslərində fəal şəkildə özünü təsdiq etmiş qurum kimi də şöhrət qazanmışdır.
Bizim fikrimizcə, Azərbaycanın xarici siyasətində diasporla əlaqələrin prioritetində yer ala biləcək ölkəmizin milli təhlükəsizliyi baxımından yeni konsepsiyalar hazırlanmalıdır. Bu prosesdə mədəni əlaqələrin daha da intensiv şəkildə inkişaf modellərinin tətbiqinə çalışılmalıdır. Milli diaspora dəstək siyasəti onun identik özümlülüyünün inkişafına doğru yönəldilmiş məzmun və xarakter daşımalıdır. İndiki şərtlər daxilində təəssflər olsun ki, xaricdə yaşayan soydaşlarımızın yeni nəsli arasında assimliasiya proseslərinin sürətlə inkişaf etdiyini görürük. Orta və yaşlı nəsildən fərqli olaraq, gələcəkdə bu problemin acı nəticələri ilə üz-üzə qala bilərik.

Tarixi və çağdaş diasporun gücləndirilməsinin yolları

Azərbaycanın təhsil, gənclər və idman, o cümlədən mədəniyyət nazirliklərinin diasporla əlaqələrin inkişafında yaxından iştirak etməsinin yeni infrastukturları qurulmayınca, diasporla ortaq fəaliyyət problemləri də davam edəcək. Problemlərin həlli yönündə sadəcə Diaspor Komitəsi deyil, digər dövlət strukturlarının da bu yöndə fəaliyyətləri aparıcı prinsiplərdən birinə çevrilməlidir. Son illərdə Qazaxıstan, Gürcüstan, Ukrayna, Özbəkistan və başqa ölkələrdə qoyulan xarici investisiyaların böyük qismi məhz milli diasporu təmsil edən iş adamlarının sayəsində mümkün olmuşdur. Bir zamanlar fərqli səbəblərdən miqrasiya etmiş soydaşlar bu gün istedadlı mütəxəssislər kimi mənsub olduqları dövlətlərin yanında yer almağa başlamışlar.
Azərbaycan üçün öyrəniləsi və atılası addımlardan biri də Türkiyə təcrübəsidir. Faktiki olaraq Kanada, Avstraliya, Yeni Zenlandiyadan tutmuş dünyanın istənilən ölkəsində mövcud olan “Türk Diaspor” təşkilatları Türkiyə ilə birbaşa sosial, iqtisadi, mədəni və iqtisadi münasibətlərdə olduqca aktiv şəkildə rol oynayırlar:
- Soydaşlarla sosial şəbəkələrdə əlaqələrin genişləndirilməsi,
- Soydaşların mənsub olduqları ölkədə yatırımlar qoymaları üçün gərəkən dəstəyin və dövlət qarantiyasının verilməsi,
- Başqa ölkələrə miqrasiya edən soydaşların diaspor təşkilatlarının dəstəyi ilə işlə təmin edilmələrinə yardımların göstərilməsi,
- Diasporu təmsil edən intellektual resursların ölkəyə transfer edilmələri üçün imkanların yaradılması,
- Diasporun beynəlxalq təşkilatlarla münasibətlərinin inkişaf etdirilməsində dövlət dəstəyinin verilməsi,
- Diaspor təşkilatlarının rəhbərliyinin seçilməsində dövlətlə uzlaşmış şəkildə fəaliyyət mexanizmlərinin işlək xarakter daşıması,
- İctimai diplomatiya proseslərində diasporun rolunun artırılması,
- Diasporu təmsil edən və milli mənafe və maraqların inkişafı yönündə müstəsna şəkildə xidmətləri olanların dövlət səviyyəsində mükafatlandırılması,
- Diasporun fəaliyyəti istiqamətində müntəzəm şəkildə monitorinqlərin aparılması və başqa məsələlər daim gündəmdə olmalıdır. Təbii şəkildə qarşılıqlı inteqrasiya modelləri həm də dinamik xarakter daşımalıdır. Kvalifikasiya şərtləri daxilində diasporun milli-mədəni proseslərdə fəal olması artıq soydaşlarımızın dövlətimizlə olan əlaqələrinin intensivləşməsinə yol açır. Fikrimizcə, ayrıca “Dünya Azərbaycanlıları Milli Konqersi” adı ilə diaspor təşkilatlarımızı birləşdirəcək yeni bir qurumun yaradılmasına da çox böyük ehtiyac vardır. Belə olduğu təqdirdə, onlar hər hansı bir dövlətin təsiri ilə deyil, daha çox milli hədəflərin təməl prinsipləri əsasında birgə fəaliyyət düzənini qazanmış olarlar. Bu yöndə qarşılıqlı şəkildə diaspor təşkilatları arasında inteqrasiyanın yeni formullarına da imkanlar yarana bilər. Bu, mədəni, ictimai, sosial və iqtisadi əlaqələrin sürətlə inkişafına böyük bir təkan verə bilər. Bu qurumun yaradılması və onun Azərbaycanla əlaqələrinin dinamizminin formalaşdırılması dövlətimizin və xalqımızın dünya düzənində özümlü bir institutsional xarakter daşımasına səbəb ola bilər. Dünya təcrübəsində bəzi xalqlar məzh bu faktora üstünlük verirlər.

Dinamiklik omayan yerdə ətalət hökm sürər

Azərbaycan milli diasporu özünün təsnifatına görə dünyanın bir sıra regional düzəninə malikdir. Avropa, MDB, Asiya, Amerika, Afrika və Avstraliyada artıq azından ölkəmizin  və xalqımızın adını təmsil edən icmalar mövcuddur. Onların hər birinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi, ayrıca Azərbaycanla əlaqələrinin formalaşması bir yandan önəmli olsa da, digər yandan, diaspor təşkilatlarımızın arasında əlaqələndirici proseslərin heç də ürəkaçan olmadığı da sirr deyil. Fikrimizcə, milli diaspor təşkilatlarının arasında “Dünya Azərbaycanlıları Milli Konqersi”nin yaradılması ideyası qısa bir zamanda həllini tapmış olarsa, yaxın 4-5 ildə beynəlxalq səviyyədə möhtəşəm uğurlara imza atmaq da mümkün ola bilər. Hər hansı bir siyasi iddialardan uzaq, siyasi proseslərə müdaxilə anlayışının olmadığı bir qurum statusu ilə mədəni, iqtisadi, sosial və ictimai xarakter daşıyacaq belə bir qurum həm də beynəlxalq təşkilat adı altında istənilən proseslərdə ölkəmizin mənafeyini də qoruya bilər. Belə bir tarixi təcrübə yəhudi, alman, irland, çin, yapon, hind, ərəb xalqlarının diaspor strategiyasında uğurla istifadə edilir. Hansı ki, son illər Yunanıstanın bir dövlət kimi iqtisadi böhranlarla üz-üzə qalması proseslərində ölkənin defolt olmasının qarşısı məhz bu faktor hesabına alındı. 25 ildir heç bir iqtisadi mahiyyəti qalmamış, faktiki olaraq dotasiya şəraitində yaşayan Gürcüstan və Ermənistanın məhz milli diasporun sayəsində bir sıra problemlərini həll edir. Erməni və yunan diaspor təşkilatlarının hər il  lobbiçiliyi sayəsində qondarma “erməni soyqırımı” məsələsini gündəmə gətirdiyində bu prosesə “Dünya Türk Diaspor Təşkilatları Federasiyası” tərəfindən Türkiyəyə məxsus xarici ölkələrdəki ictimai qurumlar qarşı çıxaraq, gərəkən problemləri çözə bilmək üçün Türkiyənin yanında yer alırlar. Belə bir durum həm də Türkiyənin milli təhlükəsizlik üzrə dövlətin konsepsiyasına çevrilmişdir. Çünki, uzun illərdir təhsil, mədəniyyət, turizm və başqa nazirliklər diaspor təşkilatları ilə ortaq projelərdə yer alırlar. Mühacirətdə yaşayan hər bir soydaşa özəl ilgi göstərilir. Son illərdə multikulturalizm konsepsiyasına isə önəm verilməklə Gürcüstan bir dövlət olaraq bir zamanlar ölkə vətəndaşı olmuş qeyri-gürcü xalqlarını da öz çevrəsində birləşdirən addımlar atmaqdadır. Yunanıstana köçüb gedən və çox yanlış olaraq “Ponti Yunanları” adlandırılan, bəzən də “Berzen” kimi tanınan 100 minlik xristian türklərlə isti münasibətlərin qurulması buna əyani sübutdur. Stalnizmin qurbanı olan və 70 ildən çoxdur sürgün həyatı yaşayan, hələ də tarixi vətənlərinə geri dönə bilməyən Ahısqa Türklərinə olan münasibət xeyli dərəcədə dəyişmişdir. Hətta onların geri dönmələri üçün imkanların yaradılması yönündə diasporla birgə addımlar atılmaqdadır.
Praktiki fəaliyyət müxanizmləri işlək durumda olmayınca bizlər diaspor adına milli konsepsiyanın inkişafına da nail ola bilməyəcəyik. İndivudal xarakter daşıyan bəzi proseslərə olan münasibətlərin də önəmi qalmayacaq. Cəmiyyətin dinamizmi həm də vacib olan proseslərin inkişafına xidmət edir. Diaspora əmək bazarı kimi deyil, reinteqrasiya baxış bucağından yanaşıldıqda qarşılıqlı şəkildə bunun səmərə verəcəyinə inanırıq. Onun elmi, ictimai və sosial potensialı sayəsində qarşılıqlı faydalı işbirliyi milli diaspor strategiyasının hədəflərinin inkişafına, dinamizminə və daha da irəli getməsinə yardımçı olar. Dünyanın iqtisadi və sosial baxımdan mənzərəsində bir sıra problemlərin ortaya çıxmasının, özəlliklə çağdaş texnologiyaların dinamik şəkildə müasir standrtlarla irəli getməsi təbii resurslara olan tələbatı azaltmaqdadır. Buna görə də diasporun daha çevik şəkildə mənimsədiyi bu inkişaf prosesində fəal olmasına çox ehtiyac vardır.
Ə. Yusifoğlu