"Milad üçün istədiyim tək şey demokratiyadır" - Macarlar yeni əmək qanununa etiraz edir

Baxış sayı:
5032

Budapeştə 10 mindən çox insan yeni əmək qanunvericiliyinə qarşı dekabrın 16-sı, bazar günü etiraz aksiyası keçirib. Onlar bu qanunun ifrat-sağçı baş nazir Viktor Orbanın avtoritar hakimiyyətinin güclənməsi kimi dəyərləndirir.

Təşkilatçıları tərəfindən "Milad bayramın mübarək, cənab baş nazir" adlanan etiraz aksiyası solçu müxalif partiya, tələbə və vətəndaş qrupları tərəfindən Orbanın hökümətinə qarşı son bir həftədə təşkil edilən 4-cü və ən böyük etiraz nümayişi olub. Həmkarlar ittifaqları da mitinqə qoşulub.

"Hesab edirəm ki, narazılıq artmaqdadır və bu, təkcə qəzəb və məyusluq deyil. Bu həm də dəyişiklik etmək istəyənlərin səsidir. Məncə bu, bizim yeni ideyalar yaratmağa çalışdığımız bir prosesdir" - deyə, Andi adlı etirazçı bildirib.

Etirazçılar soyuq qış günündə əllərində Macarıstan və Avropa Birliyinin bayraqlarını tutaraq tarixi Qəhrəmanlar Meydanı ilə parlament binasına doğru hərəkət edərkən "Milad üçün istədiyim tək şey demokratiyadır", "Baş nazirimizə görə üzr istəyirik" kimi şüarlar səsləndiriblər.

Yeni əmək qanunvericiliyi işəgötürənlərə ildə təxminən 400 saatdan artıq iş saatı tələb etməyə imkan verir. Buna görə də tənqidçilər bu qanunu "qul hüququ" adlandırır.

"Mən və mənim dostlarım artıq bezib. Bu indi təkcə müxalif siyasətçilik, kimin hansı tərəfdə olması ilə bağlı deyil. Bu bütün Macarıstan xalqının narazılığıdır. Biz qoca və ya cavan olmağımızdan asılı olmayaraq bir araya gəlirik. Məncə bu son 8 ildə baş verməyən bir hadisədir" - deyə, liberal siyasətçi Feliks Visz bildirib.

Hökumət həmçinin, seçki qanunu, etirazlar və korrupsiya kimi həssas məsələlərə nəzarət edəcək və hökumətə cavab verəcək yeni inzibati məhkəmələr yaratmaq haqqında qanun qəbul edib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, yeni məhkəmələr qanunu Orbanın 2010-cu ildə hakimiyyətə gəlməsi ilə başlayan demokratik təsisatların eroziyasının bir hissəsidir.