​Mikayıl Cabbarova AÇIQ MƏKTUB

Məktəb direktoru hər ay müəllimlərin maaşından 50 manat tutur...

Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin müəllimi Hüseynova Süsən Rüstəm qızı Muxalifet.az saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova açıq məktub ünvanlayıb. Məktubu olduğu kimi dərc edirik:
“Cənab Nazir!
Mən Hüseynova Süsən Rüstəm qızı 1965-ci ildə Naxçıvan MR-da ziyalı ailəsində doğulmuşam. Hərbçi ailəsiyəm. 8 ildir Cəlilabad rayon, Göytəpə şəhərində 1 saylı tam orta məktəbdə müəllimə işləyirəm. Məktəbimizə direktor Reyhan Cəfərova təyin edildikdən sonra təhsil ocağı sözun əsl mənasında bazara çevrilib. Çoxsaylı şikayətlərin olmasına baxmayaraq rayon rəhbərliyinin himayəsində olan direktor qanunsuzluqlarına davam etməkdədir. Hətta bu yaxınlarda məktəbimizdə səthi yoxlama aparan maliyyə işçiləri 300 000 manatlıq yeyinti fakti aşkarlamışdılar. Maliyyə işçiləri ilə 30 000 manata razılaşan Reyhan Cəfərova bu yükü müəllimlərin üzərinə atıb hər ay onlardan 50 manat pul alacağını söyləyib. Artıq bir neçə müəllim direktor tərəfindən məcbur edilib ki, Beynəlxalq Bankdan kredit götürüb direktora versin.
Heç kimə sirr deyil ki, Cəlilabad rayon təhsilində maliyyə pozuntusunu edən şəxslər keçmiş RTŞ müdiri Vidadi Dövlətov və baş mühasib vəzifəsini qeyri-rəsmi icra edən Rəşad Salmanovdur. İndi bunların ödəməli olduqları pulu müəllimlərin ayağına yazırlar. Halbuki bu yeyintilər  barədə qəzet və saytlarda açıq məktublarla Təhsil Nazirliyinə müraciət olunmuşdur.
Hörmətli Nazir!
Cənab prezidentimiz möhtərəm İlham Əliyev işində yol verdiyi qüsura görə dövlətin Mİlli Təhlükəsizlik nazirinə belə güzəşt etmədiyi halda, Siz niyə rayonlarda adi məktəb direktorlarını işdən uzaqlaşdıra bilmirsiniz? Nə vaxta qədər şikayətləri bir-iki yaltaq müəllimin ərizəsi ilə bağlayacaqlar?
Cəlilabad rayonunda maliyyə pozuntularına görə müəllimlər sentyabrdan bu yana hələ də maaş ala bilmirlər. Axı bizim də ailəmiz var. Dükanlardan nisiyə mal almaqdan yorulmuşuq.
Sizdən xahiş edirəm ki, bizim problemlərimizə ögey münasibət bəsləmədən baxın, bizim nazirimiz olun. Şikayətləri prosedur qaydalarına uyğun bağlatdıranlara imkan verməyin.
Bizim Sizə müraciətimiz çox da asan başa gəlmir. Buna görə təhdid olunuruq. İnanırıq ki, bu dəfə heç olmasa bizim yanımızda olacaqsınız”.
Muxalifet.az