“MƏHKƏMƏNİN QƏRARINA HÖRMƏTLƏ YANAŞMALIYIQ” - Türkiyə səfiri Mübariz Mənsimovun həbsindən danışdı

Baxış sayı:
1446

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.

Muxalifet.az xəbər verir ki, səfir Erkan Özoral demokrat.az-a açıqlamasında deyib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:

“Türkiyə hüquqi və demokratik dövlətdir. Mübariz Mənsimovla bağlı ədalətli qərarı yalnız məhkəmə verə bilər. Hazırda onunla bağlı işə məhkəmə baxır. Məhkəmənin qərarına hər hansı şərh verməyimiz düzgün olmazdı. Son qərarı məhkəmə verir. Cinayətkar olub-olmadığına da bu prosesin sonunda yenə məhkəmə qərar verəcək”.

Səfir Mübariz Mənsimova görə narahat olan insanları bu vəziyyətdən sui-istifadə etmək istəyənlərə qarşı diqqətli olmağa çağırıb.

Bu gün Bakıda bir qrup şəxsin Türkiyənin Azərbaycandakı səfirliyi önündə Mübariz Mənsimova dəstək aksiyası keçirməsinə də toxunan Erkan Özoral qeyd edib ki, hər kəsin sərbəst fikir söyləmək haqqı var:

“Aksiya keçirənlər səfirliyə protokol təqdim ediblər. Onların öz tələbləri var. Biz buna normal baxırıq. Hər kəsin sərbəst fikir söyləmək haqqı var. Ancaq məsələnin ədalətli həllinə biz deyil, məhkəmə qərar verir. Əgər ortada bir cinayət varsa, bunun məhkəmə tərəfindən sübut olunması zəruridir. Ədalətli qərarı verən də məhkəmədir. Hər birimiz məhkəmənin qərarlarına hörmətlə yanaşmalıyıq”.

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.