Məhkəmə qərarını icra etməyən Vəkillər Kollegiyası qazilərə pulsuz xidmət edəcək? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
4399

Məhkəmə müdafiəsi hüququna müdafiəçi qadağası
 
Artıq hamımız - qalib ölkənin yurddaşları qürurunu yaşayırıq. Daha dünənə qədər üzümüzə rüşvətsiz açılmayan məmur qapılarında  “mən Qarabağa göndərmişdim?” deyənlər qazi və şəhid ailələrinə çeşidli xidmətlər təklif edirlər. Düzdür, bu xidmətlər elə qanunvericilikdə nəzərdə tutulur və təklifdən o yana keçmir , amma yenə də xidmətçi qurumları görəvlərini görməyə ki yönəldir! Ən böyük -korrupsiya həddinə çatan narazılıq -özbaşınalıq sosial, əmlak, kommunal, nəqliyyat, rabitə, icra xidməti sektorunda “at oynadır”.
Daha nə qaldı ki? Vəkil xidməti! Deyəsən, elə dünən idi, Vəkillər Kollegiyasının (VK) rəhbərliyi qazilərə pulsuz xidmət etməyə söz verdi. Bu isə ucuz reklamdan özgə bir şey deyil. Nədən söz verilən sözügedən pulsuz xidmət “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28.12.1999 tarixli  783-IQ saylı Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində (“Dövlət hesabına hüquqi yardımın göstərilməsi”)  doğrulanıb: ...MƏHKƏMƏDƏ VƏKİLİN XİDMƏTLƏRİNİ ÖDƏMƏK ÜÇÜN KİFAYƏT QƏDƏR VƏSAİTİ OLMAYAN ŞƏXSLƏRƏ HƏR HANSI BİR MƏHDUDİYYƏT QOYULMADAN VƏKİL TƏRƏFİNDƏN GÖSTƏRİLƏN HÜQUQİ YARDIM DÖVLƏT HESABINA  HƏYATA KEÇİRİLİR”. Amma və nə yazıq, vəkillər nəinki hansısa aztəminatlı şəxsin birbaşa müraciəti əsasında,  hətta  məhkəmə qərarı ilə də  vəkil edildikləri xidməti göstərməkdən açıq şəkildə imtina edirlər.
Bu sətirlərin yazarına Şəki İnzibati Məhkəməsi (hakim İlqar Cabbarov ) 2 il qabaq vəkil ayrılmasından qərardadla imtina edib ki, dövlət hesabına müdafiəçi yalnız Ali Məhkəməyə şikayət verəndə ayrıla bilər. Bu absurd qərardadı qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Gündüz Abbasov , Rövşən Rəfiyev və digərləri Ali Məhkəməyə kassasiya şikayəti verməyə vəkili də Bakıdan , Şəkidən yox, İsmayıllı hüquq məsləhətxanasından ayırıblar. Özü də on günlük şikayət müddəti olduğu halda, 3 aydan sonra. Və ayrılan vəkilin də şikayəti gec yazması Ali Məhkəmənin kassasiya şikayətini icraata götürməkdən imtina etməsi ilə sonuclanıb . Hələ də VK-nın və məhkəmələrin qanunsuzluğundan imtiyazlı şəxsin məhkəmə təminat hüququndan məhrum edilməsinə hüquqi qiymət verilməyib. Özbaşınalığa baxın, məhkəmə vəkili gec ayırıb, vəkil şikayəti vaxtında yazmayıb və. .. Qarabağ əlili vaxtında şikayət vermədiyindən (?!) kassasiya hüququndan məhrum edilib! (?) Onu da vurğulayaq ki, bu özbaşınalıqda cavabdeh DİN -in vəkili Əlirza Həbilovun keçmiş həmkarı İlqar Cabbarov və digər hakimlərlə qeyri-prosessual münasibətə girməsi başlıca rol oynayıb. Təsəvvür edin, 15.02.2019-cu ildə heç bir qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi elektron məhkəmə portalında göstərildiyi  halda, hakim İlqar Cabbarov həmin 15.02.2019 tarixinə iddianın mümkün sayılmaması haqqında saxta qərardad tərtib edib. Apellyasiya instansiyası da bu saxtalığı qüvvədə saxlayıb və Ali Məhkəmə də, vurğuladığımız kimi, şikayətin gec yazılması bəhanəsi ilə icraatdan imtina edib. Bəhanə odur ki, birincisi, Ali Məhkəməyə on gün müddətində birbaşa şikayət verilib və Ali Məhkəməyə şikayətçiyə vəkil ayrılmasının təmin edilməsi üçün şikayəti Şəki Apellyasiya Məhkəməsinə göndərib. İkincisi, şikayətçi buraxılmış müddətin,  onun təqsiri üzündən baş vermədiyi səbəbindən , bərpasına ərizə verib. Ali Məhkəmənin kassasiya şikayətinə baxmaqdan imtinası haqqında qərardad isə hələ də rəsmi qaydada verilməyib ki, Konstitusiya Məhkəməsi yolu ilə pozulmuş məhkəmə təminatı hüququnun bərpasına ərizə verilsin.   Bu hələ harasıdır, Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpağı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirən Ağsu RİH başçısına , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinə qarşı  3 (!?) iddianı da Şəki İnzibati-İqtisadi Məhkəməsi  (hakimlər Rüfət Məcidov, İlqar Cabbarov ) mümkün saymayıb ki, icra başçısı “fiziki şəxs” olduğundan ümumi məhkəmədə baxılmalıdır. Təsəvvür edin, məhkəmə hakimləri “vəzifəli şəxs”lə “fiziki şəxs”i ayıra bilmir! (?) Dəhşətə baxın ki, apellyasiya instansiyası da Rüfət Məcidovun bu ağlasığmaz qərardadını  qüvvədə saxlayıb. Ədalət adına deyək ki, Şəki Apellyasiya Məhkəməsi ( sədrlik edən hakim Vəzirxan Məlikov ) bu dəfə vəkili Bakıdan – 7 saylı hüquq məsləhətxanasından ayırıb və bir ilə bir ay qalıb ki , Ali Məhkəmə işə baxmır. İlqar Cabbarovun qərardadını qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsi (Gündüz Abbasov, Rövşən Rəfiyev və b. ) isə yenə də Bakını , Şəkini qoyub, Ağsudan Ziya adlı vəkili kassasiya şikayətini yazmağa ayırıblar. ..Və 2 ilə yaxındır şikayət yazılmır ki, yazılmır!

Uzağa niyə gedək, 15 .10.2020-ci il tarixli Ali Məhkəmənin MK-sının  (sədrlik edən Əhməd Nurməmmədov, hakimlər Abiddin Hüseynov və Vüqar Həsənov )  iclasında məhkəmənin qüvvəyə minən qərarı, yəni icra sənədi olmadan, olsa belə, “İcra haqqında” qanunun 68.1.2 maddəsinə əsasən, TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİN İCRASI ZAMANI ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNƏ baxmayaraq pensiyasından məhrum edilən Qarabağ qazisi Xaliq Abbaszadəyə dövlət hesabına ayrılan 20 saylı vəkil bürosunun  vəkili  Vəliyeva Ayşən Umud qızı “havayı” olduğundan iştirak etməkdən və müdafiəyə ehtiyacı olan şəxsi 100 manat vermədiyindən müdafiə etməkdən imtina edib! (?) 2 aya yaxındır qazinin şikayətlərinə baxan yoxdur. Nə prokurorluq, nə ədliyyə, nə Ombudsman, nə də VK tədbir görür. İndi isə Qarabağ qazilərinə pulsuz xidmət reklamı paylaşırlar. Onu da vurğulayaq ki, Ali Məhkəmənin sözügedən saxta qərarı üzrə 3-cü şəxs Qarabağ əlilinə, ümumiyyətlə, ilyarım ərizələr versə də, Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev (hazırda ali instansiyaya təyinat alıb ) , Məmməd Məmmədov və Aida Hüseyn üçlüyü nə iştirakını , nə də  vəkil ayrılmasını təmin edib. Ali Məhkəmənin hakimləri Ə. Nurməmmədov, Abiddin Hüseynov və Vüqar Həsənovun isə müstəqil tələb irəli sürən  3-cü şəxs Qarabağ qazisinin iclasda iştirak etmək, özü də yalnız vəkilin iştirakı ilə iştirak etmək, tələbinə cavab verilməsi hüququnu qazilərin qanpulunu yeyən dələduz “Rəvan” sığorta şirkətinin rüşvətilə  “unudublar “ . 2 aydır düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qaziləri Konstitusiya Məhkəməsinə müraciət etməyə vəkil tapa bilmirlər.
Məhkəmə qərarını “havayı”- dövlət büdcəsinin vəsaiti hesabına  olduğundan icra etməyən VK-nın vəkilləri Konstitusiya Məhkəməsinə şikayəti pulsuz yazarlar?
Məğrur BƏDƏLSOY
P.S.  Qarabağ qazisi 2-ci Qarabağ savaşına könüllü qatılan zaman -15.10.2020-də Ali Məhkəmə qazinin pensiyasının dələduzluqla Suraxanı icra məmuru Vüsal Əliyevin, ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat  İdarəsinin , “Rəvan” sığorta şirkətinin və. ..təbii ki, məhkəmə hakimlərinin və VK-nın  yeməsini qüvvəyə mindirib!?