Məhkəmə qazinin məhkəmə təminatı hüququna qadağa qoyub

Baxış sayı:
1444

İnzibati və məhkəmə təminatı hüququ Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarındandır. Ana Qanun hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququnu,  dövlət orqanlarının , siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və onların vəzifəli şəxslərinin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilmək hüququnu doğrulayır. Düzdür, vətəndaşın inzibati qaydada şikayətini hansı dövlət hakimiyyəti orqanına  verməsi dəqiqləşdirilmir, bu nədənlə inzibati təminat hüququ pozulur, məhkəməyə şikayət edəndə isə məhkəmə özü məhkəmə təminatı hüququna qadağa qoymağın elə yollarını tapır ki! ? Bu qadağalardan şikayəti qəbul etməkdən imtina, süründürməçilik , məhkəmə qərarlarının icra olunmaması geniş yayılıb.
Bu sətirlərin yazarının Qarabağ savaşında desant -hücum taburunun komandiri kimi iştirak etməsini Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi rusca arayışın və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti, DİN DQ-nin hərbi tibb şöbəsinin və qərargah rəisinin DİN rəhbərliyinə məktubları sübut etsə də , olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığı pensiya tabeliyində olan çavuşlarınkından da 2-3 dəfə azdır. Təsəvvür edin , döyüşçüyə mülki vəzifə yazılıb! (?) Axı, döyüş əməliyyatında iştirak edən şəxs necə olmayan mülki  vəzifə daşıya bilər? Eyni zamanda, 1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən baş leytenant rütbəm indiyədək dəyişməz qalıb. Halbuki “Hərbi xidmətkeçmə haqqında” 03.10.1997-ci il tarixli 377-IQ saylı Əsasnamənin 180-ci maddəsinə əsasən , ...ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə  (çağırıldıqda ), yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidmət ilindən asılı olmayaraq , Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir-üç pillə yuxarı hərbi rütbə verilə bilər. NK-nın 23.11.1992 tarixli 631 saylı qərarının 10-cu bəndinə görə, SSRİ dövründəki xidmət də xidmət ilinə əlavə olunur: 19.10.1992 tarixli 562 saylı Əsasnaməyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikası və keçmiş SSRİ Daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin. . . vəzifələrində xidmət müddəti ilk zabit rütbəsinin imzalandığı gündən hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014 tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair “ qərarı ilə 2004-cü ilə kimi pensiyaya çıxanların xidmət illəri təqvimi yox, güzəştli xidmət əsas götürülüb. Di gəl, KM-in qərarı da mənə şamil edilmir və xidmət ilimə cəmi 5 faizlik əlavə hesablanır. Eləcə də, illərdir hər ay, hər həftə müraciət edilsə də, nə işdən çıxarma pulu, nə geyim əşya kompensasiyası, nə sığorta ödənişi, nə məzuniyyət, ezamiyyət pulu, nə sanatoriya yollayışı və ya əvəzinə kompensasiya verilib, nə də digər sosial-mənzil güzəştlər tətbiq olunur. Sonuncu xidmət yerim olan DİN DQ hətta məhkəmə təminatı hüququma da iddia müddətinin keçməsi bəhanəsi ilə qadağa qoyub. 2014-cü ilin iyununda qəbulunda olanda nazir Ramil Usubov özü qarışıq, istənilən şəxsi məhkəməyə verə biləcəyimi, yəni məhkəmə təminatı hüququna heç kəsin qadağa qoymaq hüququnun olmadığını bildirib,  qəbulda iştirak edən DİN MPİ-nin rəisi Səxavətdin Abdullayev və DİN DQ-nin rəsmilərinə problemi çözməyi tapşırdı. Bundan sonra MPİ-nin rəisi və DİN DQ-nin rəsmiləri daha da özbaşınalığa yol verib,  rəsmi məktublarla  1978-ci ildən zabit rütbəsi daşıyan şəxsin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığını bildirdilər.
...2018-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində qaldırdığım iddianı hakim İlqar Cabbarov cavabdehin vəkili Əlirza Həbilovun məhkəmə sədri Vidadi Qasımov ilə qeyri-prosessual münasibətə girməsi nəticəsində saxta qərardad ilə mümkün saymadı . Qərardadın saxtalığını “e-məhkəmə” portalından çıxarış sübut edir. Portalda 15.02.2019-cu ildə iclasın növbəti tarixə təyin edildiyi,  heç bir qərar qəbul edilmədiyi göstərilsə də, məhkəmənin  15.02.2019 tarixli qərardad tərtib etməsi kobud pozuntudur. Nə yazıq Şəki Apellyasiya Məhkəməsi bu pozuntuya hüquqi qiymət verilməsi bir yana, heç qüvvədə saxladığı qərardaddan kassasiya şikayəti vermək üçün vəkil ayrılmasını da 3 ay sonra təmin etdi və İsmayıllı hüquq məsləhətxanasından  (?) ayrılan vəkil də şikayəti daha 3 aydan sonra yazdığından Ali Məhkəmə 12.02.2020 tarixli qərardadla şikayəti icraata götürməkdən imtina etdi. Hələ də sözügedən qərardad verilməyib ki, Konstitusiya Məhkəməsinə,  Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edim. Bunları vurğulamaqda amacım DİN -in vəkili Əlirza Həbilovun məhkəmə sədrləri ilə qeyri-prosessual münasibətə girərək məhkəmə təminatı hüququma qadağa qoymasını diqqətə çatdırmaqdır. Fikir verin, məhkəmədə müdafiəyə ehtiyacı olan Qarabağ əlilinə ayrılan vəkil kassasiya şikayətini vaxtında yazmayıb və buna görə əlil cəzalandırılır! Özü də belə cəzalandırılma birinci dəfə baş vermir!  Əlirza Həbilov Şəki İnzibati Məhkəməsinin iclası zamanı bəyan etdi ki, Ali Məhkəmədə də olsa , hüququmun təminatına imkan verilməyəcək. (?)
2019-cu ilin avqustunda DİN-ə müraciət edib, pozulmuş hüquqlarımın bərpasını dilədim və cavab verilmədiyindən 35 gün keçəndən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırdım. 2020-ci ildə iş Bakı İnzibati Məhkəməsinə verildi. Və 6 aylıq cavabdehin “dəqiqləşdirilməsindən” sonra yenə də Əlirza Həbilov Şəki Apellyasiya Məhkəməsinin saxta qərardadı əsasında iddianın mümkün sayılmamasını diqtə etdi. Düzdür, hakim Elvin Əliyev obyektiv mövqe tutdu və məhkəmə baxışını 03.12.2020 tarixinə təyin etdi. Bu tarixə bir gün qalmış  (yenə də ) “pandemiya “asqırdı” və işə baxılması ertələndi. Elektron qaydada müraciət edib, video formatda işə baxılmasını diləsəm də, heç bir cavab verilmədi. Od çərşənbəsi günü Bakı İnzibati Məhkəməsinin 25.02.2021 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadını elektron qaydada aldım. Dəhşətdir, məhkəmə iddiaçıya xəbər vermədən , gizlincə Şəki İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardadını əsas tutub və eyni predmet və əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduqda iddianın mümkün sayılmamasını “əsaslandırıb”. Halbuki nə Mülki Prosessual Məcəllədə, nə də İnzibati Prosessual Məcəllədə belə “əsas” nəzərdə tutulur. Ali Məhkəmənin “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “ 10.04.2015 tarixli 5 saylı Plenumunun Qərarının 8.3 maddəsinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə yenidən iddia qaldırılmasını istisna etmir! Tutaq ki, vəkilin bu qərardan xəbəri yoxdur, bəs məhkəmə hakiminə nə gəlib? Yoxsa, vəkil yuxarı instansiyaları da DİN-in adından qanunsuzluğa sövq edəcəyinə hakimi inandırıb?
İstənilən halda, məhkəmə özbaşınalığı , məhkəmə təminatı hüququna qadağa yerli məhkəmə səviyyəsində “ali qüvvəyə minər”, axı, Avropa Məhkəməsi da var! 
Məğrur BƏDƏLSOY