Məhkəmə müxalifətçi aktiv fəala şərti cəza verdi

Xəbər verdiyimiz kimi, fevral ayının 29-u hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı şəhər Səbail rayon məhkəməsində Fuad Əlinin (Ələsgərov) məhkəmə prosesi keçirilmişdir. O, Azərbaycan Respublikasının cinayət məcəlləsinin 25.1 və 318.1 maddələri ilə qanunsuz olaraq dövlət sərhəddini keçməkdə təqsirləndirilir. Məhkəmə zamanı Fuad Əli ifadəsində ” Mən, Çex Respublikasından Azərbaycana dönərkən hava limaninda polis tərəfindən qandallanaraq bölməyə aparılmışam.Səbəbini soruşdum,cavab vermədilər” söyləmişdir. O, maşında olarkən ona qarşı  qeyri insani hərəkətlərlə təzyiq göstərildiyini, Adil adli polisin ona yumruq zərbəsi endirdiyini dilə gətirmişdir. Sonra isə Səbail rayon polis idarəsinə gətirildiyini və idarədə fiziki təzyiq altında izahat verməyini tələb etmişlər. Fuad Əli vəkilsiz izahat verməyəcəyini, ona qarşı vəhşicəsinə davranıldıgını bildirdikdə daha polislər tərəfindən  şiddətli təzyiqlə üzləşmişdir.


Fuad Əlinin vəkili Nemət Kərimli

Məhkəmə zamanı Fuad Əlinin vəkili Nemət Kərimli vəsadətlə çıxış edərək  müdafiə etdiyi Fuad Əlinin əməllərində heç bir cinayət tərkibi olmadığını, irəli sürülən maddələrin ona şamil olunmamasını tələb etmişdir. Eyni zamanda o, Fuad Əlinin Səbail rayon polis idarəsində yazdığı izahatın polisin təzyiqi altında yazdığini və bu səbəbdən heç bir hüquqi asası olmadığını qeyd etmişdir. Sonra vəkil Fuad Əlinin həpsinin arxasında siyasi motiv oldugunu, onun Müsavat partiyasının üzvü və siyasi aktivist oldugundan həps edildiyini vurğulamışdır. Çıxışın sonunda Nemət Kərimli müddəhimin heç bir cinayət törətmədiyini, dərhal məhkəmə zalından azad olunmasını tələb etmişdir.


Məhkəmənin hakimi Elmar Rəhimov

Məhkəmənin hakimi Elmar Rəhimov, vəkilin vəsadətinin qəbul olunmadiğini bildirmişdir. Sonra şahidlər Quliyeva Sevda və Kərimov Emil ifadə vermişlər. Sonda hakim məhkəmə işi üzrə materialları və şahid ifadələrini əsas götürərək Fuad Əli barəsində iki il şərti  cəza və iki il sinaq müddəti olmaqla hökm çıxarmışdır.Məhkəmədən sonra vəkil Nemət Kərimli qəzetimizə hakimin qərarının ədalətsiz oldugunu, hökmdən apelyasiya şikayəti verəcəyini bildirmişdir.

Mahir  Kərimoğlu