Məhkəmə Mehman Hüseynova dəstək aksiyasına çıxanlara həbs və cərimə cəzası verdi

Baxış sayı:
11875

Aclıq edən bloger Mehman Hüseynova azadlıq şüarı ilə Bakı Apellyasiya Məhkəməsinin qarşısında yanvarın 6-da aksiya keçirməyə cəhd edərkən saxlanılan 7 fəal barədə Yasamal Rayon Məhkəməsi qərar qəbul edib.
 
Məhkəmənin qərarı ilə “Kanal13” internet televiziyasının jurnalisti Elçin Rəhimzadə 400 manat, Monitor TV-nin əməkdaşı İsmayıl İslamoğlu 20 sutka, aksiyanın təşkilatçısı Mete Türksoy 25 sutka, Yaşar Xaspoladov 450 manat, Qoşqar Əhmədov 20 sutka inzibati həbsə məhkum edilib, Orxan Məmmədov 400 manat və Bəxtiyar Məmmədli 400 manat cərimələnib.
Rəsmi qurumlar aksiya ilə bağlı hələ məlumat yaymayıb.
Bu, son bir neçə gün ərzində “Mehman Hüseynova və siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirilən ikinci etiraz aksiyasıdır.
Müsavat Partiyası isə yanvarın 12-də eyni şüarla mitinq keçirmək barədə qərar qəbul edib. Birinci aksiya zamanı 4 fəal inizbati qaydada həbsə məhkum edilib, daha dörd fəal isə cərimələnib.
Bununla yanaşı Mehman Hüseynova dəstək məqsədi ilə ictimai-siyasi fəallar aclıq aksiyasına başlayıb. Sosial şəbəkələrdə geniş müdafiə kampaniyası təşkil edilib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.