Məhkəmə işgəncələrlə bağlı şikayətə baxmaqdan imtina edib

Bakının Qaradağ Rayon Məhkəməsi Nardaran hadisələri ilə əlaqədar 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncələrə məruz qalması barədə şikayətinə baxmaqdan imtina edib.
 
Vəkil Yalçın İmanov bildirib ki, məhkəmə bunu onunla əsaslandırıb ki, bu cür ərizələrə məhkəmə nəzarəti qaydasında baxılmır.
Vəkil bunu qanunsuz adlandırıb və apellyasiya şikayəti vermək niyyətindədir.
Avqustun 8-də Y.İmanov Qobustan Qapalı Həbsxanasında A.Hüseynova baş çəkib. Məhbus iyulun 22-də Qobustan həbsxanasına köçürüldükdən sonra sistematik işgəncələrə məruz qaldığını bildirib.
Lakin Penitensiar Xidmət A.Hüseynovun işgəncələr barədə bəyanatını təkzib edib.
Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs olunub. 2017-ci ilin yanvarında məhkəmə onu ağır cinayətlər törətməkdə - konstitusion quruluşu dəyişməyə cəhd, terrorizm, qətl və s. ittiham edərək 20 il azadlıqdan məhrum edib.