“Məhkəmə icraçısına yazılı izahat da verib ki, mən aliment verməyəcəyəm” – SUMQAYIT SAKİNİ KEÇMİŞ ƏRİNDƏN ŞİKAYƏTÇİDİR

Baxış sayı:
8224

Sumqayıt şəhər Birləşmiş məhəllə ev 11, mənzil 20-də yaşayan Kazımova Nərgiz Həsənağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban xanım! Mətbuat vasitəsi ilə Sizə müraciət etməyimə səbəb odur ki, bu günə kimi aidiyyatı orqanlara müraciət etsəm də, heç bir köməklik göstərilməməsidir. Belə ki, mən Sumqayıt şəhərində yaşayan Xankişiyev Ramin İsmayıl oğlu ilə 2005-ci ildə el adəti ilə ailə qurmuşam. 30 oktyabr 2006-cı ildə Ramin İsmayılovla nigahımızı rəsmləşdirmişik. Bu nigahımızdan Xankişizadə Mədinə Ramin qızı dünyaya gəlmişdir. Bir müddət münasibətlərimiz yaxşı olsa da, sonradan pisləşdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə uşağın məndə qalmasına və keçmiş ərim Ramin Xankişiyevdən hər ay 108 AZN pul tutularaq mənə ödənilməsi barədə qərar verdi. Bu qərar 24 dekabr 2015-ci ildə verilib. Bu qərar verildiyi gündən indiyə kimi Ramin İsmayılov aliment ödəməkdən boyun qaçırır. Hətta buna görə 27 yanvar 2017-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə beş gün müddətinə inzibati qaydada həbs edilib. Bu həbsdən sonra aliment ödəmək üçün nəticə çıxarmaq əvəzinə, məsuliyyətdən yaxa qurtarmaq üçün ölkəni tərk edərək, Türkiyəyə qaçmışdır. Bir müddət orda yaşadıqdan sonra geri qayıdan Ramin Xankişiyevlə Sumqayıt Məhkəməsinin icra şöbəsinin məmurları dəfələrlə söhbət etsələr də, o, aliment ödəməkdən imtina edir. Məhkəmənin icra şöbəsinə verdiyi izahatında da təsdiq edir ki, aliment borcu olmağına baxmayaraq pulu ödəməyəcək. Məhkəmə qərarı verildiyi gündən bu günə kimi 3024 manat aliment ödəməli olan Ramin Xankişiyev mənə cəmi 90 manat aliment ödəyib. Qızımın artıq 12 yaşı var. Ayrıldığımız gündən ona mən baxmışam, mən tərbiyə edib saxlamışam. Bir dəfə də olsun Ramin Xankişiyev atalıq borcunu yerinə yetirib, qızımın tərbiyəsi, təhsili, nə yeməsi, harada yaşaması ilə maraqlanmır. Aliment ödəməkdən isə bilərəkdən yayınır. Uşağı ilə maraqlanmayan, onun taleyinə biganə qalan bir şəxs valideyn adlandırıla bilməz və o, bu hüquqdan məhrum olunmalıdır. Dövlət işində işləmirəm, qapılarda qulluqçuluq edərək övladımı saxlayıram, kirayədə qalıram. Ramin Xankişiyevin atalıq hüququnun olması övladımın da marağına toxunur və ona görə də deyir ki "ana mənə elə ata lazım deyil". 18 sentyabr 2017-ci ildə Ramin Xankişiyevin "atalıq hüququndan məhrum edilməsinə dair" Sümqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Hal-hazırdada iş Sumqayıt şəhər Məhkəməsinin hakimi Azər İsmayılovun icraatındadır. Bu günə kimi iki dəfə məhkəmə olub. Hakim Azər İsmayılov göstərdiyim faktları ciddi şəkildə araşdırıb qərar verməkdənsə, məni get-gələ salır. Belə ki, mən məhkəməyə verdiyim iddia ərizəmdə göstərmişəm ki, Ramin Xankişiyev bu günə kimi aliment ödəməyib, hətta buna görə inzibati həbs də alıb. Məhkəmə icraçısına yazılı izahat da verib ki, mən aliment verməyəcəyəm. Qanunvericiliyə əsasən, bu faktlar da Ramin Xankişiyevin atalıq hüququndan məhrum etməyə kifayət edir. Bu faktları hakim Azər İsmayılova təqdim etsəm də, o, "boş şeydir" deyərək, sənədlərimi araşdırılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərdi. Sumqayıt şəhər Qəyyumluq və Himayəçilik Komissiyası da heç bir iş görmür. Bir dəfə də olsun Ramin Xankişiyev danışdırılmayıb. Dəfələrlə komissiya üzvləri Teymur müəllim və Sədirxan müəllimin yanında olsam da, məni bu gün-sabahla yola verirlər. Hörmətli Mehriban xanım! Azyaşlı övladının tərbiyəsi, təhsili, sağlamlığı ilə maraqlanmayan birinin dinimizdə valideynlik haqqı olmur. Qanunvericiliyimizdə də belə insanlar valideynlik hüquqlarından məhrum olunmalıdır. Haq-ədalət üçün qəbul olunmuş bu qanunlar sadəcə olaraq icra olunmalıdır. Ona görə də Sizdən xahiş edirəm ki, mənə kömək edəsiniz. Mənim müraciətimin Sumqayıt şəhət Məhkəməsinin hakimi Azər İsmayılov tərəfindən qanunauyğun araşdırılaraq qərar verilməsinə tapşırıq verəsiniz. Siz həmişə kimsəsizlərə, xəstələrə, qocalara, əlillərə, qadınlara xususi diqqət və qayğı göstərmisiniz. İnanıram ki, mənimdə müraciətimi cavabsız qoymayacaqsınız”. Muxalifet.az Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.