Məhkəmə-hüquq islahatlarına dair fərmandan 3 ay ötdü - nə dəyişib?
Vəkil: “İşlərlə bağlı SMS bildirişlər gəlməyə başlayıb”
Deputat: “Hakimlərə 10 min manat aylıq məvacib verilməsi təşəbbüsü ilə çıxış etmişik”
Azərbaycanda müxtəlif istiqamətlərdə islahatlar aparılır. Məhkəmə-hüquq sistemində də bu yöndə addımlar atılır. Deputatların, vəkillərin, bir çox müşahidəçilərin qənaətinə görə isə Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar bir qədər ləng gedir. Hər kəsin bu sahədə gedən islahatlardan böyük gözləntiləri var. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məhkəmə-hüquq islahatları ilə bağlı çıxışlarında bu sahədə durumun yaxşılaşdırılması üçün korrupsiyaya bulaşmamış gənc kadrların məhkəmə hakimiyyətinə gətirilməli olduğunu vurğulayıb.
Deputat bildirib ki, ölkə başçısının məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklikdən başqa bir sənədin parlamentə daxil olduğunun şahidi olmayıb.
Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə “məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac” olduğunu deyib, bundan əvvəl isə “Məhkəmə-hüquq sistemində islahatlarin dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Məhkəmə-hüquq sistemi üzrə təhlilçilər hesab edirlər ki, islahatlar hakimlərin müstəqilliyi, peşəkar təlimlər, maaş artımı, ittiham sistemi, prokurorluq-hakim münasibətləri sahələrində olmalıdır.
Tanınmış vəkil Elçin Sadıqov deyir ki, ötən müddət ərzində texniki xarakterli yeniliklər var: “Ancaq məhkəmə qərarlarının qəbulunda ədalətlilik, işə yanaşmada dəyişiklik hiss olunmur”.
Elçin Sadıqov hesab edir ki, fərmanın icrası üçün ABŞ Məhkəmə sistemində uğurla tətbiq olunan “nəticələrin öncədən görülməsi praktikası”na müraciət olunmalıdır: “Bu, məhkəmə presidentləri əsasında nəticələrin öncədən görünməsi, təxmin edilməsidir. Hesab edirəm ki, Azərbaycanda da məhkəmə presidentləri formalaşmalıdır. Hər bir insan bu və ya digər mübahisənin gələcəkdə necə həll oluna biləcəyini əvvəlcədən görməlidir. Qanun məhkəmələr tərəfindən birmənalı tətbiq olunmalıdır. Azərbaycanda isə praktikada hətta Ali Məhkəmədə belə eyni xarakterli işlər üzrə fərqli qərarlar qəbul edilir. Bu cür yanaşma haqlı olaraq vətəndaşların narazılığına səbəb olur, məhkəmələrə inamı sarsıdır”.
Vəkil eyni mahiyyətli işlər üzrə fərqli qərarların qəbulunun səbəblərinə də toxunub: “Məhkəmə hüquq islahatları ilə bağlı fərmanda da məhkəmələrdə korrupsiya hallarının mövcudluğu vurğulanır. Korrupsiya, məhkəmələrin qeyri-müstəqil olmaları son nəticədə eyni mahiyyətli işlər üzrə fərqli qərarların verilməsi kimi halların ortaya çıxmasına səbəb olur”.
Elçin Sadıqov deyir ki, islahatlar hakimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasını da əhatə etməlidir: “Hakimlər bu gün gördüklərin işlərin müqabilində uyğun olmayan məvacib alırlar. Hakimlərin baxdıqları işlərin həcmi olduqca çoxdur. Bu gün Ali Məhkəmədə bir prosesdə çıxış edəcəkdim. İş üzrə hakim bizə qədər 30 işə baxmışdı. Yəni hakimlərin iş həcmi çox böyükdür. Elə gün olur ki, hakim 40 və artıq işə baxır. Bu həddən artıq ağır yükdür. Bu ağır yüklə bağlı məhkəmələr müəyyən sənədlər, bildirişlər, qərarlar göndərməlidirlər. Bütün bu yük hakimlərin üzərinə düşür. Düzdür, dövlət büdcəsindən bu işləri görmək üçün müəyyən məbləğ ayrılır. Amma həmin məbləğ də yetərli deyil. İş həddən artıq çoxdur, həmin işlərlə bağlı yazışma, göndərişlərin xərcləri də böyükdür. Hesab edirəm ki, bu xərclər bütünlüklə dövlət hesabına qarşılanmalıdır. Hakimlərin minimal əmək haqqının 5 min manat olması vacibdir ki, korrupsiya ilə məşğul olmasınlar”.
Elçin Sadıqov hakim köməkçilərinin korrupsiya əlaqələrində vasitəçiliyi haqda fikirlərə də münasibət bildirib. O deyib ki, hakimlərin köməkçilərinin də əmək haqları yüksək olmalıdır: “Köməkçilər texniki məsələləri, yazışmaları aparır. Təbii ki, qeyri-prosessual məsələlərin də şahidi oluruq. Təbii ki, bu da yolverilməzdir. Köməkçilərə də yüksək əmək haqqı verilməli, qeyri-prosessual məsələlər müəyyən olunduqda məsuliyyətə cəlb edilməli, cəzaya çatdırılmalıdırlar”.
Elçin Sadıqov “Fərman verilən gündən sonra məhkəmələrin işində nə dəyişib” sualına “İşlərlə bağlı sms bildirişlər gəlməyə başlayıb” cavabını verib.
Deputat Fazil Mustafa deyir ki, hazırda məhkəmə-hüquq islahatları ilə bağlı hazırda yeni bir situasiya yoxdur: “Yəqin ki, sənədlərin hazırlanması mərhələsi olduğuna görə son vaxtlar hər hansı bir müzakirələrə dəvət olunmuruq. Ümumilikdə verilmiş fərman ölkə başçısının bu istiqamətdə iradəsinin göstəricisidir. Bu istiqamətdə dəyişikliklər edilməsi nəzərdə tutulur. Ümid edək ki, dəyişikliklər məhkəmə-hüquq sistemində ən azı müsbət istiqamətdə bir sıra problemlərin həllinə köməklik göstərəcək”.
Fazil Mustafa fərman veriləndən sonra ötən müddət ərzində dəyişikliklərin hiss olunmaması ilə bağlı suala belə cavab verib: “Hər halda, ortada iradə var. Bunun praktikada nə dərəcədə tətbiq olunacağını söyləmək çətindir”.
Deputat deyir ki, məhkəmə-hüquq islahatları ilə bağlı fərmana uyğun olaraq məhkəmə hakimlərinin köməkçilərinin funksiyalarının dəqiqləşdirilməsi, qanuna əməl edilməsi vacibdir: “İlk növbədə hakimlərin əməkhaqları məsələsi həll olunmalıdır. Biz hakimlərə 10 min manat aylıq məvacib verilməsi təşəbbüsü ilə çıxış etmişik. Hakimə yüksək əmək haqqı verilməlidir ki, gözü başqa yerdə olmasın, problemlərini özü həll edə bilsin. Hakimlərə yüksək əmək haqqı verilməlidir ki, rüşvətə meyl etməsinlər”.
Deputat qeyd edir ki, belə bir dəyişiklikdən sonra hakimlərin qeyri-prosessual münasibətlərə görə sərt cəzalandırılmasını tətbiq etmək olar: “Hakimlərə imkan vermək lazımdır ki, öz funksiyalarını yerinə yetirsinlər, bundan sonra qanunların sərtləşdirilməsi də mümkündür”.
Ali Məhkəmənin hakimi Vafəddin İbayev BBC News Azərbaycancaya şərhində məhkəmə-hüquq sistemində “islahatlar aparılması üçün konkret misal deyə bilməyəcəyini” vurğulayıb.
Azərbaycanda hakimlərin vəzifə maaşları sonuncu dəfə 2018-ci ilin mayında artırılıb.