Məhbusların qaçmasına görə 21 nəfər intizam məsuliyyətinə cəlb edilib

Məhbusların qaçışı ilə bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi intizam məsuliyyətinə cəlb edilib.
 
 Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə nazirliyin geniş kollegiya iclasında bildirilib. Məhbusların qaçması məsələsi Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunub.
Nazirlikdən verilən məlumatda bildirilir ki, oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib.
Qeyd olunub ki, 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B. Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda Penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.