​Meyvezer Həbiblə döyüşə razılaşdı: indi nə olacaq? - FOTO

Baxış sayı:
340

5 çəki dərəcəsində 12 qat dünya çempionu, əfsanəvi amerikalı boksçu Floyd Meyvezer dağıstanlı Həbib Nurməhəmmədovla döyüşə razılıq verib. Lakin "Məğlubedilməz Floyd"un şərtləri var.
Muxalifet.az ABC-yə istinadən bildirir ki, Meyvezerin sözlərinə görə, UFC çempionu Həbib Nurməhəmmədovla görüşməyə hazırdır, lakin bu qarşılaşma boks qaydaları əsasında olmalıdır.
"Bəli, döyüşəcəyik! Özümlə bağlı qərarı mən verirəm. Həbibin düşərgəsində nə baş verdiyini bilmirəm. Amma hər halda bunu edə bilərik. O, məni döyüşə çağırıb və buna görə qoy, mənim boks aləmimə qatılsın. Döyüşlə bağlı 9 rəqəmli qonorar gözləyirəm. Təxminən, Konor MakQreqorla görüşə görə aldığım məbləğdən 100 milyon dollar artıq. Döyüşün yeri? Ancaq Las-Veqas", - Meyvezer bildirib.
Boksçunun sözünə görə, döyüşün təşkilinə Həbibin davranışı da təsir edəcək: "O, rinqdə və rinqdən kənarda peşəkar kimi davranmalıdır".
Floyd Meyvezer irlandiyalı Konor MakQreqorla döyüşə görə 30 milyon dollar qonorar almışdı. Belədə onun, Həbiblə qarşılaşmaya görə 130 milyon dollar istədiyi anlaşılır.
Fəqət, bu döyüşə maraq böyük olmayacaq. Çünki belə döyüş artıq olmuşdu: Meyvezer MakQreqorla qarşılaşmışdı.
Üstəlik, boks qaydaları ilə döyüşdə Nurməhəmmədovun qələbə şansı həddən ziyadə azdır və bunu, əlbəyaxa döyüşlə boksdan az-çox başı çıxan hər kəs anlayır.
Həbiblə Floyd oktaqonda MMA qaydaları əsasında döyüşsəydilər, WWE versiyası ilə üzləşib restlinq göstərsəydilər, heç olmasa 100 metr qaçışda yarışsaydılar - maraq daha çox olardı.
Bundan başqa, Nurməhəmmədov boks qaydaları əsasında Meyvezerlə qarşılaşsa, hamı onu "düşmən"i MakQreqorla müqayisə edəcək. Xatırladaq ki, Konor Floyda 10-cu raundda məğlub olmuşdu.
Həbib daha tez məğlub olsa - irlandiyalının fanatları onu ələ salacaqlar.
Həbib qalib gələrsə - hamı Floyd Meyvezeri zəif çıxışda, qəsdən müqavimət göstərməməkdə suçlayacaq.
Üstəlik, Meyvezer əsla və əsla zəif döyüşən deyil.