Merkeli müşayət edən və Bakıya buraxılmayan Veylerin erməni mafiyası ilə əlaqələri aşkarlandı - SENSASİON ARAŞDIRMA

Baxış sayı:
11761

Bu həmin Veylerdir ki, 2018-ci ilin avqustunda Almaniya kansleri Angela Merkeli Cənubi Qafqaz turnesində müşaiyət edirdi. Lakin o, kanslerlə Bakıya gələ bilmədi. Çünki Qarabağa qanunsuz səfərinə görə Almaniya xüsusi xidmət orqanlarının 4 ilə yaxın davam edən tam məxfi təhqiqatının nəticəsi olaraq bu ölkədə aşkara çıxarılan erməni mafiyası-“vor zakon”ların başçılıq etdiyi və qəddarlığı ilə seçilən mütəşəkkil cinayətkar qruplaşma barədə yeni  sensasion detallar məlum olub. virtualaz.org alman mediasına istinadən xəbər verir ki, nəinki Ermənistanın Almaniyadakı keçmiş səfiri (hazırda Lixtenşteynə təyin olunub) Aşot Smbatyan, eləcə də Almaniya Federal parlamentinin-Bundestaqın üzvü, işğal altındakı Azərbaycan ərazilərinə etdiyi səfərə görə Bakıya gəlişinə qadağa qoyulan Albert Veylerin bu mafiya ilə əlaqələri mövcuddur.

Azərbaycan tərəfi Veylerə viza verməkdən imtina etdi, Angela Merkel isə Bakıya gələrkən onu nümayəndə heyətinin tərkibindən çıxarmalı oldu. Həmin vaxt Veyler bu məsələyə görə qalmaqal qaldırmağa cəhd etmişdi.

Xəbər verdiyimiz kimi Almaniyadakı erməni mafiyasının fəaliyyəti barədə araşdırma bu ölkənin ictimai televiziyası MDR və “Der Spiegel” jurnalı tərəfindən aparılıb. Araşdırmada alman xüsusi xidmət orqanlarının apardığı məxfi təhqiqatın nəticələrinə də istinad edilib. Araşdırma “Spiegel online” saytında dərc edilib.

Erfurtda atışma: Bundeskriminalamt təhqiqata başlayır...

Xatırladaq ki, Almaniya xüsusi xidmət orqanları erməni mafiyasının izinə 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kazinoların birində erməni cinayətkar dəstələr arasında atışma baş vermiş və bir nəfərin yaralanması ilə nəticələnmiş araşdırmadan sonra düşüblər. Bu atışmanın motivləri araşdırılarkən məlum olub ki, Almaniyada erməni cinayətkar klanları mövcuddur və onlar arasında mübarizə gedir. Atışma Türingen federal torpağında erməni mafiyası üzvləri arasında müharibənin yalnız bir epizodudur. Orada bir restoranın və avtomobillərn yandırılması, erməniyə məxsus restorana 15 nəfərlik dəstənin hücum etməsi və s. cinayətlər də baş verib.

Araşdırmada bildirilirdi ki, Erfurtdakı atışmadan sonra Almaniya Federal Kriminal İdarəsi (Bundeskriminalamt, BKA) və 6 federal torpağın kriminal idarələrindən ibarət yaradılmış təhqiqat qurpu “qanuni oğrulara qarşı mübarizə” (“Fight against thieves in law”, FATIL) kod adlı illərlə davam edən əməliyyat həyata keçirib. Bu, Almaniya tarixində mütəşəkkil cinayətkarlıqla mübarizədə ən böyük əməliyyatlardan hesab olunur. Məqalədə BKA-nın sözügedən əməliyyata dair 19 səhifəlik məxfi hesabatına istinad edilir.

BKA müəyyən edib ki, Almaniyada güclü erməni mafiyası mövcuddur. Bu mafiya Rusiya-Avrasiya bölgəsindən olan digər qruplaşmalarla birlikdə böyük maliyyə resurslarına malikdir və hüquqi dövlətçilik üçün təhlükə yaradır. Hesabatda erməni cinayətkar dəstələrin kiçik və diqqət çəkməyən, amma olduqca qəddar olduğu, onlara “qanuni oğruların” rəhbərlik etdiyi diqqətə çatdırılır.

Erməni mafiyası Almaniyada nə işlə məşğuldur

Alman xüsusi xidmət orqanlarının araşdırmasına görə erməni mafiyasi kazino avtomatları ilə manipulyasiya, mütəşəkkil oğurluq, soyğunçuluq,  siqaret qaçaqmalçılığı, miqrantların ödəniş müqabilində Almaniyaya gətirilməsi ilə məşğul olur. Mafiya həm öz qazandıqları, həm də xaricdən köçürmə yolu ilə əldə etdikləri “çirkli” pulları Almaniya və Qərbi Avropada daşınmaz əmlaka yatırım etməklə “yuyur”. Almaniyada qanuni əsaslarla yaşaya bilmək üçün əksər cinayətkarlar yerli qadınlarla yalançı nikaha daxil olurlar.

FATIL əməliyyatı Almaniyada yaşayan erməni əsilli məşhur boksçular- Karo Muratın və Artur Abrahamın erməni mafiyası ilə əlaqələrini üzə çıxarıb. Belə ki, Erfurtdakı atışma zamanı Karo Muratın avtomobili və mobil telefonu hadisə yerində aşkarlanıb. Habelə hadisənin bəzi iştirakçılarının mobil telefonları Artur Abrahamın “Abraham Boxing GmbH” adlı şirkətinin ünvanında qeydiyyatda idi.

FATİL əməliyyatı niyə nəticəsiz qalıb...

FATIL əməliyyatı nəticəsində Almaniyada 14 cinayət işi açılıb, 42 nəfərin maliyyə əməliyyatları nəzarətə götürülüb.  Almaniyanın xarici kəşfiyyat orqanı olan BND və Avropol polis təşkilatı həmin şəxslərin fəaliyyətinin izlənilməsində FATIL əməliyyatına dəstək göstəriblər.

Lakin FATİL əməliyyatı demək olar ki, nəticəsiz qalıb. Çünki hüquq-mühafizə orqanları erməni mafiozların fəaliyyətinə dair  yuxarıda sadalanan məlum faktları məhkəmə qarşısında sübut edəcək kifayət qədər dəlil toplaya bilməyiblər. Çünki mafiya üzvləri əsasən təklikdə fəaliyyət göstərib, öz aralarında ancaq qapalı messencer xidmətləri üzərindən əlaqə saxlayıb. Habelə alman hüquq-mühafizə orqanlarının əsas gücünü radikal islamçılara qarşı səfərbər etdiyi üçün resurslar kifayət etməyib.

Nəticədə prokurorlar mütəşəkkil cinayətkarlıq maddəsi ilə iş qaldırmağa cəsarət etməyiblər.

Fövqəladə və səlahiyyətli “qanuni oğru”?

Lakin FATİL əməliyyatı Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyanın erməni mafiyası ilə əlaqələrinə dair ciddi ipucları əldə edib. Bildirilir ki, BND-nin hələ 2008-ci ildə hazırladığı xidməti arayışda o zamanlar səfirliyin adi əməkdaşı olan Smbatyanın Almaniyaya miqrantların gətirilməsi biznesində iştirak etdiyi, onun özünün “qanuni oğru” olduğu və Yerevanda cinayətkar aləmdə ad çıxardığı qeyd edilir. BKA-ın hesabatında Smbatyanın hələ də “qanuni oğru” olmasına dair dəlillərin olmadığı və onun İnterpolun “qanuni oğrular” siyahısında yer almadığı diqqətə çatdırılır.

Bununla belə alman banklarından birində olan hesabına dəfələrlə böyük məbləğdə nağd pul yatırması ilə əlaqədar, Berlin prokurorluğunun 2005-ci ildə Smbatyana qarşı “çirkli pulların yuyulması” ehtimalı ilə təhqiqat başlaması məlumdur. Smbatyan o zaman ittihamlara cavab olaraq bildirmişdi ki, “xaricdən gələn köçürmələr  Ermənistan səfirliyinin ümumi təcrübəsinin bir hissəsidir”. Smbatyana qarşı sözügedən təhqiqat sonradan dayandırılıb.  Smbatyana qarşı eyni zamanda Ermənistanın keçmiş naziri və imkanlı iş adamının qızı ilə əlaqələrinə görə təhqiqat aparılıb, amma həmin təhqiqat da nəticəsiz qalıb.

Smbatyan səfirlikdə bir müddət işlədikdən sonra Yerevana qayıdıb, orada XİN-də işləyib. 2014-cü ildə Ermənistanın o zamankı səfiri xəstəlikdən vəfat etdikdən sonra, Smbatyan gözlənilmədən səfir təyin edilib.

 “Ehtiyatlı olun, Smbatyan mafiyanın adamıdır...”

Səfir olduğu müddətdə Smabtyan bir neçə federal torpağın daxili işlər nazirliklərində, o cümlədən 2017-ci ildə AFR-in Federal Daxili İşlər Nazirliyində görüş keçirib, erməni mafiyası haqda xəbərlərin Ermənistanın can atdığı viza sadələşdirilməsi məsələsinə mənfi təsirlərindən ehtiyat etdiyini dilə gətirib və AFR-in hüquq-mühafizə orqanlarına erməni mafiyasına qarşı mübarizədə yardımını təklif edib. BKA isə 2018-ci ilin mart ayında məsələyə dair xidməti arayışında Ermənistan dövlət strukturlarının “qanuni oğrularla” mümkün əlaqələrini nəzərə alaraq, Ermənistan rəsmiləri ilə bu sahədə dərin əməkdaşlığı məqsədəuyğun hesab etməyib.

Smbatyan Serj Sərkisyanın adamıdır və hakimiyyət dəyişikliyindən “sağ çıxır”

Məqalədə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Smbatyanın taleyinə dair iki versiyanın mövcud olduğu qeyd edilir. Bəziləri onun keçmiş prezident Sarksyanın yaxın ətrafına aid olduğu və buna görə də vəzifədən geri çağırılmasına sayılı günlər qaldığını bildirir, digərləri isə onun rejim dəyişikliyindən “sağ” çıxdığını iddia edir və sübut kimi yaxınlarda həm də Lixtenşteynə səfir təyin olunduğunu göstərirlər.

Qeyd edək ki, Serj Sərkisyanın və ətrafının kriminal qruplaşmalarla, erməni “vor zakon”la sıx əlaqələrinin olduğu çoxdan məlum idi.

Albert Veyleri mafiya ilə nə birləşdirir...

Jurnalistlərin araşdırmasında həmçinin Almaniya-Ermənistan Forumuna və onun erməni mafiyası ilə mümkün əlaqələrinə toxunulur (Qeyd: sözügedən təşkilatın qurucusu və sədri, Bundestaqın deputatı Albert Vaylerdir)

Məqalədə vurğulanır ki, Smbatyanın səfir olduğu müddətdə yaradılmış Almaniya-Ermənistan Forumu Ermənistanın ən mühüm lobbi təşkilatıdır. Təşkilatın 34 qurucusu arasında deputat Albert Vayler, onun əməkdaşları, Berlin Senatının bir əməkdaşı, AFR XİN-in əməkdaşı (Qeyd: çox güman ki, Almaniyanın Ermənistanda keçmiş səfiri, Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında olan Hans-Yoxen Şmit nəzərdə tutulur), səfir Smbatyan və onun arvadının adı çəkilir.

Forumun təsis yığıncağının ilk xatirə şəklində Murat Karo da vardır. Jurnalistlər Vaylerlə əlaqə saxlayıblar və onunla Smbatyan arasında əlaqələr haqda soruşublar. O,  erməni səfirinə qarşı ittihamlardan təəccübləndiyini, Smbatyanın hansısa qanunsuz hərəkətlər etdiyini təsəvvür edə bilmədiyini, amma bu faktın “onun insan haqda təsəvvürünü” dəyişə biləcəyini deyib. Vayler həmçinin şəxsi məlumatların mühafizəsini  əsas gətirərək boksçu Muratın Forumun üzvü olub-olmaması haqda sualı cavabsız qoyub.

Qeyd edək ki, bu araşdırmaya dair  noyabrın 7-də, yerli vaxtla saat 20.45-də MDR televiziyasında “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli film efirə gedəcəyi anons edilmişdi.

Almaniyadakı erməni mafiyasının fəaliyyətinə dair bu sensasion araşdırmada ortaya çıxan məqamlar buna dəlalət edir ki, təkcə Albert Veylerin deyil, Azərbaycan ərazilərinin işğal olunmuş hissəsinə qanunsuz səfərlər edən separatçılara dəstək verən digər alman siyasətçilərin də erməni mafiyası ilə mümkün əlaqələri xüsusi xidmət orqanları tərəfindən araşdırılmalıdır.