​Merkel Əliyevlə nələri müzakirə edəcək?

Ekspertlərə görə, hakimiyyət Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağa sadəcə olaraq məhkumdur

Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə görüşəcək. Görüşdə müzakirə olunacaq məsələlərlə bağlı artıq ilkin məlumat yayılıb.
APA-nın verdiyi məlumata görə, bunu dünən brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.
“Ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağdakı durum diqqət mərkəzində olacaq”,- deyə o vurğulayıb.
Ş.Zaybert həmçinin bildirib ki, Almaniya kansleri ilə Azərbaycan prezidentinin birgə mətbuat konfransı yerli vaxtla saat 13.30-da keçiriləcək.
İ.Əliyevin Almaniyaya səfəri kifayət qədər maraqlı dönəmə təsadüf edir. Öncə onu vurğulamaq gərəkdir ki, hazırda Azərbaycan hökuməti TAP və TANAP layihələrinin reallaşdırılması üçün vəsait axtarışındadır. Bu vəsait isə nə az, nə çox 12 milyard dollar həcmindədir. Azərbaycan tərəfi proyekt üçün vəsaiti Avropadan cəlb etmək niyyətindədir.
I.Əliyevin səfərindən öncə maliyyə naziri Samir Şərifovun Almaniyaya səfər etməsi ona işarə edir ki, maliyyə məsələlərinə də toxunulacaq.
Digər tərəfdən, I.Əliyev hələ Almaniyada olarkən Merkel Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın dövlət başçısının səfəri barədə məlumat vermişdi. Azərbaycanın dövlət başçısı isə öz növbəsində bəyan etmişdi ki, Avropa Birliyi ilə mühüm sənədlər imzalanacaq. Bütün bu məqamlar səfəri maraqlı edir.
Daha bir maraqlı məqam Almaniya Bundestaqının “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərardır. I.Əliyevin bu məsələyə səfər müddətində hansı münasibət bəsləyəcəyi də maraqlıdır.
Və ən nəhayət, ötən gün I.Əliyev Avropa Parlamentinin nümayəndələri ilə görüşdə bəyan etmişdi ki, qonaqların təmsil etdikləri təşkilatla Azərbaycanın münasibətləri sıfır səviyyəsindədir. I.Əliyev bəyan edib ki, münasibətlərin gələcək perspektivi Azərbaycana qarşı irəli sürülən iradların taleyinin necə olacağı ilə bağlıdır.
Siyasi şərhçilər hesab edir ki, Azərbaycan Avropa Birliyi münasibətlərində müəyyən canlanma müşahidə olunur. Almaniya Avropa Birliyinin aparıcı dövləti olduğundan bu ölkə ilə münasibətlər çox böyük əhəmiyyət kəsb edir.
Bundestaqın qəbul etdiyi qərara Azərbaycanın etiraz etməsi vacibdir. Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistana olan bu tipli dəstəyə kifayət qədər sərt şəkildə münasibət bildirilməlidir. Görüş zamanı Azərbaycan-Almaniya, Azərbaycan-Avropa Birliyi münasibətləri təbii ki, ciddi müzakirə predmeti olacaq. Ölkənin ağır sosial-iqtisadi böhran mərhələsində olduğu dövrdə Avropa ilə siyasi və iqtisadi münasibətlərin genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hakimiyyəti böyük maliyyə vəsaitləri tələb edən enerji layihələrini və mövcud sosial-iqtisadi problemləri həll etmək üçün Avropa ilə münasibətlərin nə qədər vacib olduğunu bilməmiş deyil. Hakimiyyət Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağa sadəcə olaraq məhkumdur.