​“Mehriban xanım birinci şəxs olmaq istəyirsə…” – SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
2277

“Onlarda bu imkanlar qaldıqca, Mehriban xanımın gələcəkdə dövləti idarə etməsi mümkün olmayac
 
“...tələb olunacağı təqdirdə, prosesə qoşulub daxildən lazım olan dəstəyimizi də verəcəyik”
 
Azərbaycan hakimiyyəti növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edir. Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Bu təklif qəbul olunarsa, növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Layihə artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub...
Hakimiyyət bu dəyişikliklə 2018-ci il prezident seçkilərini vaxtından əvvəl keçirmək istəyir? Əgər belədirsə, bu qərarın arxasında hansı maraqlar dayanır? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
(Əvvəli bu linkdə: http://muxalifet.az/abs-azrbaycanda-istdiyi-siyasi-modelin-yaradilmasi-ucun-turkiydn-v-rusiyadan-guzstlr-gozlyir.html)
 
- Mətbuat yazır ki, yeni təyin olunan kadrlar Mehriban xanıma yaxın şəxslərdir və hazırda onun komandası formalaşdırılır. Deputat Zahid Oruc isə bildirir ki, hakimiyyət Azərbaycandakı stabilliyi qorumaq üçün seçkiləri 6 ay qabağa çəkməklə, növbəti 7 ildə də İlham Əliyevin prezidentliyini qarant altına almaq istəyir...
- Bilirsiniz, bəzi bəyanatlar caydırıcı olur. Diplomatiyada belə bir məsələ var ki, diplomata dil fikirlərini gizlətmək üçün verilib, demək üçün yox. Əgər bir siyasətçi, bir diplomat danışırsa, bilin ki, onun dedikləri səni aldatmaq üçündür, yəni içindəki fikrini gizlətmək üçün deyilən fikirlərdir. Bu baxımdan da Zahid Orucun deməsi ki, vaxtından qabaq prezident seçkiləri keçiririk ki, zəmanət altına alaq, bu caydırıcı fikirdir. Əgər elədirsə, bu təminata təhlükə nədən ibarətdir? Əsas məsələ budur. Komanda var, hər şey öz yerində, müxalifəti vurub sıradan çıxarıblar, ölkədə qeyri-normal bir şərait var, istənilən addımı ata bilirlər, eləcə də Zahid Oruc 4 dəfə deputat ola bilirsə, burda nə kimi təhlükə var ki, bunu təminata almaq üçün məhz 6 ay qabaq prezident seçkiləri keçirmək istəyirlər? 6 aydan sonra hansı şərtlər yaranacaq?
İndiki hadisələrin gedişatından 2018-ci il noyabr ayında Azərbaycanın daxili ilə bağlı hər hansı bir ciddi hadisənin olacağını heç kəs proqnozlaşdıra, yəni fors-major halı ola bilməz. Fors-major halı o zaman ola bilər ki, dediyim kimi, prezidentin səhhətində problem olar və bu problem ona vəzifəsini axıra qədər başa çatdırmağa imkan verə bilməz. Deməli, bu bəyanatın arxasında duran fikir beynəlxalq şəraitlə bağlıdır. Leninin bir sözü var, “indi tezdir, sabah gecdir”. Ona görə, məhz 6 ay qabaq bunu etmək istəyirlər. Yoxsa, 6 ay böyük bir vaxt deyil. Amma bir halda ki, sən İlham Əliyevin 7 illik prezidentliyini təminat altına almaq istəyirsən, bəs niyə prezidentliyindən əlavə 6 ay kəsirsən?! Bu 6 ayı da qoy üstünə, yəni vaxtında seçkiləri keçir, 7 il 6 ayı təminat altına al da. Zahid Orucun fikrində məntiq yoxdur axı. İlham Əliyevin prezidentliyindən 7 ay kəsirsən, guya bunun 7 illiyini təminat altına almaq istəyirsən. Onsuz da deyirsən ki, onu seçək. Onu seçirsənsə, bu 6 ayı da bitsin, sonra 7 ili gəlsin də. Məntiqlə bu nə dərəcədə ağıllı bir addımdır ki, bir adamın səlahiyyət müddətinə vaxtından qabaq xitam ver ki, onun gələcək səlahiyyət müddətini təminat altına alırıq?!
Nə Konstitusion, nə hüquqi, nə də siyasi cəhətdən İlham Əliyevin gələcəkdə bir daha prezident seçilib, 7 il hakimiyyətdə qalması ilə bağlı təhdid və təhlükə yoxdur. Təhdid və təhlükə olmayan yerdə də təminat altına almaq kimi bir zərurət də yoxdur. Deməli, Zahid Oruc vaxtından qabaq prezident seçkiləri nə üçün keçirilir, niyə buna çalışırlar, bunu gizlətmək istəyir.
- Təyinatlarla bağlı hansı fikirdəsiniz?
- Politoloji anlayış kimi deyirəm, Azərbaycanda aşağı keyfiyyətli idarəetmə var. Aşağı keyfiyyətli idarəetmənin mahiyyəti ondan ibarətdir ki, dövlət vəzifəsinə insanlar şəxsi sədaqətə, proteksiyaya, yaxınlığa görə gətirilirlər. Bu, ya mənim qohumum olmalıdır, ya bilməliyəm ki, bu mənim şəxsi mənafeyimə xidmət edəcək. Bu halda kadrların təyin edilməsini dövlətçilik prinsipləri ilə izah etmək olmaz. Amma yuxarı, yüksək keyfiyyətli idarəetmədə kadrları iki prinsiplə seçirlər:
Birincisi, varislik prinsipi ilə. Necə ki, bir adam orduda əvvəlcə serjant olur, daha sonra leytenant, mayor, polkovnik, general, axırda da gəlib ordunun başında durur. Çünki bütün mərhələdən keçməklə o prosesi tam şəkildə həm praktik, həm də nəzəri olaraq bilirsən. Həm də ora çıxa bilirsənsə, deməli, rəqabətdə olan bütün qüvvələrin ən yaxşısısan ki, gedib yuxarı başa çıxmısan. Buna varislik prinsipi deyirlər. Bu varislik prinsipi də idaretmənin özündə yadlıq yaratmır. Məsələn, kənardan gətirib birini rəhbər qoymaq həmin komandada yadlıq yaradır.
İkinci prinsip isə - demokratiyada dövlət vəzifələrinə insanların gətirilməsi onun cəmiyyət və dövlət qarşısındakı xidmətlərinə görə verilməlidir. Məsələn, Türkiyədə belədir, şəhid ailələrindən mütləq bir nəfər dövlət vəzifəsinə götürülür. Qanun var. Niyə? Bu adam gedib qazi olub, bununla sübut edib ki, dövlətə görə canını verib. Bunun qardaşını da vəzifəyə gətirmək lazımdır, çünki o da canını verəcək. Diqqətlə fikir versəniz, Türkiyədə dövlət çevrilişinə cəhddə birinci küçəyə çıxanlar elə qazilər idi...
Və yaxud da hər hansı bir qüvvənin hakimiyyətə gəlməsində qeyri-adi dərəcədə xidməti olan bir adama vəzifə vermək lazımdır. Məsələn, sabah Mehriban xanım birinci adam olacaqsa, onun hakimiyyətə gəlməsində müstəsna xidməti olan bir adam varsa, ona vəzifə verilməsi normaldır. Çünki bu hakimiyyətin əldə edilməsində onun payı var. Götürək yeni naziri. Onun əvvəlki təcrübəsinə baxaq. O, əvvəl nazir olanda dövlət qarşısında müəyyən xidmətləri olub, ya yox? Mənim çox dəqiq məlumatım yoxdur. Əgər təhsil naziri olarkən dövlət qarşısında müstəsna xidmətləri olubsa, bu adamın başqa bir vəzifəyə gətirilməsində problem yoxdur. Yəni bu adamın təhsil naziri olaraq dövlət qarşısında hansısa xidmətləri olubsa və bu gizlindirsə, mən bir şey deyə bilmərəm. Amma zahirən mənim gördüyüm budur ki, bu nazirin vaxtında neqativ hallar olub...
İndi təsəvvür edin, təhsil humanitar bir sahədir, vergilər nazirliyi dövlətin iqtisadi blokunun bir qoludur. Bura nə daxildir – Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi və s. Bunlar bir yerdə dövlətin iqtisadi blokunu təşkil edir. Humanitar fəaliyyət insandan bir təfəkkür, iqtisadi fəaliyyət də başqa təfəkkür tələb edir. İndi bu sahədə təfəkkürə, ağıla malik bir adamı, məsələn, Əbülfəs Qarayevi gətirək qoyaq maliyyə naziri. Sual olunur, bu adamın təfəkkürü hansı sahədə fəaliyyət üçün imkan verir? Əgər bu bədii təfəkkürə malikdirsə və buna görə də humanitar sahədə fəaliyyət göstərə bilərsə, bunu yaradıcı təfəkkür tələb edən sahəyə niyə qoyursan? Yox, bunda yaradıcı təfəkkür varsa, onda bunu bədii təfəkkür tələb edən sahəyə niyə qoyursan? Bu baxımdan, mənim üçün kadrların yerdəyişməsini dövlətçilik baxımından izah etmək çox çətindir. Yalnız bir aspektdən izah edə bilərəm ki, bu adamın hansısa bir xüsusi xidməti ola bilər. Daxildə bir xidmətini mən görmürəm. Amma, ola bilsin, bu adamın xarici dəstək əldə edilməsində, yeni hakimiyyət komandasının formalaşmasında hansısa bir müstəsna xidmətləri var, ona görə də o vəzifəyə qoyulması tamamilə düzgün ola bilər.
- Yeni təyin olunan kadrların Mehriban xanıma yaxın şəxslərdən seçilməsi haqda nə düşünürsünüz?
- Mehriban xanım birinci şəxs olmaq istəyirsə, ən azı həlledici nöqtələri nəzarət altına almalıdır. Tutaq ki, əgər ruspərəst qüvvələr, ən azı başqa bir klan tərəfindən müqavimət olacaqsa, o nöqtələr həmin klanın və yaxud da Rusiyanın nəzarəti altında olan adamların əlində olacağı təqdirdə, Mehriban xanım heç vaxt gəlib birinci şəxs ola bilməz, çox ciddi problemlər yarana bilər. Ona görə də tamamilə normaldır ki, seçkiyə təsir edə biləcək bütün sferalar nəzarətə alınır. Bunlar nələrdir? Məktəblər, xəstəxanalar, vergi, rabitə, nəqliyyat xanımın nəzarəti altındadır . Çox güman ki, digər ciddi dəyişilmələr də olacaq. Diqqətlə fikir versək, bu dəyişilmələr seçki elektoratı ilə ən çox təmasda olan, seçki elektoratına bağlı olan rəhbər vəzifələrdir ki, məhz o vəzifələr seçkinin taleyini həll edəcək. Əgər Mehriban xanım prezident seçiləcəksə, çox güman ki, indiki komandada olan, geridə qalan kadrlar da seçkidən sonra dəyişiləcək. Əslində, bu vəzifədə olan adamların çox dəyişilməsində qeyri-adi bir şey yoxdur. Çünki Azərbaycanda faktiki olara 30-40 il nazir olan adam var. Dövlətçilik tələb edir ki, bu dəyişilmə baş versin. O baxımdan dəyişilmələr vacibdir.
Amma bu dəyişilmələri əvvəlcədən elə İlham Əliyevin özü aparmalı idi. 20 il nazir olmaq nə deməkdir, həm də o sahədə bütün göstəricilər ilbəil aşağı düşdüyü bir halda?! Məsələn, vergi nazirinin bütün fəaliyyəti başdan-ayağa araşdırılmalıdır . Təyin etdiyi adamların çoxu qohum-qardaşıdır, hətta icra başçısı da qoydurub. Hansı ki, Binəqədinin icra başçısı haqqında ən mənfi fikirlər səslənir - korrupsiya, özbaşınalıq, hüquq pozuntuları, yarıtmazlıq və s. Məsələn, bu icra başçısı gələndən hansı işi görüb? Heç bir iş. Ancaq çapıb-talayıb. Bu baxımdan həmin adamların işdən çıxarılması çox vacibdir, zəruridir. Tutaq ki, heç xanım birinci şəxs olmasın, digər nazirlər də o cümlədən. İçərisində adam öldürəni, oğurluq edəni, korrupsiyaya yol verən, milyardalarla pul talayanı var. Vəzifədən çıxarandan sonra mütləq bunlar məsuliyyətə cəlb olunmalıdır. Dövlətə, cəmiyyətə vurduqları ziyanların kompensasiyası ödənilməlidir. Bu adamlar neçə illərdir işləyib, milyardlarla pul qazanıb, tutaq ki, elə o icra başçısı götürdü qaçırtdı xaricə. Bu nə oldu? Əksinə, mən elə hesab edirəm ki, vəzifədən çıxarılan adamların özlərinin də, qohumlarının da dövlətdən oğurladıqları pullar qaytarılmalıdır.
- Hazırda Ziya Məmmədovla bağlı bu siyasət həyata keçilir...
- Eləcə də işdən çıxarılan məmurların dövlətə vurduğu ziyanlar ödənilməlidir. Bu gün dövlət büdcəsi boşdur. Məsələn, Mehriban xanım pulu hardan alacaq? Ən azı yeni lider kimi gərək cəmiyyətin, insanların həm də sosial problemlərini həll etsin. Bunun yollarından da biri oğurlanan milyardların büdcəyə qaytarılmasıdır. Bunun üçün işdən çıxarılan adamları boş buraxmaq olmaz. Bunların vəzifədə olan qohumlarının da, özlərinin də oğurladıqları pulları büdcəyə qaytarmaq lazımdır. Bunu etməyəcəklərsə, bu kadr dəyişilmələrinin özü də xalqa və dövlətə xeyir verməyəcək. Köhnə kadrların oğurladıqları özlərində qalacaqsa, əslində, onlara mükafat verilmiş olur. Məsələn, bu, vergi nazirinə mükafatdır. İndiyə qədər onsuz da oğurlayıb, özü və qohum-qardaşı milyardlarla pul yığıblar. İndi də çıxıb gedib, onu rahat şəkildə xərcləyəcək də. Amma bu olmaz. Əgər vəzifə dəyişilibsə, mütləq indiyə qədər etdiyinin cavabdehliyini daşımalıdır.
Həm də, onlarda bu imkanlar qaldıqca, Mehriban xanımın gələcəkdə dövləti idarə etməsi mümkün olmayacaq. Bu pul, bu vəsait, bu silahlı dəstələr, bu əlaqələr qalacaqsa, ciddi problem yarana bilər. Tutaq ki, Nəqliyyat Nazirliyinin mühafizə, qoşun dəstələri vardı. Böyük bir ordu idi, kimi harda tuturdusa, döyürdü. Onlar Ziya Məmmədovun nəzarəti altında qalsaydı, dövlət üçün çox böyük təhlükə olardı. İndi vergi naziri çıxıb, sən bunun vəsaitini əlindən almasan, tam təhlükəsiz vəziyyətdə neytrallaşdırmsan, gələcəkdə yeni hakimiyyət üçün böyük təhlükə olacaq. Əbülfəz Elçibəy hakimiyyətinin yıxılmasının səbəblərindən biri də elə o oldu ki, hakimiyyətə gəldikdən sonra onu yıxa biləcək güclərə qarşı effektli mübarizə aparılmadı. Amma Heydər Əliyev onu etdi. Bir adam azad ediləndə, kökünə qədər çıxarırdı ki, müxalifətə keçə bilməsin. Qohumlarına, qardaşlarına qədər maraqlanırdı, birinci maliyyə vəsaitlərini, hərbi güclərini, sonra nüfuzlarını əlindən alırdı ki, onlar müxalifət kimi heç nə edə bilməsinlər.
- Müxalifətin yeni dəyişilmələrə, konkret olaraq Mehriban xanımın prezident seçilməsinə münasibəti necə ola bilər? Məsələn, ADP sədri kimi Siz hansı mövqedəsiniz?
- Əvvəla onu deyim ki, Azərbaycan müxalifətinin istəyi ölkədə pozitiv dəyişilmələrin həyata keçirilməsidir. Bunun iki yolu var. Birincisi, özün hakimiyyətə gəlirsən, bunu həyata keçirirsən. İkincisi, inanırsan ki, bu adam həmin vəzifələri həyata keçirə bilər, ona dəstək verirsən. Məsələn, Türkiyədə Millətçi Hərakat Partiyası qarşıdan gələn seçkilərdə Ərdoğana dəstək verəcək. Niyə? MHP Ərdoğanın Türkiyənin prezidenti kimi apardığı siyasəti düzgün hesab edir. Tutaq ki, Ərdoğan bu məsələni Dövlət Baxçalıdan da effektli həyata keçirdiyinə görə, vacib deyil ki, MHP gəlsin. Dövlət Baxçalının ideyalarını Ərdoğan ondan da keyfiyyətli və yaxşı həyata keçirirsə, nəyə görə o adam orda olmamalıdır?! Bu baxımdan, demokratik müxalifət ya özü hakimiyyətə gəlib vəziyyəti dəyişdirməlidir, ya da vəziyyəti pozitiv istiqamətdə dəyişdirə biləcək bir insana dəstək verməlidir. “Mən varam, dünya var, mən yoxam, dünya yoxdur” fikri qəbuledilməzdir. Azərbaycan Demokrat Partiyası – biz hətta bundan qabaqkı hakimiyyətlərə də dəstək verdik. İlham Əliyev gələndə verdiyimiz bəyanat yadınızdadır. Bəyan etdik ki, əgər İlham Əliyev Heydər Əliyevin siyasətindən fərqli bir siyasət həyata keçirəcəksə, biz dialoqa və ona hər cür dəstək verməyə hazırıq. Elə Heydər Əliyevə də bizim münasibətimiz bu idi ki, Elçibəy kursu dəyişməyəcəksə, milli və dövlət maraqlarımıza zidd siyasət aparmayacaqsa, ona dəstək verməyə hazırıq. Amma Heydər Əlieyv gəldi nə etdi: millətimizin adını dəyişdirdi, Azərbaycan MDB-yə daxil oldu, əlavə 7-8 rayon işğal edildi və s. Onda gördük ki, bizə görə, Heydər Əliyev milli maraqlara uyğun siysət aparmır. Ola bilsin, onlara görə uyğun olub, amma bizə görə uyğun deyildi. Bu baxımdan, biz müxalifət mövqeyimizə davam etdik və Heydər Əliyevin hakimiyyəti ilə barışmadıq. Amma indi yeni bir hakimiyyət gələcəksə və bu hakimiyyət bizim arzularımızı, gözləntilərimizi, heç olmasa 30-40 faiz doğruldacaqsa, bizim bu iqtidara dəstək verməməyimiz, yalnız ambisiya ilə bağlı ola bilər ki, mənim ambisiyam var, ambisiyam ödənmədiyinə görə mən ona dəstək vermirəm. Əgər dövlətə yad bir qüvvə gələcəksə, heç onlarla əlaqəm olmasa da, o qüvvə Azərbaycan xalqına nəsə bir xeyir verəcəksə - dövlətçiliyin möhkəmlənməsi, ərazilərin işğaldan azad olunması, xalqın sosial-iqtisadi vəziyyətinin düzəlməsi, dövlətimizin beynəlxalq nüfuzunun artması istiqamətində kiçicik bir addım atacaqsa, biz mütləq onu dəstəkləyəcəyik, kənardan da dəstəkləyəcəyik, tələb olunacağı təqdirdə, prosesə qoşulub daxildən lazım olan dəstəyimizi də verəcəyik. Hər şey iqtidarın aparacağı siyasətdən asılıdır, iqtidarn kimliyindən yox. Biz adların dəyişilməsini tələb etmirik, söhbət şəxsiyyətdən getmir. Bizim nə İlham Əliyev, nə Heydər Əliyev, nə Elçibəy, nə Ayaz Mütəllibov, nə Vəzirov, nə də dövləti təmsil edən digər adamların şəxsiyyəti ilə bağlı heç bir iddiamız olmayıb. Fiziki sağlam adamdırsa, normal düşüncəyə malikdirsə, burda nə idda etmək olar?! Amma aparılan siyasət, bizə görə, xalqa və dövlətə ziddirsə, biz o adamın əleyhinə olmalıyıq. Xalqın və döblətin xeyrinədirsə, biz onun əleyhinə olanda artıq, bizim özümüzün eyibli və qüsurlu olduğumuz üzə çıxır.
Hurriyyet.org