​Mehmanxanaya BOMBA QOYULUB... - Yalançı gəncin işi

Baxış sayı:
2737

Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımovun məhkəmə iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə təqsirləndirilən şəxsin qanuni varisi kimi onun anası Alimə Qasımovanı tanıyıb.
Anket məlumatları dəqiqləşdirilən zaman Elmar Qasımov bildirib ki, ailə həyatı qurmayıb, hərbi xidmət də keçməyib.
Məhkəmənin baxış iclası martın 27-ə təyin edilib.
İttihama görə, bu il yanvarın 2-də saat 21:40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilir./Teleqraf.com