Mehman Əliyev: “Azərbaycan mediasında acınacaqlı vəziyyət yaranıb”

«Mətbuat Azadlığı Günü»ndə Azərbaycan mətbuatının bu günü...
 
Mayın 3-ü «Ümumdünya Mətbuat Azadlığı Günü»dür. Azərbaycan bu günü həbsdə olan jurnlaistləri, müstəqil və müxalif mətbuatın ağır iqtisadi çətinliklər içində çabalaması ilə qeyd edir. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Azadlıq” radiosuna müsahibəsində belə deyir:
«Azərbaycan mediasında bayram əhval-ruhiyyəsi çoxdandır yoxdur. Dəqiq desəm, 1999-cu ildən. 1999-cu ildən mətbuat öz azadlığı uğrunda ölüm-dirim mübarizəsi aparır. Mətbuatın əksər hissəsi hakimiyyətin nəzarətindədir. Əsas maliyyələşməni hakimiyyət edir, cüzi hissəni KİV-ə Dövlət Dəstəyi Fondu. Aysberqin alt hissəsi hamısı qeyri-leqal vəsaitlərdir. Mətbuat iqtisadi azadlığını itirəndən sonra yaradıcı azadlığını da itirir. Faktiki olaraq ictimai nəzarət funksiyasınıda itirir. Bu real durumdur. Hakimiyyətin nəzarətində olan media hakimiyyətin baxışlarını cürbəcür sahələrdə cəmiyyətə çatdırır. Bu gün mətbuat daha çox dezinformasiya ilə məşğuldur. Bu fəaliyyət KİV haqqında qanuna, Azərbaycan jurnalistinin peşə əxlaqi kodeksinə də ziddir. Vəziyyət bundan qabaq da pisləşmişdi. Ancaq indi daha da pisləşib. Azərbaycan mediasında obyektivlik, həqiqət prinsipi, plürailizm, balans kimi məsələlər xeyli pozulub. Televiziya kanallarında bu açıq, çılpaq şəkildə görünür. İnternet portallarında, çap mediasında da belədir. Bax, Azərbaycan mediasında bu cür acınacaqlı vəziyyət yaranıb. Çox dəhşətli bir vəziyyətdir.

«VAXTİLƏ HAKİMİYYƏTƏ TƏKLİF ETMİŞDİK Kİ...»

- Mehman bəy, neçə illərdir Azərbaycanda həbsxanalar jurnalistlərsiz qalmır. Hakimiyyət nümayəndələri isə deyir ki, həbsdə olan jurnalistlər öz peşə fəaliyyətlərinə görə tutulmayıblar.
- Əvvəllər jurnalistlər diffamasiyaya görə həbs olunurdu. Beynəlxalq qurumlar - ilk növbədə ATƏT diffamasiya məsələsini dəfələrlə gündəmə gətirdi. Bu təpkilərdən sonra « Diffamasiya haqda qanun»u qəbul eləməmək üçün hakimiyyət xuliqanlıq, narkotik tipli ittihamlarla jurnalistləri həbs eləməyə başladı. Əsassız ittihamlarla bağlı məhkəmələr də qanuna zidd qərarlar çıxardı. Bu faktdır. Bir məsələ də vardı. Vaxtilə biz hakimiyyətə təklif edirdik ki, hər hansı bir jurnalist həbs olunanda Mətbuat Şurasının üzvləri, media nümayəndələri bu prosesdə iştirak etsin. Bununla da dəqiq bilinərdi ki, həbs olunan jurnalist peşə fəaliyyətinə görə həbs olunub, yoxsa həqiqətən cinayət törədib. Burda müəyyən şəffaflıq tələb olunurdu. Hər dəfə jurnalistlər müəmmalı bir vəziyyətdə həbs olunur. Ona görə də hakimiyyətin bu tipli ifadələri, bəyanatları düzgün deyil. Jurnalistlər daha çox peşə fəaliyyətlərinə görə həbs edilib.

«HAKİMİYYƏTLƏ DANIŞIQ APARMAQ ÇƏTİNDİR...»

- Müzakirələr demişkən, bir neçə il əvvələ qədər siz də daxil olmaqla media liderləri mətbuatın problemlərini hakimiyyət nümayəndələri ilə də müzakirəyə çıxarırdı. İndi necə, bu cür müzakirələrə ehtiyac duyulurmu? Gündəlikdə belə bir plan varmı?
- Yox, yoxdur. Çünki jurnalist təbəqəsi yox dərəcəsindədir. Martın 3-də Elmar Hüseynovun qəbrinin üstünə gedəndə, demək olar ki, heç kəs yox idi. Özü də Elmarın qətlinin 10 illiyi idi. Heç kəs yox idi, mən əvvəl mübarizə aparan jurnalistikanı nəzərdə tuturam. “Azadlıq” qəzetindən vardı, bir də bir neçə nəfər jurnalist. Ancaq bütövlükdə media orada yox idi. O media ki, Elmarın öldürüldüyü gün Beynəlxalq Mətbuat Mərkəzinin zalında kütləvi şəkildə yığışıb etiraz edirdi. Artıq 10 ildən sonra tamam başqa bir mənzərədir. İkincisi, hökumətlə dəfələrlə və kifayət qədər danışqlar aparılıb. Hökumətə kifayət qədər çoxlu konstruktiv təkliflər verilib. Məsələn, Mətbuat Şurasının yaradılmasını biz təklif etmişdik. Bu şuranı yaratmaqla hakimiyyət, media, cəmiyyət arasında əlaqə nəzərdə tutulurdu. Amma hakimiyyət bunu tamam başqa bir şeyə çevirdi. Ona görə də hakimiyyətlə danışıq aparmaq çox çətindir. Hakimiyyət hər dəfə bizi aldadırdı. Danışıqlar gedirdi, ancaq sonra yenə öz siyasətini davam etdirirdi. Bəyanatlardan da, həbs olan jurnalistlərin taleyindən də görünür ki, hakimiyyət bu tipli dialoqu aparmağa hazır deyil. Hakmiyyətin azad cəmiyyət, azad mətbuat, normal siyasi sistemin qurulmasında maraqları yoxdur.

«ELMARIN QƏTLİNİN ÜSTÜ AÇILIB...»

- Siz Elmar Hüseynovun qətlinin üstünün açılacağına inanırsınız? 
- Mən bu qətlin üstünün açılacağına inanıram. Elmarın qətlinin 10 illiyinə bir yazı yazmışdım. O yazıda da qeyd eləmişdim ki, vaxtilə Türkiyədən dəvət olunmuş təhqiqat qrupu bildirmişdi ki, onlar cinayəti açıblar. Sifarişçilərin də adlarını hakimiyyətə çatdırıblar. Ondan sonra xahiş etdilər ki, onlar ölkədən çıxsınlar. Türkiyənin, ABŞ-ın xəbəri var, hakimiyyətin də xəbəri var. Deməli, bu müvəqqəti vəziyyətdir. Deməli vaxt gələcək, bu açılacaq. Açılması qaçılmaz olacaq.
- Bunun üçün hansı şərait olmalıdır?
- Əlbəttə, indi avtoritar sistem var. Mən deyərdim nəinki avtoritar, totalitarizmə yaxın olan sistemdir. Bu sistemin dəyişməsi, yeni münasibətlərin yaranması ona gətirib çıxaracaq ki, bu iş açılacaq. Necə ki, Ukraynada Georgi Gongadzenin qətlinin üstü açıldı. Həmişə sistem, vəziyyət, münasibətlər dəyişəndə istər-istəməz qapalı məsələlər hamısı üzə çııxır. Bunları gizlətmək mümkün deyil.«VAXT ÇATIR, İSLAHATLAR QAÇILMAZDIR...»
- Siz jurnalistlər arasında da, ictimai qurumlar arasında da həm də nikbin bir insan kimi tanınırsınız. Həmişə ölkədə demokratikləşmənin, media azadlığının, insan haqlarının inkişafı ilə bağlı irəliləyişin olacağından çox nikbin danışırsınız...
- Deməzdim, mənim ümidim var ki, sabah prezident çıxacaq, yeni bir siyasi iradə ortaya qoyacaq. İqtisadi problemlər, yaranan maliyyə çətinliklərinin hakimiyyəti islahatlara getməyə məcbur edəcəyini gözləyirdim. Çünki başqa yol yoxdur. İqtisadi problemləri aradan qaldırmaq üçün islahatlara getmək lazımdır. Bizm də neft resursumuz tükənib, bu ciddi problemə çevrilir. İnanıram ki, bu qaçılmaz olur. İqtisadi islahatlar məhkəmə islahatını, müəyyən azadlıqları, siyasi islahatları tələb edəcək. Bunlar zəncirvari məsələlərdir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfdən öhdəliklər məsələsi var. Beynəlxaql təpkilər, beynəlxalq maraqlar məsələsi var. Məsələn, mən görürdüm ki, bu il Şərq Tərəfdaşlıq Proqramı ilə bağlı Azərbaycan yeni saziş imzalayacaq. O sazişin adı strateji modernləşmədir. Modernləşmə nədir? Həmin dəyişikliklər, yuxarıdan inqilab. Yəni, hakimiyyət öz iradəsi ilə belə islahatlar aparmalıdır. Bu bir öhdəlik olacaq. Məsələn, bunun bir yol xəritəsi ortalığa qoyulmalıdır. Sonra bu Avropa Oyunları. Bundan istifadə olunacaq. Azərbaycanın öhdəlik götürdüyü beynəlxalq qurumlar bu yarışlardan istifadə edib hakimiyyətə təsir edəcək. Qarşıda parlament seçkiləri gəlir. Noyabrda Böyük 20-lərin toplantısı var. Bu çox məsuliyyətli bir toplantıdır. İlham Əliyev də ora dəvət olunub, dəvəti qəbul edib. Bunlar hamısı görünür və başa düşülür ki, vaxt çatır. İslahatlar qaçılmazdır».

«2015-Cİ İL: İDARƏ OLUNAN DEMOKRATİYA MƏRHƏLƏSİ»

- Mehman bəy, necə bilirsiniz, neçə ildən sonra Azərbaycanda həbsxanalarda jurnlistlər olmayacaq, media tamamilə azad olacaq?
- Demirəm ki, bu lap tez olacaq. Ancaq bir var böhrana girmək, biri var böhranda olmaq. İndi böhrandır, biz bundan çıxmağa başlayırıq. Mən demişdim ki, 2015-ci il idarə olunan demokratiya mərhələsidir. Yəni, mən inanmıram ki, azad seçkilər olacaq. Ancaq sövdələşməylə, deyək ki, müxalifətə müəyyən yerlər veriləcək. Söhbət yerlərdən getmir, müəyyən proqramın ortalığa qoyulması, islahatların aparılması, yaxın 3-4 ilə Azərbaycanda iqtisadi-siyasi palitranın dəyişməsindən gedir. Bütövlükdə plan ortalığa qoyulacaq. Bu plan çərçivəsində biz demokratiyaya keçidə başlayacağıq. Bu keçid inqilabi yox, idarə olunan formada gedəcək. Hesab edirəm ki, bir neçə il vaxt çəkəcək ki, biz start vəziyyətə çıxaq ki, azad seçkilər keçirilsin. Hər şey ondan başalyır.