Mehman Hüseynovun həbsi kimə lazım idi? - "5-Cİ KOLON" PREZİDENTƏ QARŞI

Sərdar Cəlaloğlu: “Yalnız terroristləri tutanda belə hərəkətlər edirlər...”

Natiq Miri: “Rusiyanın “5-ci kolon”una rəhbərlik edən insanlar prezidentin nüfuzuna ciddi zərbə vururlar”

Natiq Cəfərli: “Bu həbs insanların intenet üzərindən öz fkirlərini açıq şəkildə ifadə etməyin təhlükəli olduğunu bir daha sübut etdi”

Xəbər verildiyi kimi, tanınmış bloger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında polislər tərfindən saxlanılaraq, təzyiqlərə məruz qalıb. Belə ki, M. Hüseynovun dediyinə görə, onun başına torba keçirlib və 3 saat başı aşağı vəziyyətdə saxlanılıb: “Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.
Qeyd edək ki, bir gün sonra məhkəmənin qərarı ilə 200 manat cərimə edilən bloger, daha sonra sərbəst buraxılıb. 
Maraqlıdır, M.Hüseynovun şəhərin mərkəzində 8 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən bir “terrorçu” kimi həbs olunmasına nə kimi ehtiyac vardı? Ümumiyyətlə, gənc blogerin saxlanılarkən başına torba keçirilməsi və polis idarəsində həmin vəziyyətdə saatlarla başı aşağı vəziyyətdə saxlanılması hansı maraqlara xidmət edib? Bu cür səs-küylü həbs hakimiyyət daxilində hansısa qüvvələrin çirkin niyyətlərinə xidmət etməyib?
Bu və digər suallara tanınmış siyasilər və ekspertlərlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 

Adamların başına torba keçirmək nə deməkdir?!”

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, baş verənlər ilk növbədə Azərbyacanda müstəqil məhkəmə sisteminin olmamasından qaynaqlanır:
 
“Hakimiyyətdə özbaşınalıq hökm sürür. Azərbaycanda Konstitusiya qüvvədə deyil. Qanunların hüquqi gücü yoxdur. Bu ərəfədə də beynəlxalq təşkilatların, o cümlədən insan hüquq və azadlıqlarını müdafiə edən təşkilatların Azərbaycana diqqəti azalıb. Ona görə də son vaxtlar həddindən artıq ciddi özbaşınalıq, hüquq pozuntuları müşahidə olunur. Onların da biri jurnalistin bu qaydada həbs olunması, eləcə də “heykəl məhbusları”na ağlagəlməyən ağır cəzaların verilməsi, Əli İnsanovun həbs qəti-imkan tədbirinin uzadılması və din xadimlərinə qarşı aparılan məhkəmə prosesidir”.
ADP sədrinin fikrincə, M.Hüseynov siyasi məqsədlərlə saxlanılıb: “Bu jurnalistin başına gətirilənlər siyasi xarakter daşıyır. Vətəndaşın şəxsiyyət toxunulmazlığı var. Polisin ixtiyarı yoxdur ki, istənilən adamı həbs etsin, istənilən adamın cibini axtarsın, istənilən adamın evinə girsin, yaxud istənilən adamın başına torba keçirsin. İnzibati Məcəllə pozulduğu üçün jurnalistin həbsi heç cür qanuni sayıla bilməz. Hətta əlində silah olan bir adamı yaxalayarkən, Cinayət Prosessual Məcəlləsinin tələblərini pozubsansa, məhkəmənin ixtiyarı yoxdur ki, o adamı həbs etsin. Mütləq həmin adamı azad etməlidir, ondan sonra prosessual qaydada o adam həbs olunarsa, məhkəmənin ixtiyarı var ki, o adamın haqqında hökm çıxarsın. Adamların başına torba keçirmək nə deməkdir?! Cinayət Prosessual Məcəlləsində şəxsiyyət və ləyaqətin qorunması maddəsi var. Şəxsiyyət və ləyaqətin qorunması yalnız azad insanlara aid deyil, məhbusların da şəxsiyyət və ləyaqəti var. Bu, Konstitusiya ilə qorunur. Bizim Cinayət Prosessual Məcəlləsində şəxsiyyət və ləyaqətin alçaldılması cəzası yoxdur. Cinayət Prosessual Məcəlləsinə zidd olaraq bir adamın şərəf və ləyaqətinin alçaldılmasına gətirib çıxardan hərəkətlərlə həbs olunması özü elə cinayətdir. Cinayətə qarşı cinayətkarcasına mübarizə aparmazlar”.
S. Cəlaloğlu qeyd etdi ki, Azərbaycan polislərinin böyük əksəriyyətinin hüquqi təhsili yoxdur: “Böyük əksəriyyətinin Cinayət Prosessual Məcəlləsindən, insan hüquqlarından, beynəlxalq hüquq normalarından, məhbuslarla davranış normaları haqqında beynəlxalq konvensiyadan, Avropa İnsan Haqları Xartiyasından və digər hüquqi sənədlərdən heç bir məlumatları yoxdur. Onlar elə bilirlər ki, kimi istəsə tuta, incidə, başına torba keçirə bilərlər. Başına torba keçirmək nə deməkdir? Yalnız terroristləri tutanda belə hərəkətlər edirlər. Məqsəd də odur ki, hansısa terroristin tutulmasını digər terrorist bilməsin, izlər aradan qaldırılsın. Bu məqsədlə terroristləri tutanda sifətlərini gizlədirlər. Yoxsa, yolda gedən vətəndaşı tut, sonra da başına torba keçir, bu, nə deməkdir?!”
 
“Hakimiyyətdə maraqlı şəbəkələr var ki, onlar cəmiyyətdə qorxu, xof hissi yaradılmasına çalışırlar”

Politoloq Natiq Miri də bu fikirdədir ki, Mehman Hüseynovun qısamüddətli olsa da, həbsi və ona təzyiq edilməsi arzuolunan deyildi:
 
“Açığı, bu, həm Azərbaycan dövləti, həm də cəmiyyətimiz üçün çox problematik bir məsələdir. Çünki bu cür insanlar toplumu aydınlatmaq üçün cəmiyyətdə olan eybəcərlikləri ortaya qoyurlar. Düşünürəm ki, hakimiyyət bundan qorxmalı deyil. Əksinə, bu cür eybəcərlikləri ortalığa çıxarmaqla, bunu yaradan səbəbləri aradan qaldırmalıdır. Hansı ki, biz bunu hakimiyyətin siyasətində görmürük. Düşünürəm ki, hakimiyyət bu cür zor aparatından istifadə etməklə insanları qorxutmaq və bunun digərlərinə də örnək olduğunu göstərmək istəyir. Bu da qətiyyən arzuolunan bir hadisə deyil. Ayrıca, bu cür güc davranışlar hüququn və ədalətin ortadan qaldırılmasına xidmət edir ki, bu da ədalət prinsipinə tamamilə ziddir. 
Onu da nəzərə almaq lazımdır ki, işıqlı insanların, gənclərin bu cür qorxudulması, təzyiqlərə məruz qalması bütövlükdə hakimiyyətin birmənalı siyasəti deyil. Çünki hazırda Azərbaycan hakimiyyətinin özü monolit, yekdil deyl. Bunların içərisində Qərbə inteqrasiyanın tərəfdarı olanlar, inkişaf tərəfdarı olanlar da yox deyil. Ancaq çox təəssüf ki, bu insanların sayı məhduddur. Əksinə, Azərbaycan hakimiyyətində mühafizəkar qanad, xüsusilə də Rusiyanın “5-ci kolon”una rəhbərlik edən, onun üzvü olan insanların sayı daha çoxdur. Hansı ki, onlar bu gün avtoritarlığın nüvəsi olan Rusiya idarəetmə modelini Azərbaycanda ciddi surətdə həm müdafiə, həm də bərqərar edirlər. Bu gün problem məhz bu şəbəkədən gəlir. Ona görə də mən düşünürəm ki, bütün bunların aradan qaldırılması üçün cəmiyyətdə həm iqtisadi, həm də siyasi yöndə ciddi islahatlara başlamaq lazımdır. Bunun müqabilində də Azərbaycan dövləti tədricən demokratikləşər və bu cür gənclərə, demokratik insanlara təzyiqlərin də sayı getdikcə azalar”.
Natiq Mirinin fikrincə, M.Hüseynovun həbsi prezidentin iradəsinə qarşı atılmış addımdır: “Mən düşünmürüəm ki, prezidentin buna xüsusi olaraq ehtiyacı olsun. Əksinə, mən düşünürəm ki, hakimiyyətdə maraqlı şəbəkələr var ki, onlar cəmiyyətdə bu cür qorxu, xof hissinin yaradılmasına, qütbləşmənin çox olmasına çalışırlar. Çünki bu cür antoqonizm və qütbləşmə olduqca, hakimiyyətdə həmin şəbəkəyə ehtiyac da çoxalır. Onlar bu mühitdə özlərini daha rahat hiss edirlər. Amma təbii ki, bu da Azərbaycan prezidentinin beynəlxalq rəydə nüfuzuna ciddi surətdə zərbə vurur. Ona görə, mən düşünmürəm ki, prezident bu məsələdə maraqlı olsun. Əksinə, mən düşünürəm ki, prezident bu məsələdə maraqlı deyil və ölkədə islahatların keçirilməsindən yana olan bir şəxsdir. Və son zamanlar elan olunan strateji yol xəritələrinin beynəlxalq mütəxəssislərlə birgə hazırlanması da göstərir ki, artıq cəmiyyət bu cür islahatlara çoxdan hamilədir, buna ehtiyac var və bu da təbii ki, bilavasitə prezidentin iradəsi ilə ortadadır. Ancaq bunu istəməyən qüvvələr də var. Hansı ki, bu şəbəkə cəmiyyətdə qorxu, xof mühitinin qorunmasında maraqlıdır”. 
Politoloq onu da vurğuladı ki, Rusiyameylli qüvvələr bu cür addımlarla Azərbaycan dövlətinin və prezidentin Qərblə münasibətlərinə zərbə vurmağa çalışırlar: “Bununla həm prezidentin vəziyyətini mürəkkəbləşdirirlər, həm də ona olan xarici münasibəti pisləşdirirlər. Nəticədə prezidentə olan təzyiqlərin fonunda hakimiyyətdə həmin Rusiyayönlü insanlara ehtiyac çoxalır. Axı, başqa cür, demokartik mühitdə Rusiyanın “5-ci kolon”una heç ehtiyac olmazdı. Ona görə, bu cür mühitin olması onlar üçün münbit bir şəraitdir”. 

“Bu həbs “internet azaddır” mifinin dağıdılmasına səbəb oldu”

REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin fikrincə, Mehman Hüseynovla bağlı baş verən hadisə bir daha sübut etdi ki, Azərbaycanda internetin azad olması haqda deyilən sözlər mifdir:
 
“Mehman Hüseynovun özfəaliyyəti internet, sosial şəbəklər üzərindən idi. Fəaliyyətinin də əsas hədəfi yüksək vəzifəli məmurlar idi və onların fəaliyyəti, həyat tərzləri ilə bağlı özünəməxsus şəkidə çəkilişlər aparıb, şərhlər yazıb insanları məlumatlandırmğa çalışırdı. Mehman Hüseynova qarşı belə bir addımın atılması Azərbaycanda internet sahəsində də fəaliyyət göstərmək, intenet üzərindən öz fkirlərini və mövqeyini açıq şəkildə ifadə etməyin təhlükəli olduğunu bir daha sübut etdi, “internet azaddır” mifinin dağıdılmasına səbəb oldu”.
N.Cəfərli hesab edir ki, əslində, dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir Azərbycan vətəndaşı ölkə ərazisində ədalətli münasibətə sahib olmalıdır: “Ədalət hissi ölkədə ən əsas hisslərdən biridir. Biz ölkədə ciddi dəyişikliklər istəyiriksə, ölkənin inkişaf etməyini, ölkədə yaranmış vəziyyətdən tezliklə çıxmağı istəyiriksə, ədalət hissinin formalaşması, ədalətli məhkəmə sisteminin formalaşması çox vacib amillərdən birdir. Bu, istər iqtisadiyyatda, istərsə də syasətdə bəlkə də ən önəmli amildir. Ona görə də 2017-ci ilin həmrəylik kontekstindən yox, ədalət kontekstindən keçməsini arzu edirik. Şəxsən arzu edirəm ki, bu il ərzində məhkəmlərdə işlərinə baxılan insanlara - dilindən, dinindən, irqindən asılı olmayaraq hamıya ədalətli münasibət olsun. Qanunlar çərçivəsində törətdikləri işlərə və əməllərə görə cavab verməli olsunlar. Siyasi sifarişli işlər olmasın. Bu, ölkənin inkişafı, gələcəyi üçün çox vacib amildir. 2017-ci ilin ədalətli bir sistemin qurulmasının başlanğıc ili kimi olması daha vacib idi. Bu ili ölkədə ədalət ili elan etmək daha yerinə düşərdi”.

Hurriyyet.org