​Mehman Hüseynov rüşvət faktı ilə bağlı beynəlxalq missiyaları məlumatlandırdı

Baxış sayı:
1663

Deputatlığa namizəd, bloger Mehman Hüseynov namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı ikinci dairəsində seçkilərə xüsusi diqqət yetirmək çağırışı ilə ATƏT, ATƏT PA və AŞPA müşahidə missiyalarına müraciət edib.
M.Hüseynov bunu onunla əsaslandırır ki, digər namizəd Fərəc Quliyev blogerin onun xeyrinə namizədliyini geri götürməsi üçün M.Hüseynovu ələ almağa cəhd edib. M.Hüseynov həmçinin öz komandasının üzvlərinə təzyiq olduğunu bildirib.
M.Hüseynov ATƏT-in seçkilərdə xüsusi koordinatoru Artur Gerasimov, ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoca-Qjebrea, AŞPA seçki müşahidə missiyasının rəhbəri Frank Şvab, DTİHB, AŞPA və ATƏT PA seçki müşahidə missiyalarının digər üzvlərinə ünvanladığı müraciətdə deyilir:
“Mən, Mehman Hüseynov korrupsiya əleyhinə mübarizə aparan tanınmış bloger, hüquq müdafiəçisi, Azərbaycandan keçmiş siyasi məhbus, həmçinin 31 saylı seçki dairəsindən qarşıdakı  parlament seçkilərinə namizədəm. Mən ələ alınmağıma cəhd hadisəsi barədə məlumat vermək istərdim. Peşə fəaliyyətim və sosial şəbəkələrdəki fəallığım nəzərə alınaraq öz seçki dairəmdə populyar namizədəm. Ona görə də digər namizəd və artıq iki dəfə eyni dairədən deputat olan Fərəc Quliyev  seçkilərdən geri çəkilib ona dəstək olmağımın qarşılığında mənə maddi kompensasiya təklif etdi. Məndə bunu sübut edən dəlillər var, çünki söhbəti yazmışam və açıqlamışam”.
M.Hüseynov həmçinin təəssüflə bildirir ki, hakimiyyət onun komandasının üzvlərini, əsasən də 9 fevral seçkilərini müşahidə edəcək şəxsləri  “bu bazar günü seçki zamanı baş verə biləcək mümkün qanunsuz hərəkətlərə diqqət yetirməkdən əl çəkməsələr qanuni təqib və təzyiq formaları ilə hədələyib”.
M.Hüseynov seçkilərin yaxşı keçirilməsini, mümkün pozuntuların qeydə alınmasını və digər müşahidəçilərin təhlükəsizliyini təmin etmək üçün sözügedən missiyalardan müşahidəçilərin göndərilməsini xahiş edir.
Müraciətin sürəti ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT PA-nın baş katibi Roberto Montelle, ATƏT baş katibi Tomas Greminger, ATƏT DTİHB direktoru İngibyorq Solrun Qisladottir, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir və Azərbaycanın müstəqil Turan İnformasiya Agentliyinə göndərilib.
Fevralın 1-də M.Hüseynov F.Quliyevlə söhbətinin audioyazısını açıqlayıb.
F.Quliyev M.Hüseynova müəyyən şeylər, o cümlədən müalicəsi üçün pul verəcəyini vəd edərək namizədliyini onun xeyrinə geri götürməyi təklif edib.
Blogerin şikayətindən sonra fevralın 5-də MSK F.Quliyevə xəbərdarlıq etməklə kifayətlənib. Eyni zamanda MSK rəhbəri Məzahir Pənahov “bu, son qərar deyil” deyib. Onun sözlərinə görə, baş verənləri prokurorluq da araşdırır və yekun qərar prokurorluğun araşdırmasının nəticələri nəzərə alınaraq qəbul ediləcək.
Fevralın 6-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Facebook səhifəsində yazıb ki, blogerin müraciəti “müvafiq qərar qəbul edilməsi üçün” MSK-ya göndərilib.
Müstəqil hüquqşünaslar birmənalı olaraq bildiriblər ki, F.Quliyevin əməlində cinayət tərkibi var və onun namizədliyi ləğv edilməlidir. /Turan