​ “Mehman Hüseynov ən ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndərilib”

Bloger Mehman Hüseynov Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində məlumat verib.
Bloger bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.
Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Hüseynovun apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb.
M.Hüseynov 2017-ci il yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun işgəncə ilə bağlı şikayətinin prokurorluqda araşdırılması əksini tapıb.
M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.
Bakı şəhər Prokurorluğu Mehman Hüseynovun işgəncəyə məruz qalması şikayət ilə bağlı cinayət işi qaldırmaqdan imtina edib.
Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən məhkəməyə şikayət edib. Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.
Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir. O, hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Hər dəfə onun video reportajları geniş rezonansa səbəb olur, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənir. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.
Hüquq müdafiəçiləri blogerin ölkədə ən ağır şəraiti olan 14 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilməsini “qisas almaq” kimi qiymətləndirir.
Hüquq müdafiəçisi Elşən Həsənov “Amerikanın Səsi”nə bildirib ki, bu blogerə qarşı "qisasçılığın" göstəricisidir.
“Mehman Hüseynov çox populyar adamdır. Yüksək vəzifəli şəxsləri tənqid edir. İndi, tənqid etdiyi vəzifəlilər onun tənqidinin cavabını qaytarır. Mehmanı yalnız cəza kimi oraya göndəriblər”, o qeyd edib.
Həsənovun sözlərinə görə, Mehman Hüseynov Bakının Suraxanı rayonunda qeydiyyatdadır, amma Qaradağ rayonu ərazisindəki cəzaçəkmə müəssisəsinə göndərilib.
“Qanunvericiliyə görə, o yaşadığı rayonun ərazisindəki cəzaçəkmə müəssisəsinə göndərilməli idi. Suraxanı rayonun ərazisində də cəzaçəkmə müəsisisələri var. Blogerin Bakıdan uzaqda yerləşən cəzaçəkmə müəssisəsində yerləşdirilməsi həm də onunla beynəlxalq təşkilatların nümayəndələrinin görüşməməsi səbəbi ilə bağlıdır. Çünki, blogerlə görüşmək üçün beynəlxalq təşkiltalarda maraq hədsiz çoxdur”.
Hüquq müdafiəçisi 14 saylı Cəzaçəkmə Müəssisəsində müşahidə aparıb və oranın yaşayış üçün məqbul olmadığı qənaətindədir.
“Bu müəssisə Qızıldaş qəsəbəsində yerləşir, ətrafı daş karxanalarıdır. Ora hələ Sovet dövründə insan həyatı üçün ən təhlükəli cəazaçəkmə müəssisəsi kimi tanınır. Külək olanda, toz tufanına düşürsən, bir metrlikdə heç nəyi seçmək mümkün olmur. Mən, şəxsən orara müşahidə aparmnışam. Daimi su yoxdur, yayda çox isti olur. Orada sanitar vəziyyət normalaradan çox-çox uzaqdır”, Həsənov qeyd edib.
Hüquq müdafiəçisi Rəsul Cəfərov “Amerikanın Səsi”nə bildirib ki,14 saylı Cəzaçəkmə Müəssisəsi ölkədə ən ağır şəraiti olan, gediş-gəlişi çətin olan müəssisəslərdən biridir.
“İlk növbədə daş karxanalarının aşağı hissəsində yerləşir və daş karxanalarından gələn tozu, kiri ilk növbədə bu müəssisənin məhbusları hiss edir. İkinci su və istilik sistemində ciddi problemlər var, tez-tez su kəsilir, qış aylarında minimum istilik tələbləri təmin edilmir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu cəzaçəkmə müəssisəsi ciddi rejimli müəssisə olub.
“Yəni, oraya daha ağır cinayət törədən məhbusları, asan islah edilməyən məhbusları, ikinci və ya üçüncü dəfə cinayət törədən məhbusları göndərirdilər. Sonradan müəssisəsnin rejimi dəyişdirilsə də, şəraiti dəyişdirilmədi və siyasi məhbusların ora göndərilməsi ilk növbədə onlara daha çox əziyyət vermək məqsədilə həyata keçirilir. Vaxtilə hakimiyyətin sərt münasibəti ilə üzləşmiş şair Mirzə Sakiti, sonradan gənc fəal Bəxtiyar Hacıyevi, 2011-ci ilin 2 aprel mitinqi ilə bağlı həbs edilən Vidadi İsgəndərlini, Şahin Həsənlini, Tural Abbaslını, Əhəd Məmmədlini də məhz həmin Cəzaçəkmə Müzəssisəsinə göndərmişdilər”, o qeyd edib.
Penitensiar Xidmət blogerin 14 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilməsinin səbəbləri barədə hələ açıqlama verməyib.