Mehdiyev rüşvət aldığına görə polis orqanlarından qovulan şəxsə vəzifə verdi - AMEA ƏMƏKDAŞLARINDAN MÜRACİƏT

Baxış sayı:
2681

BŞBPİ-nin keçmiş rəisi Məhərrəm Əliyevin ciddi nöqsanlara görə işdən çıxardığı keçmiş polis əməkdaşı AMEA-da idarə rəisi vəzifəsinə təyin olunub

Bir neçə əvvəl “Ramiz Mehdiyev narkomanı AMEA-da məsul vəzifəyə təyin edib” sərlövhəli yazı dərc etmişdik. Bu yazıdan sonra AMEA-nın bir qrup əməkdaşı tərəfindən redaksiyamıza məktub daxil olub. Adlarının qəzetimizdə açıqlanmasının istəməyən məktub müəlliflərinin sözlərinə görə, AMEA-da aparılan “islahatlar” çərçivəsində akademiya prezidenti Ramiz Mehdiyevin əmri ilə ciddi nöqsanlara görə polis orqanlarından qovulan daha bir şəxsə yüksə vəzifə verilib.
“AMEA-nın prezidenti Ramiz Mehdiyev 1999-cu ildə polis orqanlarından qovulan Ağasiyev Rasim Mizi oğlunu AMEA-nın Rəyasət Heyətinin Hüquq və kadr İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Rasim Ağasiyev 1988-1999-cu illərdə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsində pasport-masa rəisi vəzifəsində işləyib və qeyri-millətləri saxta yolla qeydə almaqla sənədləşdirib. Ona görə də Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin 13.05.1999-cu il tarixli əmri ilə Rasim Ağasiyev işdə yol verdiyi ciddi nöqsanlara görə, tutduğu vəzifədən azad edilib.
İndi o, AMEA-da yoxlama komissiyasının rəhbəri olmaqla, namuslu elm adamlarının şərləyib ləkələməklə məşğuldur”, - deyə məktubda vurğulanır.
Xatırladaq ki, bir neçə həftə əvvəl Bakıda ananın iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özünün də intihara cəhd etmək üçün yerə tullanması faktı gerçəkləşdi.
Tükürpədici hadisə dekabrın 20-də gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28-də baş verib.
Bu barədə Yasamal rayon Prokurorluğunun açıqlamasında bildirilib ki, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, vətəndaş Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atmış, daha sonra isə özünü də həmin yerdən atmışdır. Nəticədə Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalmışlar. Hər üçü ağır kəllə-beyin travması almışlar.
Məlumata görə, hadisənin səbəbkarı Cavid Cəfərov adlı şəxsdir. Zərərçəkmiş ana ilkin ifadəsində əri Cavid Cəfərovun narkoman olmasını, öz azyaşlı övladlarını da narkotikə öyrətməyə səy göstərməsini, həmin gecə məhz adıçəkilən həyat yoldaşının cəngindən qurtulmaq üçün uşaqları ilə birlikdə intihara cəhd etdiyini bildirib.
Xatırladaq ki, Cavid Cəfərovun hadisə günü saxlanılaraq izahatının alındığı, daha sonra sərbəst buraxıldığı iddia edilir. Belə ki, barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Bəs, ata adı ictimaiyyətdən gizlədilən və norkatik istifadəçi olduğu iddia edilən Cavid Cəfərov kimdir?
Demokratik.az saytı bu sual ətrafında araşdırma apararaq müəyyən etmişdi ki, C.Cəfərov bir müddət əvvəl sabiq PA rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq əmrilə AMEA-da məsul vəzifəyə təyin edilib, atası da kifayət qədər tanınmış şəxsdir.
“C.Cəfərovun özü və atası barədə bilgiləri tam dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə çatdıracağıq!”, – deyə sayt yazırdı.
Lakin “Hürriyyət” bu şəxsin kimliyini üzə çıxarmışdı. Belə ki, Bakıda uşaqları ilə birlikdə intihara cəhd edən xanımın narkoman ərinin Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru (ADAU) İbrahim Cəfərovun oğlu olduğu iddia edilir…
AMEA əməkdaşlarının müraciətindən sonra isə belə qənaətə gəlmək olur ki, Ramiz Mehdiyevin apardığı “islahatlar” heç də kadrların savadı, peşəkarlığı əsasında həyata keçirilmir. Görünür, cənab Mehdiyev ya özünə sadiq şəxsləri vəzifələrə gətirir, ya da yaxşı “pul qazanmaq” qabiliyyəti olanları…

İradə MİSLİMOVA
 
Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.