““Medvedev planı” Azərbaycan üçün çox təhlükəlidir” - QABİL HÜSEYNLİ

Baxış sayı:
33838

Aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasındakı görüşdə “Medvedev planı” üzərində müzakirələr aparıldığı yayıldı. Son illər Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nı təklif edirdisə, indi də yeni “Medvedev planı” planı ilə gündəmə gəlib.
Xatırlayırsınızsa, 2011-ci il iyunun 24-də o vaxtı Rusiya prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə Kazanda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında növbəti üçtərəfli görüş olmuşdu. 3 saat çəkən danışıqlar əsas prinsiplərlə bağlı anlaşmanın əldə olunmaması ilə yekunlaşa da, tərəflər bu hədəfə doğru yolda tərəqqi olduğunu söyləmişdilər. O vaxtdan bəri 8 il keçsə də, münaqişə ilə bağlı heç bir tərəqqi olmadığı ortadadır. Məhz buna görə də əsasını “Kazan formulu” təşkil edən “Medvedev planı”nın ortaya atılmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Kazan formulunun mahiyyətində Madrid prinsipləri dayanır. Yəni Dağlıq Qarabağın statusunun qeyri-müəyyən vaxta saxlanması, bölgəyə təmas xətti boyunca sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulur. Bölgəyə sülhməramlı qüvvələr yerləşdiriləndən sonra isə Dağlıq Qarabağı həmişəlik itirəcəyik. Bu baxımdan da bu danışıqların heç bir əhəmiyyəti qalmır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıq ifadə olunması özü də münaqişənin Ermənistanın xeyrinə həll olunmasına gətirib çıxardacaq. Ermənistan bununla ancaq zaman udur ki, bu da onların lehinə işləyir, uduzan tərəf isə ancaq bizik.
Maraqlıdır ki, “Medvedev planı” ilə “Lavrov planı”nın fərqi nədir? Və bu planların hansı daha çox Azərbaycan üçün təhlükəlidir?
““Medvedev planı” mövcud status-kvonun qorunub saxlanılması və boş məsələlərin gündəmə gətirilməsidir”
“Hürriyyət”in sualını cavablandıran keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli dedi ki, “Medvedev planı” Azərbaycan üçün çox təhlükəlidir: “Medvedev planı” mövcud status-kvonun qorunub saxlanılması və sülhyaratma prosesi üçün ikinci, üçüncü dərəcəli, yəni humanitar əlaqələr, millətlərin sülhə hazırlanması məsələsi və.s kimi içi boş məsələlərin gündəmə gətirilməsidir. Bu da danışıqlar prosesini yerində saymasına gətirib çıxaran amillərdən biridir”.
 
“Danışıqların Vyana, eləcə də Moskva variantı nəticəsiz danışıqlardır”
 
“Bəs, bu təhlükəli, Azərbaycanı uzunmüddətli bir vaxta sürükləyən planla bağlı Azərbaycan tərəfi niyə müzakirələrə gedir” sualına Q. Hüseynli belə cavab verdi: “Bu sualın birbaşa nazirə ünvanlamalıdır. Mən nə bilim. Azərbaycan danışıqlar prosesindən imtina edə bilməz, o saat yarlıq yapışdıracaqlar ki, Azərbaycan müharibə variantını seçir. Çünki ölkə prezidenti bəyan edib ki, nəticəsiz danışıqlardan imtina ediləcək. Danışıqların Vyana, eləcə də Moskva variantı nəticəsiz danışıqlardır. Bir sıra məsələlərin müzakirəsinə baxmayaraq nəticəsiz danışıqlardır. Yəqin ki, Azərbaycan tərəfi ermənilərin nazı ilə oynamayacaq və ola bilsin ki, bundan sonra nəticəsiz danışıqlara gedilməsin”.
 
“Minsk Qrupunun həmsədrləri çox prinsipsiz hərəkət edirlər”
 
“Minsk Qrupunun həmsədri təkcə Rusiya deyil, Fransa və Amerikada bu məsələdə həlledici rol oynayır. Maraqlıdır ki, münaqişə ilə bağlı Minsk Qrupunun niyə vahid planı yoxdur, məhz Rusiya bu məsələyə nəzarət edir” sualına gəlincə, Q. Hüseynli qeyd etdi: “Bunlar danışanda deyirlər ki, postsovet məkanındakı bütün münaqişələri Rusiya yaradıb və ona görə də bu münaqişələrin həlli üçün eyni yanaşma metodu tətbiq edilməlidir. Amma müəyyən həll variantı meydana çıxanda görürsən ki, Dağlıq Qarabağ problemi üçün fərqli bir şey ortaya atırlar. Ona görə də Minsk Qrupunun həmsədrlərindən danışanda demək lazımdır ki, onlar çox prinsipsiz hərəkət edirlər”.
 
“Azərbaycanın üçün böyük məsələ Avropa Birliyi ilə sazişi imzlamaqdır”

 
“Amerika, Fransa bu məsələdə prinsipsizdirsə, biz daima Rusiyanın planı ilə hərəkət edəcəyik” sualını Q. Hüseynli belə cavablandırdı: “Belə görünür ki, Dağlıq Qarabağ və onun ətrafındakı torpaqları Rusiya özünün torpaqları hesab edir və bu topaqlarla bağlı sülh danışıqlarının sərəncamçısı kimi çıxış edir. Ona görə də bu məsələ çətindir. Azərbaycan üçün çox çətindir ki, Rusiyanı bu dağıdıcı mövqeyindən əl çəkindirməyə nail olsun. Ona görə də Azərbaycanın üçün böyük məsələ Avropa Birliyi ilə sazişi imzlamaqdır. Saziş imzalanandan sonra Avropa Birliyinin timsalında möqeyini müdafiə edən daha güclü və kifayət qədər çəkisi olan bir birlik ortaya çıxacaq ki, yeri gələndə ondan istifadə edib, Rusiyanın destruktiv mövqelərini neytrallaşdırmaq mümkün olacaq. Biz bu istiqamətdə fəal işləməliyik”.
 
“Nə “Medvedev planı”, nə də “Lavrov planı” danışıqların ədalətli həllinə xidmət edə bilməz”

 
Q. Hüseynli nəzərə çatdırdı ki, Medvedev “Kazan düsturu”nu sonradan ora əlavə edib: “Aprel müharibəsindən, Azərbaycan ordusunun zəfər yürüşündən sonra Medvedev Azərbaycana gəldi və göstərdi ki, bu bölgədə problemin dondurulması daha əlverişli variantdır. Sonradan müzakirələr ortaya çıxanda “Kazan düsturu”nu “Lavrov planı” kimi, arada bir də “Medvedev planı” kimi ortaya atmaq istəyirlər. Heç bir “Medvedev planı”, “Lavrov planı” yoxdur. Sadəcə olaraq 5 rayonun mərhələ-mərhələ Azərbaycana qaytarılması məsələsi ortaya atılıb və bunun qaytarılma prosesində şərt qoyurlar ki, Dağlıq Qarabağa yüksək status verilsin. Lavrov son zamanlar “status” terminindən imtina edib, əvəzinə bölgəyə sülhməramlı rus qoşunlarının yeridilməsini istəyir. Bu, ondan da pisdir. Ona görə də nə “Medvedev planı”, nə də “Lavrov planı” danışıqların ədalətli həllinə xidmət edə bilməz”.
 
Şamo EMİN, Hurriyyet.org